Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, hazırda dünyada qida təhlükəsizliyi və təminatı ilə bağlı proseslər necə qiymətləndirilir?
- Dünyanın ən qlobal problemi ərzaqla bağlıdır. Əgər bu məsələ ilə bağlı tədbirlər görülməsə, sonradan bütün dünya üçün böyük çətinliklər yarana bilər. Bunun da qarşısını almaq olmayacaq. Çünki dünyada hər bir ailə üçün hava, su və zəruri qida ən vacib amillərdəndir. Son dövrlər iqlim dəyişikliyi və bir sıra təbii proseslər baş verib. Bununla yanaşı insanlar təbiəti öyrənməklə bərabər ərzaq təhlükəsizliyi ilə bağlı da müəyyən tədbirlər görməlidir. Sözsüz ki, bu bir-iki dövlətin görəcəyi iş deyil. Bu dünyanın əsası insanla və onun qidalanması ilə qoyulub. Ona görə də, insan üçün vacib məsələ su, hava və qidadan ibarətdir. Çünki dünyada elə bir insan yoxdur ki, o, qidalanmadan yaşasın. Müəllifi olduğum “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabında da bununla bağlı təkliflərimi bildirmişəm.
Sözsüz ki, bu qlobal məsələ ilə birbaşa Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məşğul olmalıdır. Bu təşkilat bütün dünya dövlətləri üçün ayrı-ayrılıqda proqramlar müəyyənləşdirə və onu sahələr üzrə ayıra bilər. Dünyada elə bir dövlətlər var ki, orada taxıl əkinləri üçün lazımı şərait yoxdur. Elə ölkələr də var ki, orada mal-qara saxlanılması üçün münbit şərait mövcuddur. Yəni hansısa bir dövlət çıxıb deməsin ki, biz heç bir istehsalla məşğul olmuruq, ancaq idxal edirik. Buna qarşı da sərt tədbirlər görülməlidir. Biz Qətərin paytaxtı Dohada olarkən müxtəlif məsələlər ətrafında müzakirələrimiz oldu. Onu da deyim ki, bu ölkədə kənd təsərrüfatına aid heç bir istehsalla məşğul olmurlar. Orada bizdən xahiş etdilər ki, bəlkə siz Qətərə qoyun, toyuq əti, kənd təsərrüfatı məhsulları ixrac edə bilərsiniz. Söhbət əsnasında bildirdik ki, sizin ölkənin üç tərəfi su ilə əhatə olunub, tankerlərlə neft-qaz məhsulları ixrac edərkən ölkənizə də başqa yerlərdən münbit torpaqların daşınmasını və beləliklə əkin üçün şərait formalaşdırılmasına nail ola bilərsiniz. Əkin-biçin üçün o qədər də dərin torpaq sahəsi lazım olmur. Təbii ki, bunlar bizim apardığımız tövsiyə xarakterli söhbətlər idi.
Amma BMT səviyyəsində belə bir proqram hazırlanıb tələb qoyulsa, qısa zamanda buna nail olmaq da mümkün olar. Başqa dövlətlərdə də analoji vəziyyətlər var. Ümumilikdə isə bunun fəsadları dünyada ərzaq qıtlığına və gələcəkdə daha böyük fəlakətlərə yol aça bilər. BMT statistikasına görə, dünyada 833 milyon aclıqdan əziyyət çəkən əhali var. Eyni zamanda dünya əhalisinin üçdə biri bu gün tam şəkildə qidalana bilmir.
- Kənd təsərrüfatı məhsullarına tələbatın təmin edilməsi üçün hansı addımların atılması proqnozlaşdırılır?
- Dünyada əhali artdıqca kənd təsərrüfatı məhsullarına da tələbat artacaq. 2050-ci ilə qədər dünya əhalisinin 10 milyarda çatacağı proqnozları var. Təbii ki, insan faktoru varsa, onun təbii qidaya ehtiyacı da mövcuddur. Ona görə də, bu gün mümkün qədər daha çox ərazidə taxıl və taxıl məhsullarının əkini üçün imkanlar yaradılmalıdır. Bir çox sahələr heç bir səbəb olmadan əkin-biçinə cəlb edilmir və yaxud da ki, ərazilər boş sahə kimi saxlanılır. Qeyd edim ki, vaxtilə Abşeronda ən yaxşı sarı buğda becərilirdi. Hətta Çar Rusiyası dövründə Azərbaycan özünü taxılla tam təmin edirdi. Amma bu gün ölkəmizdə belə bir təminat mövcud deyil. İstehsal edilən taxılın da keyfiyyəti aşağı səviyyədədir. Sözsüz ki, yerli məhsulun da keyfiyyəti aşağı olduğu halda kənardan buğda idxalı zəruri olur.
