“Rusiya Qarabağdakı 44 günlük müharibədə sakit şəkildə kənarda durmamışdı. Rusiya oktyabrın əvvəlində BMT Təhlükəsizlik Şurasında Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə qəbul etdirmək istədi. Eyni zamanda, son otuz ildə olduğu kimi 44 günlük müharibədə də, Ermənistana hər cür silah-sursat dəstəyi verdi. Məsələn, Azərbaycana satışının qadağan edildiyi sistemləri Ermənistana satdı”.
Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Rusiya Liberal Demokrat Partiyasının lideri deyir ki, Ankara bir sıra regional proseslərdə Moskvaya mane olur. Jirinovskinin bu açıqlamasını necə izah etmək olar? Hər halda siyasi çevrələrdə Jirinovski “Putinin sözünü deyən şəxs” kimi ad çıxarıb, yəni dedikləri təsadüfi olmamalıdır.
- Jirinovski hər nə qədər odioz bir tip olsa da, Rusiya təhlükəsizlik dairələrinə və hökumətinə yaxın məlumatlı şəxs, eyni zamanda, digər rusiyalı rəsmilərdən fərqli olaraq sirr saxlamağı bacarmayan adam kimi bu fikirlərini ciddi qəbul edirik. Bu suala cavab verməmişdən əvvəl Rusiya və Türkiyənin Cənubi Qafqaz, Liviya, Ukrayna və digər regional məsələlərlə bağlı fəaliyyətlərinə diqqət yetirmək lazımdır. Liviya və Yaxın Şərqlə bağlı digər məsələlərdə Türkiyənin milli və dövlət təhlükəsizliyi maraqları var. Türkiyə bölgədə son illərdə regional güclərlə yanaşı, qlobal güclərin də sıxışdırılmasında birbaşa iştirak edən qüvvədir. Bura ABŞ, NATO və Avropa Birliyinə daxil olan dövlətlər, eləcə də Çin və Rusiya daxildir. Türkiyə bölgədə bu qüvvələri özü ilə hesablaşmağa məcbur edən siyasət yürüdür. Beş il əvvəl Türkiyənin bu ağır yükün altına niyə girməsi suallar yaradırdısa, indi bu suallar özünə cavab tapır.
Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz da böyük güclərin geosiyasi mübarizəsində xüsusi önəm kəsb edir. Cənubi Qafqaz Qərbdən Şərqdə, Şərqdən Qərbə, o cümlədən, bu istiqamətlərdən Yaxın Şərqdə keçid qapısını rolunu oynayır. Belə bir strateji əhəmiyyətə malik olan bölgə Yaxın Şərqdəki prosesləri nizamlayan və diktə edən güc kimi Türkiyənin də diqqətindədir. Beş il əvvəl Türkiyənin burada öz təsir gücünü artıracağı ehtimal edilirdisə, biz indi bunu açıq şəkildə görürük. Əlbəttə, Türkiyənin Cənubi Qafqazdakı rolu və siyasəti ona qardaş ölkə olan Azərbaycanla uzlaşdırılır. Təbii, Türkiyənin Cənubi Qafqazda dövlət və milli maraqları da var. Türkiyə Cənubi Qafqazdan - Şərq və Qərb arasında keçən nəqliyyat və enerji xətlərində pay almağa hesablanan bir siyasət yürüdür.
Türkiyənin bu gün Cənubi Qafqazda güclənməsini əsaslandıran siyasi amillər var. Türkiyəni uzun illər “daxili demokratiya” məsələsi ilə başını özünə qatmışdılar. Türkiyədə sekulyar cəmiyyət formalaşdırmaq üçün dini həm ideoloji, həm də fundamental olaraq arxa plana keçirmişdilər. Türkiyədə əksəriyyətin qəbul etmədiyi ideologiya əsasında bir dövlət qurmağa çalışırdılar. Əlbəttə, bu, Türkiyəni daxildən zəiflətmişdi. Daxildən zəif olan dövlətlərin həmişə başları özlərinə qarışır və qlobal proseslərdə rol almaq üçün imkanları olmur. Türkiyə də uzun bir dövrdə daxili problemlərin həlli ilə məşğul idi, hətta qlobal səviyyədə oyunçuluğu unutmuşdu. Məsələn, Türkiyə 1980-90-cı illərdə yürütdüyü siyasət ondan ibarət idi ki, özünün daxili problemlərini həll etsin, nəinki qonşuların. İndi də Türkiyə daxilindəki siyasi qüvvələr, istər CHP olsun, istər digərləri – AKP-ni regional proseslərdəki roldan çəkindirməyə çalışırlar. Bir sözlə, xarici güclər Türkiyə daxilindəki müxtəlif mədəniyyət və ideologiyaları daşıyıcılarından qaynaqlanan problemlərin üzərindən bu dövləti zəiflədirdilər.
