29 İyun 19:09
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Prezident İlham Əliyev növbəti dəfə İrəvana sərt xəbərdarlıq etdi. Hazırda sülhlə bağlı proseslərin gedişatının necə qiymətləndirirsiniz, niyə Ermənistan hələ də nəticə çıxarmır?

- Prezident İlham Əliyevin mesajları Ermənistanın davranışlarına bir növ cavabdır. Moskva və Brüssel danışıqlarına, burada verilən bəyanatlara baxmayaraq Ermənistan bu gün ardıcıl şəkildə 10 noyabr 2020-ci il bəyanatının müddəalarını icra etmək istəmir. Əslində bu ən vacib müddəalardır. Çünki bu maddəalar erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutur. Amma ermənilər hələ də bunu icra etmir. Əksinə isə onlar bura daha çox qoşun göndərəcəklərini açıqlayırlar. Eyni zamanda Zəngəzur dəhlizinə aid öhdəlikləri də yerinə yetirmək istəmirlər. Ermənistan açıq şəkildə post-konfilikt məntiqinə zidd bir siyasət həyata keçirir. Bu isə Ermənistanın işğalçı anneksiya siyasətinin təzə şəraitdə davam etməsi deməkdir. Buna açıq nümunə kimi hələ də Azərbaycan ərazisində erməni qoşunlarının qalması və burada separatçılara dəstək “siyasətlərinin” davam etdirmələridir. Bu, bir ölkənin ərazisinin başqa bir ölkəyə birləşdirilməsi cəhdidir. Amma təbii ki, bu “siyasət” belə davam edə bilməz. Dövlət başçısı da növbəti dəfə onlara ciddi şəkildə xəbərdarlıq etdi.

- Bu mesajlar prosesdə olan vasitəçilər üçün də dərəcədə təsirli görünür?

- Sözsüz ki, ölkə başçısının bu bəyanatları prosesdə vasitəçi olan Rusiya üçün da mesajdır. Artıq burada sülhməramlıların fəaliyyəti məsələsində də ciddi dəyişikliklər edilməlidir. Biz sadəcə olaraq üzdə olan məsələləri görürük.

- Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın guya yeni müharibəyə hazırlaşdığı ilə bağlı əsassız fikirlər səsləndirib. Sizcə, erməni cəmiyyətinin belə təlaşda saxlanılması hansı məqsədə xidmət edir?

- Burada başqa bir məntiq var. Bunun səbəbi də Ermənistanın Azərbaycan ərazisinə iddiaları ilə bağlıdır. 1988-ci ildən başlanan bu iddialar indi də davam edir. I və II Qarabağ müharibələri baş verib. İndi də Ermənistan tərəfi özünün işğal siyasətini davam etdirir. Amma II Qarabağ müharibəsində Ermənistan biabırcasına məğlub olub, kapitulyasiya aktına imza atmış bir dövlətdir. Buna baxmayaraq Ermənistan indi köhnə “siyasətinə” davam etdiyini bu və ya digər formada büruzə verir. Təbii ki, bunun cavabı müharibədir. Çünki hansı ölkə bu cür vəziyyəti qəbul edər? Günü bu gün Azərbaycan Laçın dəhlizini bağlayıb, Qarabağda anti-terror əməliyyatı keçirə bilər. Bununla da məsələ bitəcək.

- Bəs Qarabağdakı sülhməramlılar?

- Hazırda Qarabağda olan Rusiya sülhməramlılarının missiyası beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanın suverenliyi çərçivəsində həyata keçirilməlidir. Yəni, burada hansısa bir “anklav” yaratmaq, süni şəkildə erməniləri bura gətirmək kimi məsələlərə Azərbaycan heç vaxt imkan verməyəcək. Onların istəyi odur ki, Azərbaycan Rusiyaya qarşı ciddi addımlar atsın. Ermənilərin məqsədi məhz vəziyyəti bu səviyyəyə gətirib çıxarmaqdır. Düşünürlər ki, bunun nəticəsində onlar mümkün qədər Rusiyanı öz tərəflərinə çəkməyə nail olacaqlar. Təxribatlarla və hay-küy yolu ilə ermənilər məhz bunu etmək istəyirlər. Köhnə istəkləri də odur ki, kimisə özlərinin əvəzinə müharibəyə cəlb etsinlər. Bu bəlli bir məsələdir. Amma onlar indiki halda böyük səhfə yol verdilər. Çünki Rusiya indi elə bir səviyyədə deyil ki, Azərbaycan və Türkiyəyə qarşı ermənilərə görə hansısa bir addımlar atsın. Görünür, ermənilər bunu başa düşmürlər.

- Laçın dəhlizinin Azərbaycan hissəsində işlər yekunlaşır. Ermənistan tərəfi isə vaxt uzatmağa çalışır. Qarşı tərəfə qarşı hansı addımlar atıla bilər?

- Burada da əsas istinad nöqtəsi 10 noyabr 2020-ci il sənədidir. Çünki üç il müddətinə Azərbaycan yeni dəhliz açılacağını bildirmişdi. Burada sadəcə olaraq indiki vəziyyətdən fərqli olaraq nəzarəti Azərbaycan sərhədçiləri etməklə yanaşı təhlükəsizliyi rus sülhməramlıları həyata keçirəcəkdi. Azərbaycan sadəcə olaraq razılıq verib ki, Laçın dəhlizi işləsin. Bu 5 il müddətinə müəyyənləşib. Amma ermənilər imza atdığı kapitulyasiya sənədində müddətsiz olaraq Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhliz açmağa öhdəlik götürüb. Burada da təhlükəsizliyi rus sərhədçiləri təmin edəcəkdi. Çünki 1992-ci ildən Ermənistanda yerləşdirilən rus sərhədçiləri bu funksiyaları icra edir. Laçın dəhlizi il yarımdan çoxdur ki, heç bir maneə olmadan işləyir. Amma qarşı tərəf buna alternativ olaraq çəkiləcək yolla bağlı bir ciddi addım atmayıb. Sözsüz ki, onlar öz üzərlərinə düşən işləri icra etməsə Azərbaycan Laçın dəhlizini birtərəfli olaraq bağlamalı olacaq.


Müəllif: Tapdıq Qurbanlı