- Qardaş Türkiyə və digər qonşu ölkələr artıq taxıl idxal edir. Bu hansı amillərlə bağlıdır?
- Yaxın 10 illiyə qədər qardaş Türkiyə özü taxıl ixracatçısı idi. Amma bu gün Türkiyə Rusiyadan 700 milyon ton taxıl idxal etməlidir. İndi elə bir şərait yaranıb ki, insanlar daha asan yolla çox qazanc əldə etməyə çalışır. Bu hallar qonşu dövlətlərdə də özünü göstərir. Buğda əkinində əziyyət çox olsa da, qazanc bir o qədər də yüksək deyil. Bir çox təsərrüfat sahibləri buğdanın əvəzinə pomidor, fındıq və digər kənd təsərrüfatı məhsulları əkib-becərməklə dəfələrlə daha çox qazanc əldə edir. Amma ümumilikdə buğda əkinləri üçün təşviqedici addımlar atılmalıdır.
- Şəhərləşmələrin aqrar sektora təsiri haqqında nə demək olar?
- Bu gün ölkəmizdə aqrar sektorun Ümumi Daxili Məhsulun həcmində payı 6-7 faiz həcmindədir. Bu, sözsüz ki, aşağı səviyyədir. Bunun yüksəlməsi üçün zəruri addımlar atılmalıdır. Hələ sovet dövründə aqrar sektorun ümumi daxili məhsulda payı 50 faizdən artıq idi. Ona görə də, aqrar sektorun ümumi daxili məhsulun həcmində payı ən azı 10-15 faiz həcmində olmalıdır. Dövlətimiz bu gün aqrar sahənin inkişafına mühüm diqqət və qayğı göstərir. Qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətimiz tərəfindən zəruri addımlar atılır. Aqroservislərin yaranması, kənd təsərrüfatına ayrılan subsidyaların həcminin artması bunun bariz nümunəsidir. Eyni zamanda fermer təsərrüfatlarının inkişafı üçün də təşviqedici işlər həyata keçirilir. Amma müasir dövrdə insanların daha çox şəhər yaşayış şəraitinə üstünlük verməsi halları var. Bu da öz növbəsində ənənəvi ev təsərrüfatlarının sıradan çıxmasına təsir edir. Ona görə də, kənd təsərrüfatına, aqrar sektora olan diqqətin daha da artırılması elm tutumlu, müasir innovasiyaları özündə əks etdirən fermer təsərrüfatlarının formalaşması üçün təşviqedici prinsiplər tətbiq edilməlidir.
- Bu gün kənd təsərrüfatı məhsullarının qiymətində artım qeydə alınır. Bu prosesi necə tənzimləmək mümkündür?
- Kənd təsərrüfatı məhsullarını qiyməti ancaq bolluq yaratmaqla tənzimlənə bilər. Bu gün ölkəmizdə məhsul yetişdirilsə də onun məhsuldarlığı aşağıdır. Avstriya, Almaniya hər hektara 80-90 sentner məhsul götürüldüyü halda bizdə orta hesabla 25-30 sentner məhsul götürülür. ABŞ-da bu məhsuldarlıq hər hektara görə 100-110 sentner həcmində dəyişir. Azərbaycanda da kənd təsərrüfatında elmi tutumlu, müasir innovasiyaları özündə birləşdirən təsərrüfat sahələrinin yaradılması üçün zəruri işlər görülməlidir. Bu istiqamətdə bir sıra işlər görülüb. Amma artan tələbatı təmin etmək üçün prosesə bir qədər də diqqət edilməlidir. Aqrar sahənin inkişafına istiqamətlənən təşviqedici addımların artırılması təmin edilməlidir. Sözsüz ki, dövriyyədə olan kənd təsərrüfatı məhsulları ilə qənaətcil formada davranmaq lazımdır. Eyni zamanda ehtiyatda olan torpaqlardan düzgün formada istifadə edilməlidir. Azərbaycan dünyada əkinəyararlı torpaqlarının həcminə görə elə də öncül yerdə deyil. Qarabağın azadlığından sonra orada da münbit və əkinəyararlı torpaq sahələrini qısa zamanda əkin-biçin və kənd təsərrüfatı məhsularının istehsalına cəlb edilməsi vacibdir. Bununla biz ölkədə ümumi kənd təsərrüfatı məhsullarının istehsalında mühüm bir faiz göstəricilərinə nail ola bilərik.