- Bəs sonra nə dəyişdi?
- Artıq 2000-ci illərin əvvəllərindən başlayaraq, Türkiyə hökuməti cəmiyyətdə əsas üstünlüyə malik olan inancın nümayəndələrini öz ətrafında birləşdirə bildi. Bu, AKP hökumətini daxildə o qədər gücləndirdi ki, həm Türkiyə qlobal güc kimi önə çıxmağa imkan tapdı, həm də buna şərait yaradıldı.
Ukrayna və ya Cənubi Qafqaza, belə deyək, Türkiyənin Rusiyaya mane olduğu bölgələrə gəldikdə, məsələn, Ukraynanın ilhaq edilmiş Krım bölgəsində yaşayan insanların böyük əksəriyyəti türk kökənlidir. İndi Krımda rusların vaxtilə - 1970-60-cı illərdə Qarabağda həyata keçirdiyi siaysətin təkrarlandığını görürük. Məsələn, ermənilər qəribə tərzdə Krasnodardan Krıma köçürülür. Krımın yerli əhalisi Maqadan, Arxanegelsk və digər vilayətlərdə Rusiya pasportları ilə qeydiyyata alınırlar. Qəribə tərzdə Kirakosyan, Marqarita Simonyan və onun ailəsinin, eləcə də ona yaxın olan Vardanyan kimi erməni iş adamlarının maliyyələri Krımın turizm və biznes sektorlarına cəlb olunur. Ermənilərin əvvəlcə maliyyələri, sonra da özləri ora gedəcəklər. Zaman-zaman Krımda ruslaşdırma siyasəti həyata keçirən Rusiya indi oranı erməniləşdirməyə çalışır.
Rusiya açıq şəkildə Krımın yerli əhalisini assimilyasiyaya məruz qoyur. Əlbəttə, Rusiya onları öldürmür, amma elə şərait yaradır ki, insanlar Krımdan qaçaraq, başqa ölkələrə üz tuturlar. Qalan boş yerlərdə də Rusiya tərəfindən istənilən formada doldurulur. Maraqlıdır ki, indi ermənilər təkcə Krımda yox, Luqansk və Donetskdə də öz pulları hesabına “Rusiya günləri” keçirirlər. Türkiyənin də Krımda baş verən bu proseslərdən narahatlığı var. Bu baxımdan, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfəri diqqət çəkdi. Bu səfər çərçivəsində Türkiyə və Ukrayna arasında 20 bəndlik bir razılaşma imzalandı. Bu razılaşmanın Rusiyanı narahat edən bir neçə bəndi var. Bu bəndlərə görə, Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstək verir, üstəgəl, Türkiyə hərbi əməkdaşlıq çərçivəsində Ukraynanın maraqlarını təşviq edir. Rusiyaya görə, bu təşviq Ukrayna dövlətinin güclənməsinə yox, onun ərazi bütövlüyünün bərpa edilməsinə yönəlib.
- Bəs Türkiyə Rusiya ilə rəqabətdə nə qazanır?
