1 Noyabr 2021 22:14
6 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə dair hazırkı vəziyyəti necə şərh etmək olar?

- İndiki mərhələdə yekun sülh sazişinin bağlanması mümkün görünmür. Çünki bu, böyük bir mövzudur. Onun içində bir neçə vacib məsələlər var ki, onların həlli vaxt tələb edir.

- Sizcə, bunlar hansı istiqamətlərdir?

- Misal üçün təzminat mövzusu və digər böyük məsələlər var. Praktiki olaraq Ermənistan siyasətində dəyişiklik baş verməlidir ki, onlar artıq Azərbaycanın daxili işlərinə qarışmasınlar. Artıq hərbi təcavüzə son qoyulub. Amma siyasi baxımdan bir sıra mövzular qalmaqdadır.

- İki ölkə arasında ilkin razılaşma nədən ibarət ola bilər?

- Azərbaycanla Ermənistan arasında əgər hansısa bir razılaşma olacaqsa, bu, ilkin razılaşma olacaq. Bu, bəlkə də bir neçə məsələni əhatə edə bilər. Belə bir sənəd üzərində razılaşmanın olması mümkündür. Kommunikasiyaların bərpası, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması kimi məsələlərin həlli mümkün görünür. Həmçinin bu məsələlərin həlli üçün imkanlar yaradıla bilər. Amma yenə də diqqətlə yanaşmaq lazımdır. Çünki Ermənistan tərəfi bu məsələdə ciddi şəkildə öz mövqeyini dəyişməlidir.

- Qənaətinizcə, Ermənistan mümkün razılaşmada nə dərəcədə aktiv görünür?

- Hələki Ermənistan tərəfindən belə bir dinamika hiss olunur. Amma bu da sual altındadır. Bu dinamikanın məsələlərin həlli üçün yetərli hesab edilib-edilmədiyinə diqqət yetirilməlidir.

- Qarşılıqlı şəkildə dövlətlərin bir-birinin ərazisini tanıması ermənilərin iddialarından imtinası fonunda baş verəcəyi nə dərəcədə inandırıcıdır?

- Burada da Ermənistanın siyasi oyunlarını müşahidə etmək mümkün ola bilər. Çünki onlar deyəcəklər ki, bizim Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur. Amma qondarma rejimin tör-töküntüləri, yəni onların “arsax” adlandırdığı oyuncaq qurumla məsələləri özününüz həll edin deyəcəklər. Müşahidə edilən odur ki, ermənilər təxminən belə bir siyasi manevrlər edə bilər. Buna da heç kəsin şübhəsi olmasın. İddia edə bilərlər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma “arsax” məsələsini Minsk qrupu çərçivəsində həll edin. Hər halda biz bunu da gözləməliyik.

- Azərbaycan “status” və hansısa bir güzəşt məsələsində konkret mövqeyi olduğu halda danışıqlar necə müsbət ruhda gedə bilər?

- Dövlətimiz hərbi işğala son qoyub. Amma siyasi müdaxilənin qarşısını almaq üçün hələ də diplomatik, siyasi mübarizə aparılır. Çünki Ermənistan de-fakto bu məsələlərdən imtina etməlidir. Amma erməni hökumətinin proqramları var. Guya Qarabağa hansısa bir yardım həyata keçirir. Bu da onu göstərir ki, onlar prosesə müdaxilə etməyə davam edəcək.

- Rusiyanın prosesin tezləşməsində mövqeyi nə dərəcədə təsirlidir?

- Münaqişə bir çox tərəflər üçün sınaqdan keçmiş bir üslubdur. Bəziləri bu variantla regionu idarə edir. Rusiyadan başqa digər ölkələr də belə böhrandan yararlanmağa çalışır. İndi isə münaqişənin ağır nəticələri aradan qaldırılıb. Digər məsələlərin həlli üçün mübarizə davam edir. Bunların nəticəsi isə gələcəkdə ola bilər. Biz bunu aydın görməliyik. Sözsüz ki, Rusiyanın da burada öz maraqları var.

- Bu günlərdə Türkiyə prezidenti G-20 toplantısında dünya liderləri ilə Cənubi Qafqazdakı məsələlərə dair müzakirələr apardı. Bu cür təmasların regiona təsirini necə qiymətləndirmək olar?

- Danışıqlarda bir çox məsələlər müzakirə edilə bilər. Amma onların həlli fərqli bir məsələdir. Bu istiqamətdə Türkiyə və Azərbaycan prezidentləri mühüm səylər göstərir. Nəticələr üçün isə siyasi proseslər baş verməlidir. Təkcə Ermənistanın deyil, digər qüvvələrin də bu məsələdən əl çəkməsi gözlənilən bir haldır. Biz müharibədən sonra Fransanın və digər ölkələrin mövqeyində də bunu açıq gördük. Sanki hər kəs bu mövzunun istismarına öyrəşib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər