Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, son zamanlar Qarabağda hələ də qalmaqda olan separatçılarla bağlı müəyyən hərəkətlilik müşahidə edilir. Xankəndinə gedən qaz xəttinin zədələnməsi az qala Avropa İttifaqının gündəliyinə daşınır. Sizcə, nə baş verir?
- Biz görürük bu məsələdə Avropa strukturları açıq şəkildə ermənilərin yanındadır. Burada təəccüblü bir şey də yoxdur. Çoxdan məlum olan bir məsələdir. Böyük oyunçular, Rusiya, kollektiv Qərb üçün Qarabağda münaqişənin olması onların xeyrinədir. Ona görə ki, onlar bu cür münaqişələrin vasitəsi ilə ölkələri idarə etməyə çalışır. Bu baxımdan onlar hiss edirlər ki, bu cür vəziyyət davam etsə, artıq Qarabağda münaqişə deyilən bir məsələ qalmayacaq. Təbii ki, bunun qarşısı almaq cəhdləri var. Bu da onların öz maraqlarından yaranan bir haldır. Sözsüz ki, bu siyasət təzə deyil. Bunun uzun müddət şahidi olmuşuq. Müxtəlif mərhələlərdə bu və ya digər oyunçular, Rusiya və yaxud Qərb bizə tərəf olan oxşar bəyanatlar da verib. Amma bu yanaşmalar onlar üçün münaqişənin birdəfəlik həlli demək deyil.
- Azərbaycan 10 noyabr 2020-ci il Bəyanatının 4-cü bəndi ilə bağlı haqlı qərarların reallaşmasını tələb tələb edir. Gözləntiləri necə şərh etmək olar?
- Bizim üçün problemlər düşünən ölkələr və yaxud təşkilatlar arasında münasibətlər nə qədər pis olsa, bir o qədər yaxşıdır. Burada sözsüz ki, Qərb və Rusiya nəzərdə tutulur. Çünki bu istər-istəməz bizim üçün imkanlar yaradır ki, toqquşan maraqlar arasında özümüz üçün uyğun olan məqsədlərə nail olaq. İndiki mərhələdə müxtəlif təmaslar mövcuddur. Eyni zamanda istisna edilmir ki, burada sülhməramlıların missiyası ya ciddi şəkildə azalsın, ya da ləğv edilsin. Çünki indiki halda rus sülhməramlılarının burada qalması onlar üçün bir çox çətinliklər yaradır. Bu, ermənilər və münaqişəni saxlamağa çalışanlar üçün təhlükəli bir məqamdır. Rusiya buradan yavaş-yavaş gedir. Qərbin isə bura gəlməyə imkanı yoxdur. Bu baxımdan olan vəziyyət bəllidir. Ukrayna müharibəsi bundan sonrakı dövr üçün davam etsə, Rusiyanın zəifləməsi fonunda bu münaqişənin tam şəkildə həll olunmasına nail olunacaq.
- Sülhməramlıların mandatı ilə bağlı məsələ yenidən gündəmə gətirilir. Bu nə ilə əlaqəlidir?
- Ermənilər yaxşı başa düşürlər ki, ruslar buradan getsə, onlar üçün ən yaxşı vəziyyət yaranacaq və bura beynəlxalq hansısa bir müşahidəçilər gələcək. İstəkləri məhz budur. Amma burada əsas məsələ odur ki, ora Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz. Çünki bura Azərbaycan ərazisidir. Bununla da məsələ bitir. Bura hansısa qüvvələri yerləşdirmək üçün ən azı BMT səviyyəsində qətnamə lazım olacaq. Bu qətnaməni indiki mərhələdə Qərb istəsə də təşkil etmək mümkün deyil. Buna qarşı birmənalı olaraq Rusiya və Çinin mövqeyi olacaq. Ona görə də ermənilərin bu istəkləri əsassızdır və heç bir nəticəsi də olmayacaq
- Sizcə, yaxın dövr üçün Rusiyadan başqa bir ölkənin bu missiyada yer alması nə dərəcədə realdır?
- Əslinə qalsa, burada iki ölkə iştirak edir. Bu Rusiya və Türkiyədir. Rusiyanın burada missiyasının azalması və yaxud da ki, tam ləğv olunması ilə onları burada Türkiyə əvəz edə bilər. Çünki bu artıq beynəlxalq bir missiya olacaq. Rusiya bu varianta daha çox meyilli olacaq. Bəzi Qərb dövlətləri bunu istəyib BMT Təhlükəsizlik Şurasının səviyyəsinə çıxarsalar, bu mümkün olacaq. Yeganə yol budur. Bu olacaq-olmayacaq ayrı bir məsələdir. Amma Rusiya buradan gedəsi olsa öz yerinə Türkiyənin qalmasını istəyəcək. Bu baxımdan ermənilər buradan uduşlu çıxmayacaq.
- Türkiyənin burada sülhməramlı missiyasına qarşı tərəfin davranışları təsirli ola bilərmi?
- Ermənilər bu məsələlərdə söz sahibi deyil. Çünki baş verən hadisələr Azərbaycan ərazisində cərəyan edir. Bizim əlimizdən bu səlahiyyətləri almaq üçün beynəlxalq qanunlar qəbul olunmalıdır. BMT-nin bununla bağlı xüsusi bir qətnaməsinin olması tələb olunacaq. Eyni zamanda Azərbaycanın suverenliyinin əlindən alınması məsələsi müzakirə edilə bilər ki, bu da mümkün deyil. Bu hala nail olmaq üçün də konsensus olmalıdır. Amma buna nail olunmayacaq. Beynəlxalq qanunlar və praktika baxımından ermənilərin bu məsələni qaldırması mənasızdır. Çünki Azərbaycanı bu məsələdə neytrallaşdırmaq üçün heç bir imkanları yoxdur.
- Yəni, siz deyirsiniz ki, rus sülhməramlılarının missiyasını Türkiyə əvəz edə bilər?
- Proseslər belə davam etsə, bu baş verəcək. Eyni zamanda Türkiyə artıq Qarabağda Birgə Monitorinq mərkəzində əyləşib. Bu əslində missiyanın digər hissəsidir. Sadəcə olaraq türklər müşahidəçi kimi deyil, sülhməramlı bretkasını geyinib orada xidmət aparacaq. Burada beynəlxalq missiya formalaşacaqsa, Azərbaycanın dəvəti ilə yalnız bu variant mümkün olacaq. Rusiya sülhməramlı missiyadan çıxıb Qarabağ Birgə Monitorinq Mərkəzində qalmaqla öz yerini türklərə verə bilər. Proseslərin axarı məhz bunu göstərir.