Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 26 ili tamam olur. Ölkəmizi xaosdan, parçalanmadan xilas edən ümummilli lider Heydər Əliyev Azərbaycanda hüquqi dövlət, insan hüquq və azadlıqların təminatı istiqamətində də mühüm addımlar atıb. Çünki öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Lakin bu hüquq və azadlıqların təsbit olunması, qanunun aliliyinin təmin olunması üçün mühüm bir sənədin hazırlanmasına, qəbul edilməsinə ehtiyac var idi.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor bildirib ki, müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb: “Həmçinin Ali Qanunun qəbulu ölkəmizin inkişafına güclü təkan verib. Eyni zamanda hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirib. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə formalaşdırıb. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarılıb. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun 1995-ci ilin noyabrın 27-də hüquqi qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb. Artıq 12 noyabr 26 ildir ki, “Konstitusiya Günü” kimi qeyd olunur”.
Komitə sədri bildirib ki, insan hüquqlarının aliliyini müəyyən edən Konstitusiyada ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları da xüsusi maddələrlə müəyyən edilib: “Ali sənəddə cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir. Eyni zamanda, göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyaya əsasən uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi qadağandır. Bu Ali sənədə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi insan ləyaqətinin qorunması və ona hörmət edilməsi üzərində qurulub. Konstitusiyada qadın, kişi hüquq və azadlıqlarının olması göstərilir. Bu həm də gender bərabərliyinin dövlət səviyyəsində ilk dəfə ifadə olunması idi. Əsas qanunda həmçinin nikah hüququ ilə bağlı xüsusi əhəmiyyət daşıyan maddə və bəndlər də yer alıb”.
Hicran Hüseynova vurğulayıb ki, Konstitusiyaya qəbul olunduğu dövrdən üç dəfə 2002-ci, 2009-cu və 2016-cı illərdə əlavələr və dəyişikliklər edilib: “Ötən illər ərzində Konstitusiyada edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdi. Həmçinin, yeni dövrün tələblərinə uyğunlaşdırıldı. Ümumiyyətlə Konstitusiyada təsbit olunmuş istiqamətlər inkişaf etdirilərək güclü sosial dövlətin, yüksək rəqabətli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının daha effektiv müdafiəsi mexanizmlərinin tətbiqinə təkan verən çoxsaylı normativ hüquqi aktların qəbul edilməsinə təkan vermib”.