28 Aprel 2023 09:05
6 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Elçin Alıoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Laçın yolunda sərhəd-buraxılış məntəqəmizin qurulması dünyada böyük əks-səda doğurdu, rəsmi Bakı isə irimiqyaslı etirazlar qarşısında qətiyyətli görünür. Sizcə, bu etirazlar fonunda və qarşımızdakı həyata keçirilməsi zəruri olan hədəflər baxımından bizi nə gözləyə bilər?

- Ermənistanla şərti dövlət sərhədində, Həkəri çayının üzərində, Rusiya sülhməramlı kontingentinin 1 saylı bazasından cəmi 37 metr aralıda sərhəd-buraxılış məntəqəmizin qoyulması ilk baxışda adi görünə bilər. Bayrağımız qaldırıldı, məruzə edildi – bunların hamısı simvolikdir. Siyasət təkcə simvollardan ibarət deyil. Bu simvolların arxasında əməl, ən əsası, strategiya durmalıdır. Bizim strategiyamız hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizin tam azad edilməsi və Azərbaycana reinteqrasiyasıdır. Bunun üçün biz növbəti addımı atdıq. Əslində, bu məntəqənin qurulması çox böyük addımdır. Bu da ondan ibarətdir ki, Azərbaycanın dövlət sərhədinin perimetri boyunca ərazi toxunulmazlığımız bütünlüklə bərpa olundu.

Belə desək, dövlət sərhədindəki yeganə “dəlik” həmin yol idi, ora da nəzarətimiz bərpa edildi. Artıq Azərbaycan öz sərhədlərinə tam nəzarəti həyata keçirir.

İkincisi, Azərbaycan 10 noyabr bəyanatının şərtlərini sözbəsöz icra edir. Ermənilər və Azərbaycana irad tutan bütün dövlətlər deyirlər ki, biz bu bəyanatdan imtina etmişik. Həmin bəyanatın 6-cı bəndində bildirilir ki, Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, şəxslərin və yüklərin maneəsiz hərəkətini təmin edir. Biz buna heç vaxt maneə olmamışıq, söhbət, mülki şəxslər və nəqliyyat vasitələrindən gedir. Həmin bəyanatda deyilmir ki, Azərbaycan bu yola nəzarət edə, Azərbaycan dövlətin milli təhlükəsizliyinin təminatı üçün müvafiq addımlar ata bilməz. Bəyanatda o da deyilmir ki, Azərbaycan silah-sursatın, canlı qüvvənin, minaların gətirilməsinə laqeyd qalmalıdır. Ən əsası, bu bəyanatda deyilmir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ərazisində olan silahlı dəstələrin heyətindəki hərbçilərini çox asanlıqla rotasiya edə bilər.

Əsas məqamlardan biri də budur ki, məntəqənin qurulması faktiki olaraq, “Dağlıq Qarabağ münaqişəsi”, “Qarabağlı ermənilərin öz müqəddəratlarını təyin etmək hüquqları” və sair kimi idefikislərin artıq tarixin zibilliyinə birdəfəlik atıldığını göstərir. Artıq “Qarabağ münaqəşəsi” deyilən bir məsələ olmadığı kimi, qarabağlı ermənilərin də problemləri yoxdur. “Qarabağlı erməni” məfhumunun özü belə tarixin zibilliyinə atılıb.

Bu məntəqənin qoyulması Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu tam təsdiqlədi. İndi beynəlxalq hüquq və gömrük normalarına görə, hazırda Azərbaycan ərazisində kompakt yaşayan ermənilər faktiki olaraq, mərkəzi hakimiyyətə tabe olmurlar.

- Bəs bu sərhəd-buraxılış məntəqəsinin qoyulması bu məsələnin çözülməsinə necə təsir edəcək?

- Birincisi, Ermənistan hökuməti hələlik qeyri-rəsmi (amma bu günlərdə rəsmi bəyanat olacaq) formada Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin pasportlarını yeniləməkdən imtina etdi. Bu o deməkdir ki, qarabağlı ermənilər bundan sonra Ermənistandan nə maaş, nə təqaüd, nə müavinət, nə ödəniş, nə də tədiyyələr ala biləcəklər. Bu, həm də o deməkdir ki, qarabağlı ermənilər Ermənistan banklarının kartlarından istifadə edə bilməyəcəklər. Bu da o deməkdir ki, artıq maliyyə imkanlarını itirirlər.

- Belədirsə, bəs qarabağlı ermənilər hüquqi baxımdan kimdirlər?

- Azərbaycan vətəndaşlığını qəbul etməsələr, Konstitusiyamız çərçivəsində cəmiyyətimizə reinteqrasiya olmasalar, üç statusları var: Azərbaycan ərazisində kompakt yaşayan Ermənistan vətəndaşları, Azərbaycan vətəndaşlığını qəbul etməyən qanunsuz miqrantlar və Azərbaycan ərazisində yaşayan və Ermənistan vətəndaşı olaraq, Azərbaycan qanunvericiliyinə qəsdən tabe olmayan şəxslər. Vəssalam!

