Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Asim bəy, Nikol Paşinyanın sülh, yoxsa müharibə istəməsi hələ də anlaşılmır. Belə bir paradoksal vəziyyət yaranıb. Azərbaycanın bu münasibətə adekvat reaksiyası, addımları nədən ibarət olacaq?
- Ermənistanın baş naziri dediklərini özü başa düşsə, digərləri də bunu anlayar. Sadəcə olaraq hər yerdə Paşinyan ona sülh təklif ediləndə “hə” deyir. Amma nəticədə heç nə etmir. Nə Brüsseldəki danışıqların, nə də üçtərəfli razılaşmanın bəndlərini icra etməyib. Bu isə o deməkdir ki, Paşinyan hansısa bir qərar qəbul etməkdən qorxur. Kimdən, nə üçün qorxur bu artıq digər məsələlərdir. Sadəcə olaraq o, sülh sazişini imzalamağa hazır olduğunu bir neçə yerdə bəyan etdikdən sonra heç bir addım atmayıb. Ona görə də, Nikolun leksikonundan bir şey başa düşmək olmur. İndiki halda onun hərəkətlərinə nəzarət etmək lazımdır. Çünki hər bir sözün nəticəsi olmalıdır. Nəticə isə bu gün ortada yoxdur.
- Sizcə o nəyə ümid edir?
- Görünür, Paşinytan nəsə gözləyir. Çox guman ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri onlar üçün daha maraqladır. Çünki məhz bu reallığa uyğun davranış sərgiləmələri üçün müharibənin nəticələri onlar üçün əsasdır. Bununla da erməni tərəfi kimin yanına qaçacağını və kimin müstəmləkəsinə girəcəyini müəyyənləşdirəcək. Hələlik buna hazır olmadığına görə, nəticələr onlar üçün daha vacibdir.
- Laçın yoluna beynəlxalq müşahidəçilərin dəvət edilməsi ilə bağlı Paşinyanın açıqlaması var. Bu nə dərəcədə mümkündür və ciddi əsası var?
- Burada heç bir məntiq yoxdur. Ona görə də erməni tərəfi asta-asta revanşa hazırlaşır. Hindistandan, İrandan Ermənistan yeni silahlar alır. Qarabağa hansısa gizli yollarla silah daşınır. Bütün bunlar Ermənistanın yeni müharibəyə hazırlaşdığını göstərir. Çox guman ki, onların siyasəti revanşizmə istiqamətlənib. Amma imkanları olmadığına görə indiki halda nəticəsiz sülhdən danışırlar.
- Almaniya kanslerinin Qarabağın müstəqilliyini əvvəl də tanımamışıq - mesajı var. Bu, qarşı tərəf üçün nə dərəcədə ciddi təsirə malikdir?
- Almaniya kanslerinin dediyi sözlər Avropa İttifaqının təkliflərindən ibarətdir. Bu gün bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Burada heç bir dəyişiklik ola bilməz. Almaniya da illər boyu bu modeli dəstəkləyib. Olaf Şoltzun Azərbaycan Prezidenti ilə görüşü zamanı Qarabağı Azərbaycanın ərazisi kimi tanıdıqları deməsi o deməkdir ki, bizim bu istiqamətdəki siyasətimiz davamlıdır. Sadəcə olaraq biz gözləyirik ki, Avropa Birliyi Ermənistana sülhlə bağlı üzərinə götürdüyü öhdəliklərin nəticəsini soruşsun. Çünki Ermənistan tərəfi Avropa ittifaqına sülhlə bağlı “hə” cavabını vermişdi. Ona görə bunun nəticəsi ilə bağlı tələb olmalıdır. Ermənistanla bu məsələdə heç bir addım atmamasının hesabatı aparılmalıdır.
- Bu məsələləri Ermənistandan tələb etmək üçün Avropa İttifaqına nə mane olur?
- Bu məsələdə də Fransa maneə yaradan tərəfdir. Fransanın mövqeyi əslində beynəlxalq hüquq normalarının pozulması deməkdir. Azərbaycanın daxili işlərinə qarışmaq, ərazi bütövlüyünə şübhə ilə yanaşmaq olmaz. Amma bu məsələlərdə Almaniyanın mövqeyi bir qədər fərqli olub. İndi gözlənilən odur ki, Prezidentin Almaniyaya səfərindən sonra bu ölkə bir növ Avropa Birliyində vəziyyəti tarazlaşdıracaq.
- Ermənistanın indi daha çox Qərbə üz tutması fonunda KTMT-dən çıxması ilə bağlı erməni baş nazirin açıqlaması da diqqəti cəlb edir. Belə olan halda Rusiyanın davranışları və mövqeyi necə olacaq?
- Bu əslində Ermənistan tərəfinin öz işidir. Onlar Rusiya ilə münasibətləri nə dərəcədə pozmağa qadir olacaqlarını hər kəs görəcək. Şübhələr var ki, onlar bunu edə bilərlər. Ona görə də addım atmaq hələ qərər vermək deyil. Görünən odur ki, Paşinyan daha çox qorxur. Bu baxımdan yalanları daha çox təkrarlayır.