Böyük Britaniyanın Baş naziri Uinston Çörçill vaxtilə deyirdi ki, "həlli mümkün olmayan hesab edilən işləri mümkün edənlər dahi insanlardı, böyük işləri yalnız böyük dövlət adamları görə bilir.” Bu günlərdə Qarabağda baş verənlər 2022-ci il fevralın 22-də Prezident İlham Əliyevin Moskvada Rusiya prezidenti Vladimir Putunlə danışıqlarından və müvafiq sənədin imzalanmasından sonra keçirdiyi birgə mətbuat konfransında söylədiyi aşağıdakı fikirləri xatırlamağı zəruri edir: “Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir.”
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professor qeyd edib ki, fevral ayında Moskvada dövlət başçımızın dedikləri və bir ay sonra baş verənlər belə bir əminlik yaradır: “Əgər Ermənistan öz üzərinə götürdüyü hüquqi öhdəliyi yerinə yetirib silahlı, terrorçu tör-töküntülərini Qarabağdan rədd eləyib çıxarmasa bunu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz yerinə yetirəcək. Eyni zamanda Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılmasına imkan verməsə onda bir müddət sonra Laçın dəhlizi də olmayacaq”.
Millət vəkilinə görə, biz bir millət olaraq tariximizin ən şərəfli səhifələrindən birini yaşayırıq: “Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin dövlətimizin mövqeyini əks etdirən bəyanatları hər bir azərbaycanlıda qürur hissi yaradır. Baş verən hadisə və proseslər Prezident İlham Əliyevin Qarabağ siyasətinin çox incə və məharətlə yürüdüldüyünü, qarşıya qoyulan məqsədə səbrlə, addım-addım çatmağa hədəfləndiyini göstərir. Bu siyasətin təməlində qüdrətli dövlət rəhbəri, güclü dövlət və millət dayanır. Biz tarix boyu birlikdə və güclü olanda hədəflərimizə çatmışıq”.