Bu gün Ermənistandakı durum o qədər qarışıqdır ki, proseslərin hansı məcraya doğru gedəcəyini də proqnozlaşdırmaq olmur. Hərbi canilər, sabiq prezidentlər R.Köçəryan və S.Sərkisyan hazırda məğlub erməni cəmiyyətində özlərini göstərməyə çalışır. Hər iki cani ilə bağlı erməni cəmiyyətində münasibət birmənalı deyil. Artıq erməni cəmiyyətində Qarabağ klanının yarıtmazlığından cana doyublar. Bu günlərdə bir erməni politoloq Azərbaycan Prezidentinə müraciət edib ki, bu Köçəryanla, Sərkisyan Qarabağlıdır. Bunları həbs edin. Çünki bu iki hərbi caniyə qarşı Azərbaycan qanunvericiliyində cinayət işi mövcuddur.
Bu fikirləri Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professora görə, hazırda Köçəryan öz oğlunu parlamentə üzv etməyə çalışır:
“O özü də olmasa, oğlunun əli ilə müəyyən proseslərdə yer almağa can atır. Köçəryan heç bir partiyanın üzvü deyil. Seçkilərdə partiya sistemi olduğu üçün Köçəryanın hansı formada qatılacağı da suallara yaradır. Seçkiyə az qalmış bir müddətdə onun hansısa bir siyasi qüvvə ilə meydana çıxması mümkün görünmür”.
Deputatın fikrincə, hazırda erməni cəmiyyətində kapitulyasiyaya imza atmış Paşinyana az-çox dəstək mövcuddur:
“Amma kənardan hansısa bir dəstəyin olması birmənalıdır. Moskvadan ciddi siyasətçilərin Köçəryanı dəstəkləməsi gözlənilən deyil. Baxmayaraq ki, Rusiyada yaşayan ermənilərin mütləq əksəriyyəti Paşinyanın əleyhinədir. Qərb isə zamanında Paşinyana açıq dəstək verib. Ona görə də parlamentdə Paşinyanın təmsilçiliyi mümkün görünür. Amma ən sonda kimin baş nazir seçiləcəyini indidən proqnozlaşdırmaq dəqiq olmaz”.
Ağsaqqallar Şurasının sədri bildirib ki, Azərbaycan 10 noyabrda imzalanmış bəyanatın müddəalarını icra edir:
“Kommunikasiyaların açılması və digər işlərin icrası üçün ilkin addımlar atılıb. Moskva görüşündə Paşinyana da bir daha bunun vacibliyi vurğulanıb. Erməni baş nazir Moskvaya daha çox yardım almaq sifətində getmişdi”.
Eldar Quliyev vurğulayıb ki, Qarabağ klanının yenidən Ermənistanda siyasi hakimiyyətə gəlməsi qeyri-realdır:
“Köçəryanın yenidən siyasi hakimiyyəti ələ almaq imkanları isə sıfıra bərabərdir”.