Ermənilərin Şuşa şəhərinə dağıdıcı gücə malik “İsgəndər-M” raketi atması artıq bir fakt kimi təsbit olunub. Bu, Ermənistanın insanlıq əleyhinə müharibə cinayətləri törətməsini bir daha sübut etdi. Atılan raketin Rusiya silahlı qüvvələrinin balansında olması da ayrıca mühüm məsələlərdən biridir. Rusiya Ermənistanla birlikdə beynəlxalq hüquqi məsuliyyət daşıyır. Federal Təhlukəsizlik Xidmətinin Rusiyaya məxsus raketin Ermənistanın əlinə necə düşməsi barədə istintaqa başlaması heç nəyi dəyişmir. Əvvəllər Rusiya tərəfindən Ermənistana silah-sursat verilməsi barədə bir neçə dəfə nəticəsiz belə araşdırmalar aparılıb. İndiki araşdırma da əvvəlkilər kimi heç nə ilə fərqlənməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “İsgəndər-M” raketi haqqında danışarkən deyib.
Partiya sədri əlavə edib ki, Azərbaycana qarşı törədilən cinayətlərin araşdırılması üçün beynəlxalq tribunalın yaradılması məsələsi beynəlxalq təşkilatlar qarşısında rəsmən qaldırılmalıdır:
“Bunun üçün Azərbaycan bir dövlət kimi BMT Təhlükəsizlik Şurasına rəsmən müraciət etməlidir.
Həmçinin, raket məsələsində Kremlin də məsuliyyətinin olduğunu nəzərə alaraq 10 noyabr bəyanatınınn hələ də həllini tapmayan qalan bəndlərinin həyata keçirilməsinə nail olmaq istiqamətində Rusiya ilə razılaşmaya getmək mümkündür. Ermənistan silahlı qüvvələri, erməni silahlı birləşmələri son nəfərinədək Azərbaycan ərazisindən çıxarılmalı, Naxçıvan dəhlizi açılmalı, minalanmış ərazilərimizin xəritələri Ermənistandan alınmalı və bəyanatdan irəli gələn digər məsələlər tezliklə həll olunmalıdır".