- Su ehtiyatları və suvarma məsələlərinin burada təsirediciliyi nə qədərdir?
- Bu gün dünyada qlobal istiləşmə şəraitində su ehtiyatları ilə də problemlər var. Ölkəmizdə su ilə bağlı problemlər dövlət səviyyəsində həll edilir, subartezian quyularının qazılması və kənd təsərrüfatı məhsullarının davamlı suvarılmasını təmin etmək üçün mühüm addımlar atılıb. Prezidentin sərəncamı ilə bağlı subartezian quyularının qazılması təmin edilib. Dünyada sözsüz suya böyük ehtiyac var. Hazırda dəniz suyunun və digər su ehtiyatlarının istifadəyə yararlı hala gətirilməsi üçün dövlətlər proqramlar icra edir. Eyni zamanda digər su ehtiyatlarının da imkanlarından yararlanmaq lazımdır. Ümid edirik ki, bu sahələrə daha ciddi yanaşma nəticəsində əkin-biçinə, hətta insan istifadəsinə yararlı su ehtiyatlarının əldə edilməsi təmin ediləcək. Su ehtiyatlarından səmərəli istifadə, düzgün suvarma sistemləri öz növbəsində kənd təsərrüfatının inkişafına müsbət təsir göstərən mühüm amillərdəndir.
- Taxılçılığa daha geniş spektorda yanaşmaqla, məhsul istehsalının həcmində irəliləyişə nail olmaq nə dərəcədə mümkündür?
- Ölkəmizdə taxılçılığa dövlətin mühüm dəstəyi var. Subsidiyaların ayrılması, müxtəlif növ gübrələrin verilməsi, aqro servislərin fəaliyyəti bu sahənin inkişafına yönəlib. Dünyada da taxılçılığa dövlətlərin marağı məhz bu sahəyə subsidiyaların artırılması ilə təmin edilir. ABŞ taxıl istehsalçılarına ən böyük subsidiya verən dövlətlərdəndir. Digər kənd təsərrüfatı sahələrinin də inkişafı təşviq edilməlidir. Bununla yanaşı emal sahələrinin yaranması üçün addımlar atılmalıdır. İri taxıl istehsalçılarının yaranması və bunun nəticəsində məhsulun həcmində artıma nail olmaq mümkündür. Kənd təsərrüfatı sahəsində kooperasiyaların yaradılması ilə bağlı Milli Məclisdə qanun qəbul edilib. Bu məsələ yerlərdə həll edilməlidir. Sovet dövründə kolxoz-sovxozlar bu işi görürdü. Bu baxımdan böyük təsərrüfat sahələrinin yaranması zəruridir. Kooperasiyaların yaradılması üçün təşviqedici addımlar atılmalıdır. Bir çox hallarda kəndlinin istehsal etdiyi məhsul elə sahədəcə qalır. Çünki tədarükçünü tapmaq olmur. Eyni zamanda tədarükçünün bu məhsulu təhvil verməsi üçün də emal müəssisəsi olmalıdır. Burada vasitəçinin olması vacibdir. İstehsalçının öz məhsulunu satması bir sıra çətinliklər yaradır. Tədarükçülər bu işlə məşğul olmalıdır. Bir sıra Avropa ölkələrində bu proses çox asan bir yolla təmin edilir. Məsələn, Almaniya, Fransada kənd təsərrüfat istehsalçısı öz yerindəcə məhsulunu tədarükçüyə təhvil verir. Hətta süd istehsalçıları öz məhsullarını iri ərzaq tədarükçülərinə və marketlərə çox rahat şəkildə sata bilir. İstehsalçıya maksimum şərait yaradılmalıdır ki, o, daha çox məhsul istehsal etsin. Həmçinin ölkəmizdə torpaqların monitorinqi aparılmalıdır ki, hansı torpaqların əkilib-əkilmədiyi müəyyənləşsin. Boş torpaqların əkilməməsi və səbəbləri də aydınlaşmalıdır.
- Qeyri-sağlam qidalanma ilə bağlı tövsiyələriniz nədən ibarətdir?
