Münxen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platformadır. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.
Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak edib: “Konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən digər məsələlər də gündəmdə oldu. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.
Millət vəkilinə görə, ən vacib məqamlarından biri Münxen Təhlükəsizlik Konfransının çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın keçirilməsidir:
"Prezident İlham Əliyevin dediyi kimi bu tarixi görüşdür. Çünki Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşür. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Prezident plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Biz xatırlayırıq ki, 2020-ci ilin fevral ayında Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Budəfəki panel iclasında da cənab Prezident əsaslı arqumentlər və faktlarla erməni tərəfini susdurdu. Torpaqlarımızı BMT Nizamnaməsinin 51-ci fəslinə əsasən azad etdiyimizi deyən dövlətimizin başçısı vurğulayıb: “Biz də bu haqqımızdan istifadə etdik. Biz öz ərazimizdə döyüşmüşük. Bizim apardığımız müharibə torpaqların azadlığı uğrunda müharibə idi. Ona görə də o, ədalətli müharibə idi. Apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Niyə? Ona görə yox ki, onlar döyüş meydanında uduzurdular. Ona görə ki, onların apardığı müharibə işğalçı müharibə idi”.
Sevinc Fətəliyeva vurğulayıb ki, panel iclasında Prezident İlham Əliyev Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi: “Kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacaq. ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində isə ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı. Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. Bütövlükdə, Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru idi”.