16 Avqust 2021 16:22
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir. Bu, təsadüfi deyil. Çünki dövlət başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırdı. Eyni zamanda yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə edildi. Ölkə başçısı vacib mesajlar verməklə Ermənistana və onun havadarlarına da ciddi xəbərdarlıq etdi.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə edib:

“Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın tələbləri yerinə yetirilməli, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən, Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi regionda gərginliyin artmasına səbəb olur.

Bütün bunlar isə sülh və təhlükəsizliyə ciddi maneələr yaradır. Azərbaycanın bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir və adekvat addımlar atılır. Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək”.

Deputatın fikrincə, Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürüb və qətiyyətli mövqe sərgiləyib: “Zəngəzur koridorunun açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir”.

Sevinc Fətəliyeva hesab edir ki, Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Azərbaycan reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir: “Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər