7 Aprel 2023 18:00
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisi İran parlamentinin məlum “bəyanatına” qarşı adekvat reaksiya verib, bəyanat qəbul edib. Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası Parlamentinin aprelin 5-də bəyanat qəbul etməsini Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azərbaycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatdır”. Azərbaycan Milli Məclisinin qəbul etdiyi bu bəyanat bir neçə gün öncə İranın riyakar siyasətinin mahiyyətini özündə ehtiva edən, parlamentinin ölkəmizə qarşı tamamilə saxtakarlıq və riyakarlıq nümunəsi olan uydurma “bəyanat”na cavabdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat İran paralamentinin bu “bəyanat”ı Azərbaycan üçün heç bir əhəmiyyət daşımamaqla yanaşı, hər hansı bir ciddi hüquqi və ya siyasi mahiyyət kəsb etmir: “İran teokratik idarəetmə formalı avtoritar dövlət olduğuna görə orada parlamentin qəbul etdiyi hər hansı bir sənəd heç bir mahiyyət daşımır. İranın cari iqtidar dövründə hətta xarici işlər nazirliyi belə ölkənin xarici siyasətinin formalaşdırılmasında vacib rol oynamır. Bütün mühüm qərarlar əsasən bir yerdən - mahiyyətcə terrorçu təşkilat sayılan SEPAH tərəfindən qəbul edilir. Ona görə də, İran “parlamentin” qəbul etdiyi “bəyanat” da bu ölkənin terrorçu simasının növbəti təzahürüdür”.

Millət vəkili hesab edir ki, İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını “pisləyən bəyanat” qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir: “Bu cür riyakar bəyanatlarla fars-molla rejimi yalnız öz şovinist tərəfdaşlarını aldada bilər. İranda yaşayan soydaşlarımız da, milyonlarla dindaş və məzhəbdaşlarımız belə qabaqdangəlmiş, uydurma bəyanata inanan deyil. İranın terrorçu siması bütün dünyaya da, İslam aləminə də yaxşı məlumdur. Bütün dünya yaxşı bilir ki, İran üçün İslam dəyərlərinin heç bir əhəmiyyəti yoxdur. Bu terror dövləti İslam dinindən siyasi avantüra üçün vasitə kimi istifadə edir”.

Tamam Cəfərova qeyd edib ki, bunun növbəti təzahürü İran parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi “bəyanat”da bir daha öz əksini tapıb: “Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə və bu işğalı 30 il xüsusi vandallıqla davam etdirərkən Tehran rejimi sadəcə “Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı bəsləyirik, bu prinsiplərə riayət olunmalıdır" kimi amorf bəyanatlar verməklə kifayətlənirdi. Həmin İran İslam Respublikasıdır ki, tarixi torpaqlarımızda 67 məsciddən 65-i dağıdılıb, viran edilib, təhqir olunanda gözünü yumub, vandal ermənilərlə birlikdə evləri sökür, infrastrukturu talan edir, daşıyıb İrana aparırdı. Həmin vaxt sanki iranlı deputatlar kütləvi şəkildə lal, kar, kor olmuşdular. Reallıq ondan ibarətdir ki, son 30 ildə İran Ermənistanın ən ciddi dayağı, iqtisadi və maliyyə baxımından güclü dəstəkçisi olub, indi də belədir. Dünyada ən böyük zülm və ədalətsizlik örnəklərindən biri müsəlmanlara qarşı fars-erməni ittifaqının zülmüdür. Qafanda konsulluq açıb, məzhəbdaşlarının qanını tökən Ermənistana hər cür dəstəyi göstərən İranın Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etməyə heç bir haqqı yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər