2 Mart 2022 09:14
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya nüvə silahını hazır vəziyyətə gətirdiyini elan etdi, amma bu, Ukraynada döyüşlərin gedişatına heç bir təsir göstərmədi. Əksinə, Ukrayna ordusu daha inadkarlıqla döyüşür, Rusiya ordusu isə böyük şəhərləri raket-mərmi atəşinə tutaraq öz hərbi-siyasi rəhbərliyi üçün Haaqa Tribunalına yol açır. Bu, hələ bir qədər sonra olacaq, hələlik isə Rusiya prezidenti döyüşlərə əlavə qüvvələr cəlb edəcək və nəyin bahasına olur-olsun məqsədinə nail olmağa çalışacaq. Belə olarsa, Ukraynanın bir hissəsi işğal altına düşə bilər, amma bunun da öz nəticələri olacaq”.

Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Bir neçə gündür Rusiyanın Ukraynadakı işğalı davam edir. İtkilərdən qəzəblənən Putin dünyanı nüvə silahları ilə hədələyib. Üstəgəl, Rusiyanın nüvə qüvvələri döyüşə hazır vəziyyətə gətirib. Hadisələrin bundan sonrakı gedişatını necə proqnozlaşdırırsınız?

- Putinin Ukraynaya hücum əmri verdiyi andan keçən beş gün göstərdi ki, Rusiya siyasi hakimiyyətinin və ordu rəhbərliyinin Ukraynaya qarşı işğalçı müharibə ilə bağlı bütün hesablamaları yanlış olub. Bu da təkcə Rusiya üçün deyil, bütün müharibə aparan dövlətlər üçün xarakterikdir. Müharibənin ən mükəmməl modelləşdirilməsi belə dəqiq hesablamalar apararaq düzgün proqnozlar söyləməyə imkan vermir. Səbəb də çox sadədir: istənilən modelləşdirmədə real döyüşdən fərqli olaraq insan amili yoxdur. İnsan amili isə bütün müharibələrdə həlledicidir.

Rusiya ordusunun ağır itkilər verməsi və “Blits-kriq” (“ildırımsürətli müharibə”) alınmaması isə ordunun artıq tarixə qovuşmuş döyüş taktikasından istifadə etməsindən və Ukrayna ordusunu düzgün dəyərləndirməməsindən baş verdi. Nəticə acınacaqlıdır: Rusiya ordusu təkcə ağır itkilər vermir, həm də dövlətinin, özünün hansı real gücə malik olduğunu bütün dünyaya nümayiş etdirir. Belə bir ilkin nəticənin Kremldə qəzəb yaratması anlaşılandır və nüvə silahı ilə hədələmə də elə bundan qaynaqlanır. Məncə, həmin hədənin özünün də effekti tam əksinə oldu, çünki bununla Putin dolayısı ilə məğlub olduğunu etiraf etmiş oldu.

Bəli, Rusiya nüvə silahını hazır vəziyyətə gətirdiyini elan etdi, amma bu, Ukraynada döyüşlərin gedişatına heç bir təsir göstərmədi. Əksinə, Ukrayna ordusu daha inadkarlıqla döyüşür, Rusiya ordusu isə böyük şəhərləri raket-mərmi atəşinə tutaraq öz hərbi-siyasi rəhbərliyi üçün Haaqa Tribunalına yol açır. Bu, hələ bir qədər sonra olacaq, hələlik isə Rusiya prezidenti döyüşlərə əlavə qüvvələr cəlb edəcək və nəyin bahasına olur-olsun məqsədinə nail olmağa çalışacaq. Belə olarsa, Ukraynanın bir hissəsi işğal altına düşə bilər, amma bunun da öz nəticələri olacaq. Rusiyaya tətbiq olunmuş sanksiyalar daha da sərtləşəcək, ölkənin beynəlxalq birlikdən təcrid olunması davam edəcək, onun iqtisadiyyatına, ardınca da daxili sabitliyinə sarsıdıcı zərbələr vurulacaq. İndi görünən budur ki, Moskva heç olmasa, Ukraynanın müəyyən ərazilərini işğal edərək danışıqlar prosesinə “qalib” qismində başlamağa çalışır. Bu isə dediyim kimi, hələlik alınmır.

- Belarusda Rusiya və Ukrayna arasındakı danışıqların ilk turu başa çatdı. Görüşdən sonra rəsmi Kiyev açıqlama verdi ki, müzakirələrdə Rusiyadan bütün Ukraynadan, xüsusən də Donbas və Krımdan qoşunlarını çıxarması tələb olunub, ya könüllü çıxmalıdırlar, ya da zorla çıxarılacaq. Bu mesajı necə anlayaq: Ukraynanın əli bunu edə biləcək qədər güclənibmi?

- Danışıqlar elə bir prosesdir ki, orada tərəflər maksimum tələblər irəli sürürlər ki, sonda müəyyən ortaq mövqeyə gələ bilsinlər. İndiki mərhələdə, ümumiyyətlə yeganə şərt yalnız atəşkəsin əldə olunması ola bilər, çünki əvvəla, hələlik tərəflərin hansı mövqelərdə olduqları tam aydın deyil, ikincisi isə müharibənin qızğın dövründə bu tipli şərtləri tərəflərdən heç biri qəbul etməyəcək. Ümumi götürdükdə, Ukrayna bu gün nisbətən daha üstün mövqedədir. Ona görə ki, müharibəni o başlamayıb, savaş onun ərazisində və ona qarşı gedir, əziyyət çəkən onun ölkəsi və xalqıdır, dünya birliyi onun tərəfindədir və ən əsası da o, təcavüzkara ilkin mərhələdə layiqli cavab verə bilib.

Görünür, bu səbəblərdən də, Ukrayna tələblərində daha iddialı və israrlıdır. Bunun başqa bir səbəbi isə Rusiyanın məruz qaldığı ciddi sanksiyalardır. Kiyevdə yaxşı anlayırlar ki, müharibə davam etdikcə, Rusiyanı daha çox və daha ağır sanksiyalara məruz qoyacaqlar.

- ABŞ Rusiyadakı vətəndaşlarına müraciət edərək, bu ölkədən çıxmağı tövsiyə etdi. Bəs bu mesajı necə anlamalıyıq?

- Fikrimcə, bu, ilk növbədə Rusiyada dövlət səviyyəsində aparılan ifrat anti-Amerika təbliğatı ilə bağlı ola bilər, çünki bu fonda sadə ABŞ vətəndaşları həmin təbliğatın təsirinə düşən sadə rusiyalılar tərəfindən hansısa zorakılıqlara məruz qala bilərlər.

Başqa bir səbəb isə Putinin nüvə təhdidi ola bilər. Rusiya nüvə silahına əl atacağı halda, ABŞ və onun NATO müttəfiqlərinin bunu cavabsız qoyacağını düşünmək sadəlövhlük olardı.

Üçüncü səbəb, sadəcə hərbi qarşıdurmanın Rusiya-ABŞ müstəvisinə keçmək ehtimalı ola bilər. Hər bir halda bu gün Rusiyanın davranışı haqqında proqnoz vermək asan deyil.

- Bəs Ukraynadan məğlub ayrılmaq Rusiyaya nə vəd edir?

- Bunun çox müxtəlif nəticələri ola bilər. Ən əsası Rusiyada hakimiyyət uğrunda hələlik pərdəarxası gedən mübarizənin kəskinləşməsi və ya Putinin bundan qaçmaq üçün Ukraynadan daha zəif ölkəni və ya ölkələri hədəf seçməsi mümkündür. Məğlub olacağı halda Rusiyada daxili destabilizasiya baş verə bilər. Başqa bir variant isə Rusiyanın NATO ilə açıq münaqişəyə keçməsi ola bilər. Amma bütün bunlar yalnız mümkün ehtimalların çox kiçik bir hissəsidir.

Bir şey isə dəqiqdir ki, Rusiya Ukraynada və ümumiyyətlə məğlub olacağı halda bunu etiraf edə biləcək dövlət deyil. Xüsusilə də daxili siyasi sabitliyin indiki həssas və kövrək durumda olduğu bir vaxtda.


Müəllif: Mənsur Rəğbətoğlu