Beynəlxalq hüquq üzrə mütəxəssis, professor Rüstəm Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onun müsahibəni təqdim edirik:
- Rüstəm müəllim, ABŞ prezidenti Co Bayden erməni "soyqırımı" ifadəsini işlətdi. Bununla sanki ermənilər maksimal istəklərinə nail oldular. Siz bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Müasir dövrdə Rusiya Cənubi Qafqazda öz siyasətini həyata keçirir. Müəyyən mənada Ermənistan Respublikası da Rusiyanın bu siyasətini qəbul edir və ona tabe olur. Bu, ABŞ və şəxsən Baydeni heç cürə qane etmir. Bayden təfriqə salmağa cəhd edir. Çalışır ki, Ermənistanı Rusiyadan uzaq salsın və bununla da Rusiyanın mövqelərini zəiflətsin. Mən güman edirəm ki, "soyqırımı" məsələsini ortaya salmaq və gündəmə gətirməklə Bayden komandası bölgədə ermənilərdən Rusiyaya qarşı istifadə etməyə cəhd edir. Hesab edirəm ki, bu, prosesin görünməyən tərəfidir.
Əlbəttə, saxta soyqırımı ilə bağlı Baydenin bəyanatı siyasi gedişdir, bunun hüquqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Onun dediklərinə sadəcə söz kimi baxmaq daha doğru olardı.
- Baydenin bu addımı həm də böyük rezonansa səbəb oldu. Milyonlarla Azərbaycan və Türkiyə vətəndaşı buna etiraz edir. Hüquqi baxımdan bu addım nələrə səbəb ola bilər?
- Hüquqi baxımdan Co Baydenin bəyanatının arxasında heç bir fakt, arqument və əsaslı dəlillər durmur. Yəni bu, siyasi bəyanatdır, dediyim kimi hüquqla yaxından-uzaqdan əlaqəsi yoxdur. Bayden tarixi bilmədən və ya bildiyi halda özünü bilməzliyə vurmaqla əslində gülünc vəziyyətə düşdü. Çünki tarix Baydenin dediklərinin əksinədir.
Bunun heç bir hüquqi nəticəsi ola bilməz. Daha doğrusu, hüquqi nəticəsi o ola bilər ki, Türkiyə tamamilə ABŞ-dan imtina edə bilər. Bunun ardınca da Azərbaycan və digər Türkiyəyə dost ölkələr eyni addım atar. Nəticə bu cür ola bilər.
- Demək istəyirsiniz ki, ABŞ prezidentinin saxta soyqırımı tanımasından sonra bu məsələ məhkəmə tərəfindən heç bir halda müzakirəyə çıxara bilməz?
- Türkiyə 2008-ci ildə Ermənistan prezidenti Köçəryana təklif etdi ki, gəlin, birgə komissiya yaradaq, ora tarixçiləri və mütəxəssisləri daxil edək. Arxivləri açaq və bu problemi dəqiqləşdirək. Ancaq Robert Köçəryan bu təklifdən qaçdı. Əslində, bu fakt ola-ola ABŞ-ın belə bir ifadə işlətməsi rəzalətdir. Əlbəttə, bu halda ABŞ-Türkiyə münasibətləri ciddi zərbə alacaq. Qardaş Türkiyə heç bir halda Vaşinqtonun bu iddialarını qəbul etməyəcək, onu rədd edəcək. Artıq belə mövqe də ifadə olunub. Nəticə olaraq Türkiyə ABŞ-la əməkdaşlıq və ya müttəfiqlikdən də imtina edə bilər. Bu halda ABŞ Yaxın Şərqdə mövqeyini möhkəmlətmək əvəzinə bir qədər də itirəcək.
- Türkiyəyə qarşı təzminat məsələsi gündəmə gələ bilərmi?
- Heç nə ola bilməz. Əvvəla, heç kim sübut edə bilməz ki, Türkiyə soyqırımı törədib. Ortada nə fakt, nə də dəlil yoxdur. Odur ki, belə bir məhkəmə bu başdan uğursuzluğa məhkumdur.
Əslində, ermənilər dünyada biabır olublar. Onlar özlərini reablitasiya etmək üçün bu cür oyunlara gedirlər. Əgər arzu edirlərsə, məhkəməyə müraciət etsinlər. Görək kim nəyi sübut edə biləcək. Mən əminəm ki, ermənilər heç nə sübut edə bilməyəcək və uduzan tərəf olacaqlar. Baxmayaraq ki, müasir dünyada belə məhkəmə prosesi mövcud deyil. Bunu BMT məhkəməsinə vermək də boş söhbətdən savayı bir şey deyil. Bu tarixi hadisədir. Bəli, tarixdə hadisələr, proseslər olub. Bu proseslərin içərisində də ermənilər öz xalqını güdaza veriblər. Məsələ bu qədər sadədir. Odur ki, bu sadəcə siyasi qərardır və onun arxasında heç bir əsaslı fakt dayanmır.
- ABŞ lideri aprelin 23-də Türkiyə Prezidentinə zəng vurmuşdu. Sizcə, hansı məsələlər müzakirə olunub həmin görüşdə?
- Əslində, ABŞ Türkiyəni yenidən öz orbitinə qaytarmaq istəyir, bunun üçün cəhdlər də edir. Lakin bunu necə edəcəyini bilmir. Erməni faktorundan istifadə edərək Türkiyəyə təsir etməyə çalışır. Məqsəd budur.
- İndiyə qədər erməni diasporu saxta soyqırımı məsələsini hər il gündəmə gətirirdi. Nəhayət istəklərinə nail oldular və ABŞ prezidenti erməni "soyqırımı" ifadəsini işlətdi. Bundan sonra diaspor hansı addımlar ata bilər?
- Boş söhbətdir. Bu, artistlikdir, reablitasiya niyyəti daşıyır. Çünki ermənilər Azərbaycanla müharibədə çox ciddi məğlubiyyətə düçar olublar. Həm də biabır olublar. Üstəlik, bununla da “soyqırımı” iddiası beynəlxalq siyasətdə dəyənək rolunu tamamladı. İndiyə qədər müxtəlif bölgələrdə soyqırımı aktları olub. Bunu kim sübuta yetirib? Yalnız Ruanda soyqırımı və Alman faşistərinin yəhudilərə qarşı soyqırımı aktı sübuta yetirilib. Vəssalam.
- Baydenin bu addımı Türkiyə-Ermənistan münasibətlərinə, sərhədlərin açılması ilə bağlı ehtimal olunan prosesə hansı şəkildə təsir edə bilər?
- Türkiyə Ermənistana qarşı siyasətini daha da gücləndirəcək. Fikrimcə, əlaqələrdən danışmaq hələ tezdir. Baydenin bu addımı isə mümkün Türkiyə-Ermənistan əlaqələrinin yaranması və sərhədlərin açılması perspektivinə zərbədir. Çünki Ermənistan həm də Rusiya ilə müttəfiqlik oyunu oynayır.
- Bundan sonra başqa ölkələrdə də sözdə erməni “soyqırım”ı qəbul edilə bilərmi?
- Buyurub etsinlər. Mümkündür ki, bir neçə Latın Amerikası ölkəsi bu işə qoşula bilər. Amma bunun bir mənası və təsiri yoxdur. Onlar heç bir halda Türkiyəyə təsir göstərə bilməzlər. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun cənub sərhədlərini təmsil edir və ittifaqda ən güclü ordulardan birinə malikdir. Bir daha qeyd edim ki, bu gedişlər siyasi addımlardır və onların real hüquqla heç bir əlaqəsi yoxdur. Bundan sonra da olmayacaq. Məhkəməyə gedəndə boş sözlərlə deyil, qovluqda faktlarla getmək lazım gəlir. Ermənilərin qoltuğu bu baxımdan boşdur. Son hadisələrdən ən çox zərər çəkən də elə Bayden və onun siyasəti olacaq.