- Bir məqam da var ki, Türkiyə Rusiyanın maraq dairəsində olan bölgələrdə onun qarşısına çıxmaqla, Moskvanın Türkiyə daxilindəki fəallığını da bloklaşdırır. Hər kəsə bəllidir ki, Rusiya təhlükəsizlik dairələri uzun illərdir “kürd proqramı”ndan Türkiyəyə qarşı istifadə etməyə çalışır. İndi Türkiyə Rusiya ilə üz-üzə qaldığı məqamlarda onun bu kimi fəaliyyətlərinin önünə keçir. Jirinovskinin nə deməsindən asılı olmayaraq, Türkiyənin bu addımları həmin problemlərdən qaynaqlanır. Yəni Türkiyə Rusiyaya münasibətdə özünü müdafiə edir.
Qarabağa gəldikdə, Türkiyə və Azərbaycan indi bir-birinə yaxın, dost və qardaş ölkələrdir. Amma XV əsrdə Türkiyə və Azərbaycan münasibətlərinin korlanması hər iki dövləti bu bölgədə zəiflədib. Ən çox zəifləyən də Azərbaycan olub. Bunun nəticəsində Azərbaycan öz tarixi ərazilərinin böyük hissəsini itirib. İndi Rusiya qalan torpaqları da Azərbaycana çox görür, ən azı belə görünür. Qarabağda gedən proseslər onu göstərir ki, Rusiya çirkin oyunla məşğuldur. Hətta özünün maraqlarının əleyhinə oynayır. Eyni zamanda, Cənubi Qafqazda təhlükəsizliyi hədələyəcək formada gedişlər edir.
Jirinovskiyə gəlincə, o, Rusiyada Türkiyə və Azərbaycanın müştərək fəaliyyətindən narahat olan dairələrə bağlı siyasətçidir. Jirinovski özü çox yaxşı türkoloqdur və türk dilini çox yaxşı bilir, eləcə də türk təbiətinə bələddir. O bilir ki, Azərbaycanla ittifaq Türkiyəni bölgədə daha güclü edir.
- Qeyd etdiyiniz kimi, Jirinovski açıqlamasında Qarabağ məsələsinə də toxunub. Sual yaranır ki, Türkiyə Rusiyanın Qarabağda hansı planına mane oldu və ya olur?
- Əslində, deyilənin əksinə olaraq, Rusiya Qarabağdakı 44 günlük müharibədə sakit şəkildə kənarda durmamışdı. Rusiya oktyabrın əvvəlində BMT Təhlükəsizlik Şurasında Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə qəbul etdirmək istədi. Eyni zamanda, son otuz ildə olduğu kimi 44 günlük müharibədə də, Ermənistana hər cür silah-sursat dəstəyi verdi. Məsələn, Azərbaycana satışının qadağan edildiyi sistemləri Ermənistana satdı. Rusiya Cənubi Qafqaz və ya Azərbaycandakı maraqları nəzərə alaraq, bir qədər özünü kənarda dururmuş kimi göstərdi. Amma əlaltından öz işini görürdü.
Hərbi əməliyatların gedişində bir çox ərazilərimiz işğaldan azad edildi. Sonra aydın oldu ki, Azərbaycan ordusu Şuşaya girir, bu, Rusiya üçün narahatlıq yaradan məqam oldu. Şuşanın azad edilməsi həlledici məqam idi. Yəni Rusiyada Şuşanın azad olunmasını gözləmirdilər.
Rusiya indi Azərbaycan daxilində hibrid oyuna əl atıb. Rusiya Qarabağda sülhməramlı missiya adı altında humanitar fəaliyyətlərdən çox siyasi oyunlar oynayır. Beynəlxalq təşkilatlar və ya tərəfdaşları, eləcə də Bakının dəfələrlə “bizə lazım deyil” dediyi ATƏT-in Minsk qrupunu da bura cəlb edərək, Azərbaycana qarşı təzyiq və təsir alətləri formalaşdırır. Yəni Rusiyanın Qarabağla bağlı başqa planları var. Bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək planları ilə uzlaşmır. Türkiyə də buna mane olur. Məsələn, Ağdamda fəaliyyət göstərən birgə Rusiya-Türkiyə monitorinq mərkəzi üzdə görünməsə də, daxildə çox dərin işlər görür. Rusiya da çalışır ki, öz məqsədlərini rahat həyata keçirə bilmək üçün Türkiyə prosesdən kənarda qalsın.