13 İyun 2023 09:05
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfinin son dövürlər ardıcıl olaraq hərbi təxribatlara əl atması onların proseslərə yanaşması ilə izah olunur. Çünki danışıqlardan və müzakirələrdən öncə erməni tərəfi həmişə öz ənənəsinə sadiq qalaraq bir qayda olaraq bu cür təxribatlara əl atır. Məqsəd belə təxribatlarla vəziyyəti gərginləşdirməklə prosesi pozmaqdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, Ermənistan daxilində olan revanşist qüvvələrin və hərbi siyasi rəhbərliyin müəyyən bir şəkildə bu təxribatlarda rolu var:

“Görünən odur ki, Ermənistan hakimiyyəti də bu təsirlərdən qurtula bilmir. Eyni zamanda burada vəziyyəti gərginləşdirmək istəyən qrupların, ölkələrin də əli var. Hətta Ermənistanla sülh əldə olunsa belə onların bu təxribatlardan əl çəkəcəyi ehtimalları azdır”.

Polkovnik hesab edir ki, qarşı tərəf hər zaman kiminsə şifarişlərini yerinə yetirməklə təxribatlara əl atacaq:

“Amma bütün bunlara rəğmən Azərbaycan Ordusu bu cür təxribatlara hər zaman layiqli cavab verib və bundan sonra adekvat reaksiyalar daha təsirli olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər