"Shane Academy"də təhsil alan 10 tələbədən ibarət Azərbaycan komandası 24-26 mart tarixlərində Nyu-Yorkda BMT-nin Baş ofisində ölkəmizin tarixini, siyasətini yüksək səviyyədə təqdim ediblər.
Teleqraf.com xəbər verir ki, 200-dən çox ölkədən 5500 tələbənin qatıldığı “Dünyanın dəyişdirilməsi” adlı bu layihə çərçivəsində tələbələr bir ölkənin, təşkilatın nümayəndəsi kimi çıxış edir və dünyanın fərqli bölgələrindən gəlmiş nümayəndələrlə problemləri müzakirə edirlər.
Bu layihə iştirakçılara tənqidi təfəkkür, komanda işi və liderliklə yanaşı tədqiqat, ictimai çıxış, debat və yazı kimi bacarıqları da öyrədir. Layihənin əsas məqsədi sabahın liderlərinin formalaşmasına töhfə vermək, demokratiya və tolerantlıq dəyərlərinə əsaslanan inkişaf etmiş dünya yaratmaqdır.
Gənclərə yönəlmiş bu tədbirdə dünya siyasətinin və diplomatiyasının aparıcı simaları gənclərlə həmsöhbət olaraq onlara öz tövsiyələrini veriblər.
Qeyd edək ki, 100 nəfər üzvü olan komandalar 1 medala layiq görüldükləri halda, Azərbaycanın azsaylı komandası 4 medal və müxtəlif sertifikatlara layiq görülüb.