16 Noyabr 2022 09:05
4 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını dizayner, Azərbaycana 10 il rəhbərlik etmiş Vəli Axundovun nəvəsi, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu nəslinin nümayəndəsi Sara Axundova cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Sara xanım, ötən il Sürəyya Ağaoğlunun "Bir ömür belə keçdi" adlı xatirələr kitabının təqdimatını keçirdiniz. Layihənin davamı olacaqmı? Araşdırmalarınız davam edir?

- Sürəyya Ağaoğlunun kitabının Bakıda Azərbaycan dilində nəşr olunması çox böyük rezonans doğurdu. Əsər AzTV kanalında “Yüz ilin adamları” silsiləsindən Sürəyya xanım haqqında televiziya filminin çəkilməsinə təkan verdi və film tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılandı. Nəzərdə tutduğumuz kimi, kitab peşəkarlar mühitində böyük maraq doğurdu və biz Vəkillər Kollegiyasında ayrıca təqdimat keçirdik.

Həmçinin tarixçilərdən, jurnalistlərdən və gənclərdən çoxsaylı təşəkkür məktubları aldıq. Onların əksəriyyəti öz görkəmli həmyerlisinin adını ilk dəfə kəşf edirdi. Ötən il təşkil etdiyimiz Ağaoğlu tədqiqat mərkəzi çərçivəsində bir sıra maraqlı tədbirlər həyata keçiririk. Sürəyya xanım özündən sonra çoxlu sayda dəyərli material, sənəd və məktub qoyub, onlar Türkiyə arxivlərində saxlanılır. Hazırda həmin sənədlərin nəşr olunmasının mümkünlüyünü araşdırırıq.

Biz həmçinin əməli fəaliyyətlə məşğul olaraq ömrü boyu qadınların hüquqları uğrunda mübarizə aparmış Sürəyya xanımın ideyalarını həyata keçiririk. Belə ki, layihələrimizdən biri zorakılığa məruz qalmış qadınlar arasında hüquqi savadlılığın artırılmasına yönəlib. Hazırladığımız vərəqələrdə qadınların və onların azyaşlı övladlarının hüquqları olduqca münasib, sadə dildə izah edilir.

Eyni zamanda məişət zorakılığından əziyyət çəkən qadın və uşaqlar üçün psixoloji və hüquqi yardımların göstəriləcəyi Sürəyya Ağaoğlu Mərkəzini təşkil etməyi planlaşdırırıq. Qadın vəkillərin, hüquq fakültələri tələbələrinin peşəkar hazırlığı ilə bağlı da ideyalarımız var. Çox istərdik ki, məktəblərdə təbliğat gücləndirilsin. Zorakılığa məruz qalan məktəblilər var ki, hara, kimə müraciət edə biləcəklərini belə bilmirlər.

Sürəyya Ağaoğlu Türkiyədə sığınacağı özü yaradıb və bu günə qədər fəaliyyət göstərir. Ötən il tədbir keçiriləndə iştirak etdim, orada söylədilər ki, nə yaxşı Bakıdan kimsə gəlib. Sürəyya xanım hər zaman fəxrlə şuşalı olduğunu bildirirmiş. Bakıda da sığınacaq var, Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacaq kirayə mənzildə yerləşir. Həmin sığınacaqda olmuşam, valideyn himayəsindən məhrum uşaqlar üçün ayrıca mənzil olmasını arzulayıram. Allah imkan versin, həmin uşaqlar üçün Sürəyya Ağaoğlunun adını daşıyacaq sığınacaq tikdirmək istəyirəm.

İstanbulda Sürəyya xanımı hamı tanıyır, təəssüflər olsun ki, ölkəmizdə məktəblilər, gənclər onun barəsində ya az məlumatlıdır, ya da heç tanımırlar. Bu yaxınlarda təyyarədə bir türklə yanaşı əyləşmişdik, Sürəyya Ağaoğludan söhbət düşdü bə soruşdu ki, o, azərbaycanlıdır? Dedim bəs bilmirdinizmi, o, həmişə şuşalı olduğunu deyir. Əhməd bəy haqda danışdım, dedi ki, "Difai" Partiyası haqda məlumatı var, amma onu Əhməd bəyin yaratdığını bilmirmiş. İstəyirəm ki, gənc nəsil onları yaxından tanısın. İranda yaşananları görürsünüz...

Sürəyya xanım qadınların azad fikirli olmasını arzulayırdı, düşünürdü ki, onlar heç də kişilərdən geri qalmamalıdır. Deyirdi, bütün fəaliyyyətim boyu çalışırdım və təbliğ edirdim ki, qorxmayasınız, sərbəst olun. Düşünürəm ki, atası Əhməd bəy və Atatürk kimi şəxsiyyətlər olmasaydı, bəlkə də bu qədər cəsarətli və mərd olmazdı.

- Sürəyya xanımla qismət olmasa da, Əhməd bəyin kiçik qızı Gültəkin Ağaoğlu ilə Türkiyədə görüşdüyünüzü söyləmişdiniz, indi Ağaoğlulardan kimlərlə təmasınız var?

- Bəli, haqlısınız. Sürəyya xanımla sağlığında görüşmək mənə qismət olmayıb. Lakin onun kiçik bacısı, ixtisasca uşaq həkimi olan Gültəkin xanımla nəinki uşaq yaşlarımda, həmçinin 2000-ci illərin əvvəlində İstanbulda yaşadığım zaman dəfələrlə ünsiyyətdə olmuşam. O, gözəl kübar davranışlara malik olduqca cazibədar, ağıllı, ziyalı, xeyirxah xanım idi. Hazırda qohumlarımız olan Əhməd Ağaoğlu, tanınmış şairə və rəssam Eşim Ağaoğlu, sosiologiya professoru Yasəmin İncioğlu və digərləri ilə əlaqə saxlayırıq.

- Sonralar Türkiyədə Ağaoğlular kimi tanınan Ağayev ailəsi Şuşada məşhur nəsil olub. Artıq Şuşa azaddır, Sürəyya xanımın Şuşaya qayıdış hekayəsindən bəhs etməyinizi istərdim...

- Məlum olduğu kimi, Sürəyya xanım 1903-cü ildə Şuşada doğulub və 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edib. İllər sonra, 1981-ci ildə Bakıya qayıtmağa müvəffəq olsa da, Şuşaya getmək cəhdləri, təəssüf ki, baş tutmayıb. Ümidvaram ki, artıq Şuşa azad olunduqdan sonra onun adını oradakı küçələrin və ya təhsil müəssisələrinin birinə verməklə əbədiləşdirə biləcəyik.

- Şuşa işğal altında olarkən şəhərin bir çox binaları kimi ermənilər Əhməd bəy Ağaoğlunun böyüdüyü evi də dağıdıb. Şuşaya gedib həmin mənzərəni görmək imkanınız olub?

- Təəssüflər olsun ki, hələ Şuşaya gedə bilməmişəm, amma anam Nigar Axundova gedib, ev tamamilə dağıdılıb. Ən böyük arzum Ağayevlər-Ağaoğlular ailəsinə məxsus olmuş evi bərpa etdirməkdir. Bu məkan Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Səməd bəy Ağaoğlu, Tezer Taşkıran Ağaoğlu kimi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır.

- Bilirik ki, Əhməd bəylə yanaşı ailənin bəzi fərdləri mühacirətə gedib, bəziləri isə Azərbaycanda qalıb. Bu baxımdan bizə maraqlıdır. Əhməd bəygil neçə qardaş idilər, Azərbaycanda kimlər qaldı?

- Əhməd bəyin bir qardaşı – mənim ulu babam Hüseyn bəy və iki bacısı olub – Bəyaz xanım və Humay xanım. Ulu babam Hüseyn bəy Şuşada doğulub, daha sonra Bakıya köçərək ömrünün sonunadək burada yaşayıb. Məlum olduğu kimi, Əhməd bəy 1908-ci ildə (başqa mənbələrə görə 1909-cu ildə) Türkiyəyə mühacirət edib, 1910-cu ildə isə bacısı Humay Əhmədbəyin xanımı və övladları ilə birlikdə Türkiyəyə köçüb. Onun digər bacısı Bəyaz xanımın Türkiyəyə mühacirət etməsi barədə məlumatım olsa da, təəssüf ki, onun ailəsi ilə əlaqəmiz mövcud deyil.

- Siz Əhməd bəyin qardaşı Hüseyn bəyin qızı Sara xanımın adını daşıyırsınız. Hüseyn bəy haqqında bizə məlumat verə bilərsinizmi? O, Azərbaycanda nə işlə məşğul olub, Əhməd bəy Türkiyədə yaşadığına görə sovet hökuməti dövründə Hüseyn bəyə əziyyətlər verilibmi?

- Ulu babam Hüseyn bəy və Əhməd bəy çox yaxın olublar, baxmayaraq ki, ömürlərinin xeyli hissəsini bir-birindən ayrı yaşayıblar.

Əhməd bəyin ailəsi İstanbula yola düşərkən onları Batumidən məhz Hüseyn bəy yola salmışdı. Əhməd bəyin Maltada sürgündə olduğu ən çətin dövrdə isə Hüseyn bəy bütün çətinliklərə baxmayaraq, Türkiyəyə gedərək qardaşının ailəsinə arxa-dayaq olmağı bacardı. Əhməd bəyin oğlu Səməd bəy bu barədə öz xatirələrində böyük səmimiyyətlə yazırdı: “Hüseyn əmi öz yerişi və başının quruluşu ilə atama çox bənzəyirdi. Ona görə də evimizə gəldiyi zaman ikinci mərtəbənin pəncərəsindən baxarkən avtomobildən enən Hüseyn əmini gördükdə atamızın sürgündən qayıtdığını düşündük. Və qışqıraraq aşağı qaçdıq. Lakin ona yaxınlaşdıqda yanıldığımızı anladıq”.

