“Suveren ərazimiz olan Qarabağa qanunsuz daşımalar edən İran həm də Xəzərin dibi və təkində sərhədlərimizi pozur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert İranın Azərbaycan və Türkiyənin Xəzər dənizində keçirdiyi hərbi təlimlərə reaksiyasına diqqət çəkib:
“İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi təlimlər keçirməsinin Xəzəryanı dövlətlərin ümumi razılığını pozduğunu bildirib və bunun XİN səviyyəsində araşdırılacağını deyib.
Azərbaycanın öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə təlim keçməsi Xəzər Konvensiyana zidd sayıla bilərmi? Azərbaycanın suveren ərazisi olan Qarabağa qanunsuz daşımaları araşdırmayan İran Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlimlərə niyə etiraz edir?
Hesab edirəm ki, Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanıqlı sülh və əməkdaşlıq mühitinin olması vacibdir və Azərbaycan bu mövzuda həmişə təşəbbüskar ölkə kimi çıxış edir. Xəzər dənizi zəngin enerji mənbəyi olmaqla yanaşı, coğrafi göstəricilərinə görə Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan strateji su hövzəsidir. Xəzər dənizinin sağ və sol sahilləri Uzaq Şərq, Çinlə Avropa bazarlarını birləşdirən İpək yolu və Dəniz İpək Yolu zolağının strateji bəndidir.
Konvensiyaya gəldikdə, bu, Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir və sənədin əsasını beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi təməl prinsiplər təşkil edir. Xəzər dənizinin hüquqi statusunu sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir, ölkələr enerji resurslarına fərqli bazarlara çıxmaq məqsədinin təhlükəsizlik aspektində ciddi əhəmiyyətə malikdir və regional və qlobal təhlükəsizliyin təminatında rol oynayır.
Konvensiyaya görə, Xəzər dənizi digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusa malik qapalı su hövzəsi statusunu alıb”.
Yeganə Hacıyeva qeyd edib ki, konvensiya çərçivəsində imzalanmış sənədlərdə təhlükəszilik riskləri və aspektləri nəzərə alınmaqla üzv ölkələrin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, Xəzər dənizində insidentlərin qarşısının alınması istiqamətində səlahiyyət, məsuliyyət və öhdəlikləri müəyyənləşdirilib:
“Konvensiya ölkələrə təhlükəsizlik risklərinin aradan qaldırılması istiqamətində öz ərazi sularında müttəfiqləri ilə təlim keçməyi qadağan etmir. Çünki konvensiya çərçivəsində sahilyanı ölkələrin Xəzərdəki hərbi mövcudluğu və mükəlləfiyyətinin tənzimlənməsi mexanizmləri hələ işlənməyib. Təlimlər Azərbaycanın su sərhədlərinin pozulması, nəqliyyat vasitələrinin Xəzər dənizindən dünya okeanına sərbəst giriş-çıxışı və ya əks istiqamətdə sərbəst hərəkətliliyi və sualtı boru kəmərlərinin təhlükəsizliyinə yönəlmiş mexanizmlərin işlənməsi üçün vacibdir.
Əlbəttə, Azərbaycanın suveren və müstəsna hüququ olan öz ərazi sularında strateji və hərbi müttəfiqi ilə bu təlimi keçirməsinin İranı narahat etməsinin digər əsasları var. İran həmişə Xəzər dənizinin Azərbaycan hissəsində beynəlxalq hüququn müddəalarının pozulması ilə müşaət edilən addımlar atıb. Suveren ərazimiz olan Qarabağa qanunsuz daşımalar edən İran həm də Xəzərin dibi və təkində sərhədlərimizi pozur.
Xəzərin dibinin və təkinin bölünməsi zamanı yekun xətlərin cızılması və təyin edilməsi metodunun müəyyən edilməsi üçün mexanizmlərin hələ işlənmədiyi, perimetr boyunca təhlükəsizlik zonası sektorlarının müəyyən edilməsi mexanizmlərin mövcud olmamasındsan sui-istifadə edir”.