18 İyun 2022 20:37
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Amma buna baxmayaraq ölkəmizdə heç vaxt dini müstəvidə qarşıdurma, ayrıseçkilik baş verməyib. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Azərbaycanda bütün dinlərin nümayəndlərinə bərabər münasibət, yüksək səviyyəli qayğı var. Azərbaycanda təkcə məscidlər deyil, digər dinlərin ibadətgahları təmir-bərpa edilir və bu proses davamlı olaraq dövlətin diqqət mərkəzindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, İslam ölkəsi olan Azərbaycan bu gün bütün dünyada multikulturalizm məkanı kimi şöhrət qazanıb: “Ölkəmizdə dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşa Konstitusiyaya uyğun bərabər hüquqlar verilib. Bu baxımdan Azərbaycanda dini mövzuda heç bir narahatlıq və gərginlik mövcud deyil”.

Deputat hesab edir ki, Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən İslam dini ocaqlarına, məscidlərə, dini tədris mərkəzlərinə diqqət və qayğı ilə yanaşır: “Ölkəmiz İslam dəyərlərinin ən yüksək səviyyədə təbliğ edildiyi və qorunduğu bir məkandır. Bununla bağlı tarixi ənənələr mövcuddur. Müstəqillik illərində Azərbaycanda yüzlərlə məscid təmir və bərpa edilib, yeni məscidlər tikilib dindarların istifadəsinə verilib. İslam dininin elmi əsaslarla təbliği və öyrənilməsi üçün İlahiyyat İnstitutu təsis olunub. Bütün bunlar Azərbaycanda İslam dininə olan yüksək münasibətin göstəricisidir”.

Millət vəkili işğaldan azad edilən ərazilərimizdə erməni vandallığına məruz qalan məscidlərimizdə aparılan təmir-bərpa işlərinə diqqət çəkib: “Heydər Əliyev Fondu tərəfindən bu gün Ağdamda, Şuşada, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə məscidlər, minaralər təmir edilir, yenidən qurulur. Bütün bunlar Azərbaycanda İslam dininə olan münasibətin növbəti təzühürü hesab edilir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın İslam dəyələrinə yüksək diqqət və qayğısı var: "Davamlı olaraq ölkəmizdə yeni məscidlər tikilir. Dövlət rəhbəri hər bir bölgəmizə səfəri zamanda yerli məscidləri ziyarət edir, orada dualar oxunur. İşğaldan azad edilən ərazilərimizdə erməni vəhşiləri tərəfindən barbarcasına viran qoyulmuş məscidlərimiz də dövlət tərəfindən ən yüksək səviyyədə təmir-bərpa edilir".

O qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Ağdamda, Şuşada, Suqovuşanda, Hadrutad yeni məscidlər tikilir: “Bakıda dövlət başçısının bilavasitə diqqəti ilə təmir və bərpa edilən Təzəpir, Bibiheybət məscidləri öz füsunkarlığı, gözəlliyi ilə göz oxşayır. Bununla yanaşı ölkəmizdə dini savadlılığın təminatı üçün Prezidentin Sərəncamı ilə İlahiyyat İnistitunun yaradılmasını da nümunə göstərmək olar. Bütün bunlar ölkəmizdə dinə, İslam dəyərlərinə olan münasibətin göstəricisi hesab edilir”.

Millət vəkili bu gün bir sıra radikal qruplaşmaların ölkəmizdə din pərdəsi altında qarşıdurma yaratmaq cəhdlərindən bəhs edib: “Amma onların iddialarının əksinə olaraq Azərbaycanda İslam dininə olan münasibəti hər kəs görür. Sözsüz ki, bu cür şaiyələri yayanlar təxribatçılardır. Bu görülən yüksək səviyyəli işlərə kölgə salmaq niyyətidir. Ölkə vətəndaşları da din pərdəsi və dini mövzuda qarşıdurma, gərginlik yaradan qruplardan uzaq dursunlar”.

Ceyhun Məmmədov xatırladıb ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxt ölkəmizdə 18 məscid mövcud olub: “Bu gün isə ölkəmizdə 2250 məscid fəaliyyət göstərir. Bu onun göstəricisidir ki, dövlətin din sahəsinə böyük diqqət və qayğısı var. Ona görə də, din mövzusu ətrafında yaradılan süni gərginliyə qətiyyən ehtiyac yoxdur. Azərbaycan xalqı dövlətin İslam dəyərlərinə olan münasibətini hamıdan yaxşı bilir və qiymətləndirir”.


Müəllif: Tapdıq Qurbanlı