Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın atdığı addımlar, həyata keçirdiyi diplomatik tədbirlər və Azərbaycan Prezidentinin bu təşkilatın yüksək kürsülərində səsləndirdiyi bəyanatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan üçün daha əlverişli mühitin yaranmasında böyük rol oynadı. Hər şeydən əvvəl bizim üçün vacib olan odur ki, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının bütün toplantılarında, o cümlədən 2018-ci il aprelin 3-dən 6-dək Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransında etdiyi çıxış münaqşənin həlli istiqamətində ölkəmizin nə qədər doğru yolda olduğunu bir daha sübut etdi.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev bildirib.
O qeyd edib ki, dövlət başçımız Azərbaycanın ərazi bütövlüyünün heç bir halda müzakirə mövzusu olmayacağını, münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu söylədiyi mötəbər tribunalardan biri məhz Qoşulmama Hərəkatının sözügedən toplantısı idi:
“Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıdakı çıxışının əsas istiqamətləri, dövlət başçısının Ermənistan-Azərbaycan münaqişəsinə dair verdiyi tarixi mesajlar artıq icra olunub. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatı ən böyük universal təşkilat olan BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük platformadır. Sözsüz ki, cənab Prezidentin Dağlıq Qarabağ münaqişənin həlli prinsipləri barədə verdiyi bəyanatlar ölkəmiz üçün əlverişli beynəlxalq mühitin yaranmasında olduqca böyük rol oynadı. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın Qarabağ missiyası bütün dünya üzrə qalib gəldi. Ölkəmizin münaqişəni həll etməsində Qoşulmama Hərəkatı çərçivəsində aparılan işlər böyük rol oynadı”.
Müsahibimiz Qoşulmama Hərəkatının Vətən müharibəsi dövründə Azərbaycana verdiyi dəstək barədə də danışıb. Deyib ki, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında hazırlanan və Azərbaycanın maraqlarına cavab verməyən qətnamənin qəbuluna Qoşulmama Hərəkatının və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan ölkələrin imkan verməməsini heç vaxt unutmaq olmaz:
“Bu da çox maraqlı bir tarixdir. Vətən müharibəsinin ən qızğın çağında – oktyabrın 19-da BMT TŞ-da Azərbaycanın həmin andakı uğurlu vəziyyətinə o qədər uyğun gəlməyən qətnamə layihəsinin TŞ-da bloklanmasında Qoşulmama Hərəkatı üzvlərinin fədakarlığı böyük rol oynadı. Hərbi əməliyyatların Azərbaycan üçün yüksəliş dövründə olarkən dayandırılmasına çağıran bu qətnamə layihəsinin dünyanın böyük dövlətlərinin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mənafeyinə uyğun olmasına baxmayaraq Qoşulmama Hərəkatı üzvlərinin məhz Azərbaycanın ətrafında sıx birləşməsi və mövqe nümayiş etdirməsi bu ziyanlı qətnamənin qarşısının alınmasında mühüm rola malik oldu. Onlar böyük dövlətlər tərəfindən hər cür təzyiqlərə məruz qalsalar da kişi kimi öz sözlərinin üstündə duraraq sonadək Azərbaycana dəstək verdilər və bu ziyanlı qətnamənin keçməsinin qarşısını aldılar”.
Politoloqun sözlərinə görə, Qoşulmama Hərəkatı-Azərbaycan əməkdaşlığı son illərdə xeyli güclənsə də bu gün həm Qoşulmama Hərəkatının özünün, həm də beynəlxalq münasibətlər tarixində qırmızı xətlə keçir: “Azərbaycanla Qoşulmama Hərəkatının münasibətlərinin nə qədər uğurlu tandem olduğuna artıq dünyada hamı əmindir”.
Aydın Quliyev deyib ki, Azərbaycan da Qoşulmama Hərəkatına çox böyük töhfələr verib:
“Eynilə biz Qarabağ məsələsinin həllində dünyanın vahid dəstək mövqeyinə gəlməsində Qoşulmama Hərəkatının rolunu yüksək dəyərləndiririk və dəyərləndirməliyik”.