“Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Qarabağdakı son duruma diqqət çəkib:
“Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər.
Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib.
Münaqişə o zaman bitəcək ki, Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar, Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar, Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq və Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq”.