Yeni Azərbaycan Partiyası bundan sonra fəaliyyətini müasir çağırışlara uyğun həyata keçirəcək. YAP-ın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması partiyanın sədri tərəfindən idarə heyəti qarşısında bir tapşırıq kimi qoyulub.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədri Tahir Mirkişili deyib.
Komitə sədrinə görə, YAP rəhbərliyi dünyada baş verən ən son yeniliklər haqqında düşünür:
“Məhz bu yeniliklər təhlil edilir və buradan gələn çağırışlara uyğun istiqamətdə fəaliyyət proqramı müəyyənləşir. Bu, kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə axır, dövür sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar var. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək vəzifə borcumuzdur. Bu, eyni zamanda bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır”.
Tahir Mirkişilinin fikrincə, bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir:
“Təkcə partiyaların yox, insanlar arasında geniş ünsiyyətin qurulmasının tarixinə nəzər salsaq, görərik ki, kollektiv iştirak, dəyərləri paylaşmaq, informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən internetdir. Ona görə də bu gün siyasi partiyaların ən böyük rəqibi əslində siyasi səhnənin yeni aktorlardır. Bu aktorlar internet platformaları-blogerlik fəaliyyəti, insanların öz fikirlərini çox qısa bir müddətdə milyonlara yaymaq bacarığıdır. Bu tamamilə yeni bir reallıqdır. Nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Reallığı daha çox araşdırmaq, qəbul etmək, onun üstün və mənfi cəhətlərini müəyyənləşdirmək əsas şərtdir. Bu vasitəni öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaları düzgün, hansı informasiyaların yalan olduğunu seçmək qabiliyyətini artırmalıyıq. Bu, eyni zamanda dövlətin qarşısında duran çox mühüm bir vəzifədir. Qurultayda qəbul edilən qərarlar partiyada olan siyasi ardıcıllığın bariz nümunəsidir. YAP Veteranlar Şurası yarandı. Onların təcrübəsindən istifadə etmək, gənc qüvvələr vasitəsi ilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasını təmin etmək olduqca vacibdir. Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək qarşıda duran əsas çağırışlardandır. YAP müasir texnologiyalar vasitəsi ilə yeni gündəlik yarada bilən, ideyalar və dəyərlər yayan bir partiya olmağı qarşısına hədəf qoyub”.
Deputat qeyd edib ki, partiya siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin daha da püxtələşməsi kimi bir vəzifəni qarşısına qoyub:
“Bu indiki dövrdə çox mütərəqqi bir vəzifədir. YAP partiya sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqla Ulu Öndər Heydər Əliyevin “Gələcəyin Partiyası olmaq” missiyasını əzmlə davam etdirəcək”.