Azərbaycan rəsmiləri ilə Qarabağda yaşayan erməni icması arasındakı görüş mühüm əhəmiyyət kəsb edir. Burada söhbət 1988-ci ilə qədər və ondan sonra da orada yaşamış yerli erməni icmasından gedir. Çünki onlar Azərbaycan vətəndaşları hesab edilir. Prezident İlham Əliyev də Münxendə bu məsələ ilə bağlı dövlətimizin mövqeyini bir daha səsləndirib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan çoxmillətli bir ölkədir:
“Ölkəmizdə milli azlıqlar çoxluq təşkil edir. O cümlədən Qarabağ ərazisində milliyyətcə erməni olan insanlar yaşayır. Bu mənada onlarla təmas qurmaq, Azərbaycan qanunlarına tabe olmalarını, dinc, yanaşı yaşamaq prinsiplərinə əməl etmələrinin bu cür görüşlərdə izah edilməsi lazımdır”.
Deputat deyib ki, Qarabağda yaşayan erməni əsilli insanların hamısı separatçı ola bilməz:
“Orada dinc şəkildə yaşayan mülki insanlar da var. Düşüncələrində heç də radikal meyillər olmayan ermənilər də az deyil. Ona görə də indiki məqamda mövcud vəziyyəti onlara izah etmək, başa salmaq vacibdir. Azərbaycan qanunları ilə vətəndaş kimi yaşamağın daha rahat olduğu izah edilməlidir”.
Qeyd edək ki, martın 1-də Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilən Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.