İndi dünyada yaranan vəziyyət müəyyən anlamda “Soyuq müharibəni” xatırladır. Hadisələr göstərir ki, əslində tamamilə “Soyuq müharibə” küləkləri əsməyə başlayıb. Əsən bu küləkləri də durumu SSRİ ilə Qərb dünyası arasında bir zamanlar mövcud olmuş “Soyuq müharibə” dövrünə bənzədir. Qeyd edim ki, SSRİ ilə ABŞ arasında bir zamanlar müşahidə olunan “Soyuq müharibə”nin iki xarakterik cəhəti var idi. Birincisi, kollektiv formada Qərb sərt şəkildə SSRİ-nin qarşısını almaq, onu dayandırmaq üçün strategiya yeridirdi. Digər tərəfdən də dialoq qapısını açıq saxlayırdı. Yəni bir tərəfdən ona hərtərəfli təzyiq və basqı edirdi, digər tərəfdən də dialoq qapılarını da qapalı saxlamırdı.
Bu fikirləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında ötən gün axşam baş tutan telefon müzakirəsini şərh edərkən deyib.
Sülhəddin Əkbər hesab edir ki, ABŞ başda olmaqla Qərb bu siyasətin effektivliyini gördüyündən yenidən Rusiya ilə bağlı həmin siyasətə dönüş edir:
“Mənim ilkim təəssüratım belədir ki, bir tərəfdən sərt şəkildə Rusiyanı durdurmaq, aqressiv xarici siyasət aparan Moskvanın qarşısını kəsmək, digər tərəfdən də onu çıxılmaz vəziyyətdə qoymamaq və proqnozlaşdırılmayan hərəkətlərə sövq etməmək üçün dialoq qapısını açıq saxlayırlar. Fikrimcə, bu, çox incə və həssas siyasətdir. Üstəlik uzun müddətə hesablanan siyasi strategiyadır. Mən hazırda ABŞ-ın Putin Rusiyasına qarşı yönəlik siyasətini bu cür görürəm”.