Səməd bəy etiraf edirdi ki, “Hüseyn əmi ilə birlikdə evimizə canlanma, sevinc, bir qədər pul və az da olsa, həyat sevgisi gəldi. Anamızdan savayı hamımız Azərbaycan ləhcəsini yadırğamışdıq. Odur ki, anam və əmim öz aralarında azərbaycanca danışarkən tələffüz etdikləri sözlərin ahəngindən zövq alırdıq”. Hüseyn bəy İstanbulda bir neçə ay qaldıqdan sonra ailəsinin yanına qayıtmalı oldu.

Ulu babam siyasətdən uzaq idi, lakin hər zaman öz qardaşını və onun dostlarını dəstəkləyirdi. Buna görə sovet dövründə repressiyalara məruz qaldı.

- Nənəniz Sara xanım haqqında Əli bəy Hüseynzadənin məktubunda maraqlı bir bilgi var. Əli bəy yazır ki, Sara pianoda Mustafa Kamal paşa marşı çalırdı. Ona görə maraqlıdır, nənəniz daha sonra musiqi ilə məşğul olubmu? Ümumiyyətlə, harada oxuyub, nə işlə məşğul olub?

- Təəssüf ki, adını daşıdığım nənəm Sara xanıma məni görmək nəsib olmayıb. O, Azərbaycan Tibb İnstitutunu bitirib və göz həkimi işləyib. Lakin anamın dediklərindən bilirəm ki, nənəm xüsusi musiqi duyumuna malik olub, pianoda əla ifa edib, gözəl rəsm çəkib. Və bu, təəccüblü deyil, çünki Şuşa genləri özünü büruzə verirdi.

- Sara xanım Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovun həyat yoldaşı olub. Necə tanış olublar? Vəli müəllim bir qolu mühacirətdə olan Ağayevlərin qızı ilə evlənməyə çəkinibmi heç? Nənəniz necə bir xarakterə malik idi?..

- Sara xanımı tanıyanlar olduqca təvazökar, həlim, xeyirxah, ünsiyyət zamanı sadə olduğunu qeyd edirdilər. Babamla kimya-texnoloji peşə məktəbində oxuyarkən tanış olublar, daha sonra birlikdə Tibb İnstitutunda təhsil alıblar.

Nənəm müharibənin davam etdiyi uzun 4 il boyu babamın yolunu gözləyib, babam cəbhədən qayıtdıqdan sonra isə həyatın bütün çətinliklərini və xoş günlərini onunla ləyaqətlə bölüşüb... Onlar valehedici cütlük idi, lakin bu, başqa müsahibənin mövzusudur.

Anamın Türkiyədəki qohumlarına gəldikdə isə, “xeyirxahlar” hər zaman yetərincə olub və müvafiq orqanlara mütəmadi olaraq siqnallar ötürüblər. Lakin, görünür, babamın təmiz adı, yaxud dövranın bir qədər dəyişməsi səbəbindən təhlükə sovuşub... Hər halda artıq 60-cı illər, mülayim dövr idi, ona görə də bu mövzu o qədər də qabardılmırdı.

- Əhməd bəyin oğlu, Türkiyədə vaxtilə nazir olmuş Səməd Ağaoğlu 1966-cı ildə Azərbaycana, Şuşaya gəlir. Ata evini ziyarət edir. O zaman babanız Vəli müəllim Azərbaycanın rəhbəri idi. Bizə maraqlıdır, onlar arasında görüş olubmu? Səməd bəylə Bakıdakı, Şuşadakı qohumlarından kimlər görüşüb?

- Əhməd bəyin oğlu Səməd Ağaoğlu görkəmli dövlət xadimi olmaqla yanaşı, istedadlı yazıçı idi. Onun yaradıcılığında Türkiyənin ən yeni tarixinin olduqca maraqlı məqamlarını əks etdirən memuar ədəbiyyatından savayı sürrealizm əhval-ruhiyyəsinin hökm sürdüyü səhifələrə də rast gəlinir. Türkiyənin ədəbi mühitində onu hətta qeyri-rəsmi olaraq “türk Kafka” adlandırırdılar. Məhz ədəbiyyat xətti ilə o, 1966-cı ildə SSRİ Yazıçılar İttifaqının sədri Konstantin Simonov tərəfindən SSRİ-yə dəvət olunmuşdu.

Səfər zamanı o, babam Vəli Axundovla görüşməyib, çünki həmin vaxt babam və nənəm Azərbaycandan kənarda istirahət edirdilər. Səməd bəy Hüseyn bəyin qızları Qəmər xanım və Sürəyya xanımla görüşüb, Şuşaya getməyə və atası Əhməd bəyin doğulduğu Ağaoğlu ailəsinə məxsus evi taparaq fotoşəklini çəkməyə müvəffəq olub.


Müəllif: Nərgiz Ehlamqızı, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər