Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün sentyabrın 16-dan 20-nə kimi Moskvada səfərdə olacaq.
Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, deputatlar Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında seçki prosesinin gedişini izləyəcəklər.
Deputatlarımız öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaqlar. Səsvermə günü müxtəlif məntəqələrdə seçki prosesini müşahidə edəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəklər.