Prezident İlham Əliyevin Türkiyəyə səfəri qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü regional, qlobal siyasi proseslər baxımından diqqətçəkən oldu. Bu səfər dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqaz və regionda gedən həssas proseslər bu görüşü zəruri edirdi. Görüşün vacibliyini və əhəmiyyətini daha aydın görmək üçün zaman və şərait faktorlarına diqqət yetirmək lazımdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Tamam Cəfərovanın sözlərinə görə, qardaş xalqların dövlət başçılarının görüşü Qərbin Rusiyaya sərt sanksiyalar tədbiq etdiyi və Rusiyanı təcridçiliyə məruz qoyduğu, rus sülhməramlılarının kontingentinin bir hissəsinin dislokasiya məkanını tərk etməsi dövrünə təsadüf edib: "Eyni zamanda separatçı qüvvələrin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini Ağdam, Füzuli, Xocavənd, Xocalı istiqamətlərində atəşə tutması, Ermənistanın baş naziri N.Paşinyanın Fransaya səfər etməsi məhz bu dövrdə baş verdi. Paralel olaraq isə Ermənistanın Xarici İşlər nazirinin Türkiyəyə Antalya Diplomatik Forumuna gəlib, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışqlar aparması da diqqətdən kənarda qalmadı. Məhz sadalanan bu proseslərin dinamikası baxımından indiki vəziyyətdə sərgilənən siyasi mövqe olduqca mühüm önəm kəsb edir".
Onun fikrincə, bütün bu proseslər bir-biri ilə qarşılıqlı sürətdə əlaqəlidir: “Bu baxımdan Azərbaycan və Türkiyə Prezidentlərinin müzakirə predmetinə xüsusi diqqət etmək vacibdir. Eyni zamanda Rusiyaya qarşı qəbul edilən sanksiyalar Azərbaycanın şimal qonşusunun iqtisadiyyatına sarsıdıcı zərbə endirir. Rusiya SWIFT beynəlxalq ödənişlər sistemindən kənarlaşdırıldı. Visa, MasterCard və American Express kimi bank kartları Rusiya ərazisində öz fəaliyyətini dayandırdı.
Son günlər Birləşmiş Ştatlar Rusiya neftinə boykot elan etdi. BP, Shell və digər enerji nəhəngləri Rusiyanın neft-qaz sektorunu, Goldman Sachs, JP Morgan Chase kimi maliyyə nəhəngləri isə Rusiyanın bank sektorunu tərk etdi. Qərbin əksər ölkələri öz hava məkanlarını Rusiya üçün bağladı. Rusiyaya yüksək texnologiyaların ixracına qadağalar qoyuldu. Bəzi Çin şirkətlərinin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi bu ölkənin imkanlarını nəzərəçarpan dərəcədə məhdudlaşdırıb”.
Millət vəkilinə görə, belə şəraitdə S.Lavrovun Antalya Diplomatik Forumunda iştirakı və burada Azərbaycan XİN rəhbəri ilə danışıqlar çərçivəsində Moskva bəyannaməsini xüsusi ilə vurğulaması heç də təəcüblü deyil: “Əksər ölkələrin Rusiyadan üz döndərdiyi vaxtda Azərbaycanın düşünülmüş, balanslaşdırılmış siyasət aparmasını rəsmi Moskva yüksək qiymətləndirməyə borcludur. Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ona rəsmi və qeyri-rəsmi formada humanitar yardım göstərir. Ölkəmiz eyni zamanda şimal qonşusu və vacib ticarət tərəfdaşı olan Rusiyaya qarşı sanksiyalara da qoşulmur. Azərbaycandan fərqli olaraq Ermənistan baş naziri yaranmış şəraitdən istifadə edərək bu günlərdə Fransaya səfər etdi. 17 mart tarixində isə Ermənistan xarici işlər naziri A.Mirzoyanın Brüsseldə NATO-nun baş katibi Y.Stoltenberq ilə görüşü gözlənilir. Ermənistan NATO-ya rəqib olan KTMT blokunun üzvü, Rusiya ilə 200-ə yaxın hərbi-siyasi saziş imzalamış bir dövlət kimi bu cür davranışı da diqqətdən qaçmır. Bütün bu faktorlara rəğmən Ermənistan rəsmilərinin Fransa və Brüsselə səfərləri xəyanətdən savayı heç bir sözlə identifikasiya oluna bilməz”.
Deputat bildirib ki, Azərbaycan və Türkiyə Prezidentlərinin görüşü isə hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir: “İki qardaş ölkə liderinin 4 saatlıq görüşü zamanı əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, regional məsələlər, Zəngəzur dəhlizi və Ukrayna ilə bağlı olub. Görüşdə Azərbaycanla Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub. Bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Məhz bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib. Həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi də önə çəkilib. Dövlət başçılarının danışıqları zamanı həmçinin Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb”.
Tamam Cəfərova hesab edir ki, Azərbaycanın böyük uzaqgörənliklə vaxtında aldığı qərarlar bu günki müttəfiqliyimizin iqtisadi və geostrateji əsaslarını təşkil edir: “Sözsüz ki, zamanında Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Kars, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm strateji layihələr həyata keçirilməsə idi milli gücümüzün iqtisadi komponentləri bu qədər zəngin olmazdı. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə Azərbaycan müttəfiqliyinin daha da dərinləşməsi və regionumuzda sülhün davamlı olması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir. Hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Son zamanlar regionumuza yaxın ərazilərdə baş verən mürəkkəb proseslər fonunda iki qardaş ölkənin birliyi daha da güclənir”.