25 Avqust 2022 15:55
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlığa əsaslanan uğurlu əlaqələrin qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə son dövrlərdə ölkəmizin öz birliyi və həmrəyliyi ilə bütün dünya dövlətləri üçün nümunəyə çevirilmiş türkdilli dövlətlərlə qarşılıqlı münasibətləri daha intensiv xarakter alıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri də məhz türkdilli dövlətlərin bu birliyi və qardaşlığı fonunda təhlil edilməlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, türk dünyasının bugünkü gücünün, qüdrətinin və həmrəyliyinin inkişafında Prezident İlham Əliyevin rolu danılmazdır: “Keçən il Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə mükafatlandırılırması da ölkə başçısının bu birliyə verdiyi töhfənin sübutudur. Türk dünyasının böyük dövlətlərindən olan Qazaxıstanla ölkəmizin dostluğu dərin köklərə malikdir, ikitərəfli və beynəlxalq münasibətlərdə ölkələrimizin mövqeyi hər zaman üst-üstə düşür. Tokayevin rəsmi səfəri zamanı ölkələrimiz arasında ticarət, iqtisadiyyat, kommunikasiya, xarici siyasət, idman, mədəniyyət və digər sahələri əhatə edən 20-dən artıq saziş imzalandı. Bu sənədlər içərisində əlbəttə müttəfiqlik münasibətlərimizin istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni xüsusi qeyd etməliyik. Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Naxçıvanla birləşdirilməsinin vacibliyinin qeyd olunması xüsusi ilə əhəmiyyətlidir”.

Komitə sədrinə görə, bu Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bir daha sübut edir: “Məsələnin digər tərəfi isə II Qarabağ müharibəsində qazanılmış tarixi zəfərimizdən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda regionda nəqliyyat-kommunikasiya imkanlarının daha da genişlənməsi ilə bağlıdır. Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşməsi artıq yalnız ölkəmiz üçün deyil, region dövlətləri üçün də nəqliyyat-tranzit baxımından böyük əhəmiyyət kəsb edən və Orta Dəhliz marşurutunun tərkib hissəsini təşkil edən mühüm məsələdir. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı da dostluğumuzun möhkəmliyinin bariz sübutudur. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Qazaxıstan şirkəti tərəfindən Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin tikilməsi bizim üçün qardaş dəstəyinin ən gözəl təzahürüdür. Dövlət başçısı da vurğuladı ki, bu mərkəz həm də Azərbaycan-Qazaxıstan dostluğunun mərkəzi olacaq. Eyni zamanda Prezident İlham Əliyevin Tokayev tərəfindən Qazaxıstanın “Altın Kıran” Ali Ordeni ilə təltif edilməsi isə bu dostluğa verilən dəyərin və hörmətin göstəricisidir”.

Ziyafət Əsgərovun fikrincə, dost Qazaxıstanla iqtisadi-ticari əlaqələrimizin genişləndirilməsi də ölkələrimizin bu sahədə inkişafina böyük töhfə verə bilər: “Həm ölkəmizdə, həm də Qazaxıstanda iqtisadi sahədə və investisiya qoyuluşu sahəsində böyük perspektivlər var. Odur ki, gələcəkdə həm bu sahələrdə birgə fəaliyyətimizin artırılması, həm də ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması qarşımıza qoyduğumuz məqsədlərdən biridir. Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının ən mühüm üzvlərindən biridir. Bu baxımdan KTMT-nin aparıcı üzvlərindən birinin Azərbaycana açıq siyasi dəstəyi kimi təhlil edilməli olan Qazaxıstanın Azərbaycana dəstəyi bizim üçün həm də çox böyük hərbi-siyasi diplomatik uğurdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər