19 Noyabr 2021 12:51
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskvanın sərhədlərin müəyyən edilməsi prosesində niyə maraqlı olduğu anlaşılan deyil. Rusiya buna cavab verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi şərhçi Hayk Xalatyan deyib.

“Nikol Paşinyan sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin verdiyi üç təklifi məqbul hesab etdiyini bildirdi. Amma bu təkliflərin nə olduğunu bilmirəm, əgər bizim üçün faydalıdırsa, açıqlasınlar. Niyə açıqlamırlar? Mikael Minasyan açıqlamışdı. Bəs bunun bizə faydası oldu? Ümid edirəm ki, heç olmasa o anklavlar (Naxçıvan və Qazaxın işğal edilmiş kəndləri) təhvil verilməyəcək.

Rusiyaya gəldikdə isə deyim ki, Moskvanın sərhədlərin müəyyən edilməsi prosesində niyə maraqlı olduğu anlaşılan deyil. Rusiya cavab verməlidir”, - ekspert bildirib.

Xalatyan Rusiyanın Ermənistanla bağlı problemlərinin olduğunu söyləyib:

“Rusiyanın Ermənistanı itirmək təhlükəsi mövcuddur. Amma hesab edirəm ki, hər hansı bir ölkənin, hətta bizim müttəfiqimizin (Rusiyanın) Ermənistan xalqından daha çox ermənipərəst mövqe tutmasını gözləmək düzgün deyil”.

Ekspert Rusiyanın təkcə Ermənistanla yox, Türkiyə və Azərbaycanla münasibətlərin qorunmasında da maraqlarının olduğunu söyləyib:

“ Hamının maraqları var. ABŞ və Fransa - bizim iqtidaryönlü deputatlarımız “yeni müttəfiqlər tapacağıq” deyəndə yəqin ki, nəzərdə tutduqları ölkələr bunlardır. Xatırlatmaq istərdim ki, bu ilin may ayında 907 saylı qətnamə Bayden administrasiyası tərəfindən dondurularkən ABŞ dövlət katibi demişdi ki, biz Azərbaycana bu yardımın Ermənistana qarşı istifadə edilməyəcəyinə əminik. Bəs son aylarda ABŞ-dan Azərbaycana qarşı sərt reaksiya görmüşükmü?.

Rusiyaya gəldikdə, həm Azərbaycana, həm də bizə bazardan aşağı silah satıb. Biz 44 gün müqavimət göstərə bildiksə, bunu Rusiyanın sayəsində edə bildik.

Üstəgəl, ikinci müharibədən əvvəl ABŞ Azərbaycana 100 milyon dollar hərbi yardım göstərib. Bunu ona görə deyirəm ki, “ABŞ pis”, “Rusiya yaxşıdır” məsələsi yoxdur, bütün beynəlxalq oyunçuların həm Türkiyədə, həm də Azərbaycanda öz maraqları var”.


Müəllif: Mənsur Rəğbətoğlu