- Təbii qidalanma bu gün dünyada bir nömrəli problemdir. Bu gün ABŞ-ın özündə belə fəst-fod qidalanma onlar üçün başlıca problem kimi görünür. Amma təbii qidaların daha çox olması üçün süni gübrələrdən uzaq durmaq vacibdir. Süni gübrələr məhsuldarlığı artırsa belə onun bir sıra təhlükəli fəsadları var. İnsanların daha çox təbii məhsullarla qidalanması tövsiyə edilir. Ölkəmizdə də bu sahədə müəyyən işlər görülməkdədir. Əhalinin sağlam və təbii qidalanması insanların sağlamlığını qorunması üçün dövlətin mühüm proqramları mövcuddur. Bu sahədə bir sıra işlər görülür. Vətəndaşlarımız da maksimum dərəcədə qeyri-sağlam məhsullardan, süni qidalardan uzaq durmalı, bu qidaların orqanizm üçün zərərli olduğunu bilməlidirlər.
- Kənd təsərrüfatı məhsullarının təbii fəlakətlərdən qorunması üçün hansı addımlar atılmalıdır?
- Milli Məclisdə də bununla bağlı qanun qəbul edildi. Kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı qərarlar var. Dünyada kənd təsərrüfatı sahələrinin sığortası mütləq təmin edilir. Sığorta məsələləri də öz həllini tapmalıdır. İstehsalçını təbii amillərin vurduğu zərərlərdən qorumaq üçün onun sığorta məsələsi mütləq həll edilməlidir. Kənd təsərrüfatı istehsalçılarının risklərinin təminatında sığorta şirkətləri də maraqlı olmalıdır. Bu sahədə böyük işlər görülməlidir. Hətta banklar kənd təsərrüfatına illik 3-5 faizlə kredit təklif etməklə bu sahənin inkişafına dəstək olmalıdır. Bankların kənd təsərrüfatı sahəsinə marağı artarsa, bu sahədə mühüm canlanmaya imkan yarana bilər. İstehsalçı məhsulun satışından əldə etdiyi gəlirlə qısa zamanda bank öhdəliyini də təmin edər. Bununla da qarşılıqlı inam formalaşar. Eyni zamanda kənd təsərrüfatı məhsullarının itkisiz yığımı, vaxtında aqrotexniki xidmətlərin göstərilməsi zəruridir. Onu da qeyd etməliyik ki, bu gün dünyada bir çox dövlətlər öz maraqları naminə ərzaq məhsulları və zəruri qida ehtiyatları ilə bağlı bir qədər fərqli siyasət həyata keçirir. Məsələn, Çin hazırda dünyada mövcud olan taxıl ehtiyatlarının 60 faizini, ABŞ isə qarğıdalı ehtiyatlarının bəlli bir hissəsini özündə saxlayır. Dövlətlərin bu siyasəti həyata keçirməkdə məqsədlərinin nə olmasından asılı olmayaraq bu yanaşma dünyada olan tələb-təklif məsələlər təsir edir. Bununla da bazarlarda məlum qiymət artımı müşahidə eidlir.
- Bu yaxınlarda sizin taxılın və unun qiyməti ilə bağlı verdiyiniz açıqlamalar müzakieələrə səbəb oldu. Bu məsələyə aydınlıq gətirmənizi istərdik...
- Ötən həftə bir neçə mətbu orqanın əməkdaşı mənə taxıl və unun qiyməti ilə bağlı müraciətlər etdi. Bu suallara cavab verdim ki, bu gün taxılın qiymətinin artması Azərbaycandan asılı olan amillərlə bağlı deyil. Bir neçə strateji məhsullar var ki, onların qiyməti dünya bazarlarında, birjalarda müəyyənləşir. Taxılın, neftin, unun və başqa məhsulların qiyməti bu sıraya aid edilir. Bir müddətə qədər taxılın bir tonunun qiyməti 100-150 dollara satılırdı. İndi bu qiymət 340-350 dollar həcmindədir. Bu, Azərbaycanda da bir sıra çətinliklər yarada biləcək. Mən də bu məsələlər ətrafında şərh verərkən bir qədər tövsiyə xarakterli çağırışlar etdim. İsrafçılıq, qənaətlə bağlı fikirlərimi bildirdim. Amma bəzi adamlar səslənən fikirləri düzgün qəbul edə bilməyib. Qənaətçilik o demək deyil ki, insan az yeməlidir. Bizim dediyimiz odur ki, bir çörək lazımdırsa, üçünü almaq israfçılıqdır. Artıq alınan çörəklər sonradan israf edilir. Bu gün toylarımızda, yas məclislərində də israfçılığın olması faktlarını hamımız bilirik. Ona görə də, fikirlər səslənərkən onu məntiqlə başa düşmək lazımdır. Bəzi adamlar qənaətin, israfçılığın nə olduğunu dərindən fikirləşib, öyrənib bizim fikirlərimizlə bağlı şərh versinlər.