Bundan sonra qarabağlı ermənilərin iki seçimi var: ya Azərbaycana reinteqrasiyaya başlamalı, ya da pasportlarının istifadə müddəti bitdiyinə görə bütün beynəlxalq qanunlar və sazişlərə əsasən, Azərbaycanı tərk etməlidirlər. Çünki Azərbaycanla Ermənistan arasında ikitərəfli anlaşma yoxdur, ümumiyyətlə yoxdur. Bizim Ermənistanla olmayan münasibətlərimiz yalnız beynəlxalq təşkilatlar və MDB çərçivələrində olan anlaşmalar müstəvisindədir. Məsələ bu qədər bəsitdir.

- Rusiyanın bu məqamda Aleksandr Lentsov kimi yüksək rütbəli və peşəkar hərbçini Qarabağa göndərməsi də diqqət çəkir. Sizcə, Lentsov Qarabağa hansı missiya ilə gələ və nəyə nail ola bilər?

- Bizim bəzi media resursları və ekspertlərimizin iddiasının əksinə olaraq, Lentsov nə əyyaşdır, nə də qeyri-peşəkardır. Belə deyil. O, Rusiyanın Ukraynada Debaltsovo əməliyyatını hazırlayan çox peşəkar generallarından biridir. Desant generalıdır. 66 yaşlı general-polkovnikin bura göndərilməsi isə Moskva tərəfindən Rusiya sülhməramlı kontingentinin fəaliyyətində dönüş yaratmaq cəhdidir. Çünki indi Rusiya sülhməramlıları həm Azərbaycan, həm də Ermənistan tərəfindən ciddi tənqid olunur. Belə olan halda, sülhməramlıların daha intensiv və fəal çalışması gündəmə gətirilir.

Digər səbəbi isə Rusiya sülhməramlı kontingentinin tərkibində müqavilə əsasında xidmət edən hərbçilərin təxminən 85 faizinin Ukraynaya göndərilməsi ilə əlaqəlidir. Onları isə yeni hərbi çağırışçılar əvəzlədi. Beləliklə, şəxsi heyətin zəifləməsi fonunda onun geosiyasi baxımdan gücləndirilməsinə ehtiyac yaranır. Lentsov məhz buna görə göndərilib.

Faktiki olaraq, o, vaxtilə Arkadi Volskinin Qarabağda ermənilər üçün həyata keçirdiyi funksiyaları yerinə yetirməlidir. Yəni Ermənistandan alınan bütün mənfi reaksiyalara rəğmən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə sərt rejim tətbiq etməyə hazırlaşır. Bu da ermənilərə yaxşı heç nə vəd etmir.

- Bəs bundan sonra Laçın yolu ilə bağlı durum necə olacaq? Çünki Lentsov Qarabağa Rusiya Müdafiə Nazirliyinin Bakının addımını “qəbuledilməz” adlandırmasından sonra göndərildi.

- Bununla bağlı durum çox sadədir. Rusiya indi dəri-qabıqdan çıxır ki, nəzarət-buraxılış məntəqəsi götürülsün, ləğv edilsin, onun yerində rentgen skanerləri quraşdırılsın və nəzarət-buraxılış funksiyalarını sülhməramlılar yerinə yetirsinlər, Azərbaycan isə prosesi sadəcə onlayn izləmək imkanına malik olsun. Rusiyanın istədiyi budur.

- Bəs Bakı hansı yolu seçəcək?

- Bakı artıq yol seçmir, yolu çəkir və göstərir. Biz sərhədimizin mühafizəsini başqa dövlətə vermək niyyətində deyilik. Biz Ermənistan deyilik ki, sərhədlərimizi Rusiya hərbçiləri qorusun. Belə bir anlaşmamız heç bir dövlətlə yoxdur. Buna görə də, Azərbaycan öz sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini özü təmin etmək məcburiyyətindədir. Bizim başqa yolumuz yoxdur.

- Belə olan halda, ermənilərin rus sülhməramlıların təhriki ilə təxribatlara əl atması ehtimalı nə qədərdir?

- Ermənilərin təxribata əl atması ehtimalı çoxdur, təxribata əl atacaqlar da... Təxribatlar olacaq, bundan sonra da mövqelərimiz atəşə tutulacaq, yenə ərazilərimizdə mina basdırmağa çalışacaqlar, yenə də hansısa “mübarizə”dən danışacaqlar. Biz bunlara öyrəşmişik. Bizim taktikamız hərbi əməliyyat olmadan, lokal yolla irəliləməkdir. Strategiyanın yerinə yetirilməsi üçün mərhələli şəkildə taktiki addımlar atılacaq. Tələsmək lazım deyil, hər şey vaxtında icra olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər