15 Fevral 2021 15:54
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırıqları və şəxsi nəzarəti ilə Böyük Qayıdış üçün fasiləsiz, gərgin yenidənqurma işləri həyata keçirilir. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqları xüsusi önəm kəsb edir. Artıq azad olunmuş ərazilərdə tikinti, quruculuq işlərinə start verilib. Sözsüz ki, ərazilərə vurulmuş ziyanın hesablanmasından sonra məsələnin hüquqi müstəviyə daşınması prosesi gedir. Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərinə vurduğu ziyana görə beynəlxalq hüquq müstəvisində cavab verəcək. Bununla da bütün dünya Ermənistanın işğal, dağıdıcı və vandalizm siyasəti ilə bir daha yaxından tanış olacaq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, artıq Kəlbəcər-Laçın zonası üzrə bərpa olunan enerji mənbələri yaradılır:

“Bu ərazilərdə su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şərait mövcuddur. Vaxtilə bu ərazilərdə çoxsaylı stansiyalar qurulub. İşğal düvründə ermənilər onlardan istifadə edib. Lakin kapitulyasiyadan sonra bütün stansiyalar dağıdılıb və yararsız hala gətirilib. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün stansiyaları bərpa edəcək. Artıq Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün birinci mərhələ başa çatıb. Hazırda Şuşada elektrik yarımstansiyası inşa edilir. Azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası Laçının Güləbird kəndindəki su elektrik stansiyasıdır. Eyni zamanda Laçında dağıdılmış daha 4 SES bərpa edilir. Paralel olaraq Kəlbəcərdə 12 SES yenidən qurulur. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının isə tikintisi bölgədə enerjiyə olan tələbatın qarşılanmasına imkan yaradacaq”.

Cavid Osmanov qısa zamanda işğaldan azad olunmuş ərazilərdə generasiya gücünün 240 meqavata çatdırılacağını bildirib:

“Bu, bölgə üçün böyük gücdür. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcək. Cənab Prezidentin də vurğuladığı kimi Qarabağ “yaşıl enerji” zonasına çevriləcək”.

Deputat təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun strateji əhəmiyyətindən bəhs edib:

“Bu, azad edilmiş torpaqlara vətəndaşların gəlməsi, yüklərin daşınması, həm də Naxçıvanla əlaqənin təmin edilməsi baxımından mühüm layihədir. Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan dəmir yolu ilə bir-birinə bağlanacaq. Beləliklə, Azərbaycanın strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq. Bununla BTQ-dən sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq”,


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər