9 İyul 2021 10:23
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Misirdəki səfirliyində İnvestisiya, ticarət, sənaye, turizm, sərgi və tədqiqatlar üzrə Afrika-Asiya İqtisadi Birliyi Təşkilatının rəhbər üzvləri ilə görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən ölkəmizin Misirdəki səfiri Tural Rzayev 2020-ci ilin Azərbaycan tarixində yaddaqalan il olduğunu vurğulayıb. O deyib ki, 44 günlük müharibədə işğalçı Ermənistan silahlı qüvvələri üzərində Qələbə qazanan müzəffər Ordumuz torpaqları düşmən tapdağından qurtarıb, beləliklə, Azərbaycan öz gücü ilə BMT TŞ-nın qətnamələrini icra edib. Müharibədən sonrakı dövrdə işğaldan azad olunan torpaqlarda aparılan bərpa işləri barədə geniş məlumat verən səfir əlavə edib ki, dünyanın müxtəlif ölkələrinin şirkətləri həmin ərazilərdəki layihələrin icrasında iştirak edir. T.Rzayev Misir şirkətlərinin də azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində iştirakının mümkün olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlini qoyması və təməlqoyma mərasimində çıxışının əsas məqamları barədə qonaqlara ətraflı məlumat verən, həmçinin Sumqayıtda yaradılan sənaye parklarından da bəhs edən səfir bildirib ki, Azərbaycan və Misir arasında iqtisadi-ticari, turizm sahələrində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

Afrika-Asiya İqtisadi Birliyi Təşkilatının sədri Husam Dərviş böyük Zəfər münasibətilə Azərbaycan xalqını və rəhbərliyini təbrik edib, ölkəmizdə aparılan geniş quruculuq işləri haqqında məlumatlı olduğunu söyləyib. O, təsisçisi olduğu təşkilatın Misir ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə vermək istədiyini diqqətə çatdıraraq, Afrika-Asiya İqtisadi Birliyinə daxil olan şirkətlərin ölkəmizdə ticarət və sənaye sahələrində təşkil olunan beynəlxalq sərgilərdə iştiraka da maraq göstərdiyini qeyd edib.

H.Dərviş bildirib ki, o, postpandemiya dövründə Azərbaycanda görülən işlərlə, o cümlədən Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmaq məqsədilə təşkilatın nümayəndə heyətinin ölkəmizə səfərinin təşkili və aidiyyəti qurumlarla görüşlərin keçirilməsini arzu edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər