Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, Azərbaycanla Türkiyə arasında dostluq bu gün dünya üçün nümunədir. Digər xalqlar arasında olan indiki münasibətlər fonunda belə yanaşmaların olması necə şərh oluna bilər?
- Heç kim inana bilməzdi ki slavyan xalqları bir-birinə silah tuşlasın. Açığı bir neçə dəfə bu mövzuda mübahisələrə yol açacaq müzakirələrimiz də olub. Hətta mən də bildirmişdim ki, rus ukraynalıya silah qaldırıb, onu öldürməz. Amma bu gün biz bunun əksini gördük. Təbii ki, belə bir görüntünün fonunda Azərbaycan Türkiyə qardaşlığı isə daha qabarıq formada gözə çarpır. Qardaş Türkiyənin bir futbol komandası və yaxud Avroviziya mahnı yarışındakı təmsilçisi çıxış edəndə biz sevinirk. Gözlərimizdən sevinc göz yaşları axır. İnanırıq ki, qardaş türklər də Azərbaycanın uğurlarına gözlərində sevinc yaşı ilə sevinir. Əsl qardaşlıq məhz bu cür olur. Təbii ki, bu qardaşlığın da yüksək səviyyədə davamı, inkişafı üçün örnək Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan dostluğu var. Bu dostluq da münasibətlərimizi daha yeni zirvələrə daşıyacaq.
- Antalya Diplomatiya forumu başa çatdı. Burada keçirilən görüşlərin, aparılan müzakirələrin effektivliyi haqqında nə demək olar?
- Ümumiyyətlə Türkiyənin vasitəçilik missiyasında müəyyən bir nəticələrin olması mümkündür. Çünki Rusiya prezidenti Vladimir Putin də ona müraciət edən dövlət başçılarının xaişlərini icra etməklə balanslaşdırma aparmağa çalışır. Tam olaraq Rusiya Ukrayna müharibəsinin dayandırılması olmasa da, hümanitar məsələlərlə bağlı ümumi bir nəticələr var. Eyni zamanda bundan sonrakı görüşlərin keçirilməsi üçün də razılıq var. Türkiyədə belə bir görüşün baş verməsi həm də qardaş ölkənin artan nüfuzu ilə ölçülən məsələdir. Qardaş ölkənin mövqeyinin bu dərəcədə güclənməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Bu forum çərçivəsində Azərbaycan Ermənistan nümayəndə heyətlərinin də iştirakı təmin edilib. Burada da Qarabağ məsələsi müzakirə edilib. Sözsüz ki, bu da bir müddət öncəyə qədər ağıla gələn məsələ deyildi. İndiyə qədər Türkiyə adı gələndə daş atıb, başlarını tutan ermənilər indi Antalyada Türkiyə, Azərbaycan nümayəndələri ilə birlikdə səfərdə oldu. Bu artıq o deməkdir ki, artıq ATƏT-in Minsk Qrupu bir kənara qoyulub. Türkiyə artıq bu məsələlərdə söz sahibidir. Bu da dövlətimiz üçün baş ucalığıdır.
- Ermənistan buradan özü üçün hansı nəticələrlə qayıdıb?
- Bu görüşün perspektivi sözsüz ki, olacaq. Ermənistan nümayəndə heyətinin Antalya Diplomatiya Forumuna qatılmasının özü mühüm göstəricidir. Təbii ki, Ermənistan da orada Türkiyə ilə münasibətlərinin daha da yaxşılaşdırılması üçün müəyyən çərçivə qurmaq imkan əldə edib. Çünki bu forumda xeyli faydalı görüşlərin olduğu məlumdur. Nəticələrin isə proseslərin gedişinə təsirinin müsbət olacağı qənaətindəyik.