44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün tarixi və beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü təmin edib. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi də prosesin növbəti mərhələsi idi. Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe ilə bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid yaradan amil aradan qaldırılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərinə səfəri və burada üçrəngli dövlət bayrağımızı qaldırmasını hər bir azərbaycanlı fəxr və qürurla izlədi və bu anlar tarixə həkk olundu. Bütün bunlar bir daha dünyaya göstərdi ki, bu torpaqların əsl sahibləri kimdir. Azərbaycan öz əzəli, əbədi torpaqlarına qayıdıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Ali Baş Komandanımız İlham Əliyev çıxışı zamanı Ermənistana və bu ölkədəki revanşist qüvvələrə lazımi mesajlar verdi:
“Erməni təribatlarına toxunan ölkə başçısı növbəti dəfə bəyan etdi ki, qüdrətli Azərbaycan Ordusu Ermənistan tərəfinin törətdiyi istənilən təxribatın qarşısını layiqincə alaraq onları yerinə oturdacaq. Laçın şəhərinin böyük hissəsinin tamamilə viran qoyulduğunu, dağıdıldığını, bəzi yerlərdə qanunsuz məskunlaşma aparıldığını qeyd edən Prezident İlham Əliyev dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun həmsədrlərinin bütün bunlara sadəcə olaraq göz yumduğunu qeyd etdi. Ermənistan hərbi-siyasi rəhbərliyinin destruktiv mövqeyi, beynəlxalq təşkilatların və dünyanın güc mərkəzi olan dövlətlərinin ikili standartları Azərbaycanı hərbi-siyasi yollarla tarixi torpaqlarımızı işğaldan azad etməyə vadar etdi. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli bilərdi. Bunların heç biri olmadı. Əksinə, 30 ilə yaxın bir müddətdə bu işğalı əbədiləşdirmək və status-kvonu saxlamaq üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək əllərindən gələni etdilər. Nəticədə, Azərbaycan haqq-ədalət uğrunda müharibəni bütün dünyaya nümunə olacaq şəkildə apardı və qalib gəldi. Ali Baş Komandanın “Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq” deməsi ölkə başçısının, Azərbaycan dövlətinin şəhidlərimizə, Şanlı Ordumuza olan diqqətinin göstəricisidir. Bu mənada dövlət başçısının şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı dünya ölkələrinə əsl nümunədir”.
Deputat Laçına səfəri çərçivəsində Prezident İlham Əliyevin Laçınlılara tarixi müjdə xəbərini də toxunub:
“Ölkə başçısının “Laçınlıların birinci qrupunun Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər” deməsi bütün xalqımızın xüsusəndə Laçınlıların böyük sevincinə səbəb olub. Hazırda Laçında böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçısı burada həyata keçiriləcək daha böyük işlərin anonsunu verdi. Prezident İlham Əliyev bildirdi ki, yaxın gələcəkdə Laçının elektrik enerjisinə olan tələbatı da tam və yüksək səviyyədə təmin ediləcək, insanların burada məskunlaşması üçün bütün gərəkli addımlar atılacaq”.
Tamam Cəfərova hesab edir ki, ölkə başçısının Laçın şəhərinin bərpası ilə bağlı verdiyi son qərarlar, Sərəncamlar mühüm əhəmiyyət kəsb edir:
“Bu amil bir daha göstərir ki, bu torpaqların əsl sahibi qayıdıb. Ölkəmizin ərazi bütövlüyü cəsarət və şücaətlə qoruduğu kimi buranın inkişafı və çiçəklənməsi üçün də bütün zəruri addımlar atılır. Artıq bütün dünya bir reallığı qəbul etməlidir, Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də regionda davamlı sülhün və təhlükəsizliyin təminatçısıdır”.