25 Avqust 2023 09:23
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Elşən Manafov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- “Vaqner” qruplaşmasının lideri Yevgeni Proqojin təyyarə qəzasında öldü. İndi bunun qəza yox, sui-qəsd olduğunu düşünənlər daha çoxdur. Sizin fikriniz necədir, sui-qəsddirsə, təşkilatçısı kimdir?

- “Vaqner” liderinin ölümü ilə bağlı rəsmi açıqlamalar var, cinayət işi açılıb, istintaq aparılır. Olayı texniki nasasızlıq və pilotun yanlış idarəetməsi ilə əlaqələndirə bilərlər. Əlbəttə, Priqojin bir neçə ay əvvəl Rusiyada qiyam etmiş şəxsdir. Bu da rus ordusunun yüksək çinli zabitlərinə, konkret desək, Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyquya ünvanlanmışdı, özü də bunu gizlətmirdi.

“Vaqner” liderinin Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə əlaqələri də qarşıdurma həddində idi. Bütün bunları nəzərdə aldıqda, Priqojinin ölümünün təsadüfi olmadığını ehtimal etmək olar. Hər halda Rusiya prezidenti Priqojinin qiyamını “vətənə xəyanət” adlandırmışdı. Lukaşenkonun vasitəçiliyi ilə qiyamın qarşısı alındı.

Ümumiyyətlə, qiyamın önlənəcəyi məlum idi. Çünki Priqojinin “Vaqner”in 25 minlik qüvvəsi ilə böyük nizami Rusiya ordusunun önünə çıxa biləcəyi inandırıcı deyildi. Bu baxımdan, “Vaqner”in dövlət çevrilişi edəcəyi, Moskvaya uğurlu giriş edəcəyi ehtimalı yox idi.

Güman edirəm ki, “Vaqner” liderinin ölümündə onun Rusiyanın hərbi-siyasi elitası ilə münasibətlərindəki məqamlar ola bilərdi. İstisna etmirəm ki, bir müddət sonra təyyarə qəzasına Ukrayna dronlarının səbəb olduğu versiyası da ortaya atılacaq. Müharibənin davam etdiyi vaxtda bu ehtimal yüksəkdir.

- “Vaqner” liderinin ölümü Rusiyada hansı gəlişmələrə yol aça bilər?

- Maraqlı bir məqam var ki, Priqojin Afrikada uğurlu əməliyyatlar keçirib qayıdanda bu olay yaşandı. Hazırda Nigerdə ciddi hadisələr baş verir. Ciddi siyasi ekspertlər bunların dünyanın nizamına təsir edə biləcək gəlişmələr kimi qiymətləndirirlər. Çünki Niger Avropanın, xüsusən də Fransanın enerji tələbatının ödənilməsində ciddi rol oynayan bir dövlətdir. Bu ölkə qızıl, uran, alüminium yataqlarları ilə zəngindir. İndi Niger-Nigeriya münasibətləri qarşıdurma həddindədir.

Nigerin arxasında Rusiyanın təmsil olunduğu BRİKS, Nigeriyanın arxasında isə Qərb koalisiyası durur. Mali və Burkina Faso da Nigerə dəstək verir. Bu iki dövlətdə də baş vermiş çevrilişdə “Vaqner” ciddi rol oynamışdı. Bu isə o deməkdir ki, Afrikadakı geosiyasi rəqabət yeni mərhələyə keçə bilər.

Mənə elə gəlir ki, Priqojin bu dövlətlərdə baş verənlərlə bağlı bir çox ölkələrin xüsusi xidmət orqanlarının sahib olmadıqları bilgilərə malik idi. Bu kontekstdə Priqojinin ölümü və ya sui-qəsd nəticəsində aradan qaldırılması Rusiyanın hərbi-siyasi elitasında müəyyən gərginlik yarada bilər. Amma düşünmürəm ki, Putinin hakimiyyətdə qaldığı bir şəraitdə bu, Rusiyada ikihakimiyyətliliyə səbəb olsun, o cümlədən bu ölkəni Ukraynada məğlubiyyətə sürükləyəcək amillərdən birinə çevrilsin.

Putin kifayət qədər güclü və xarizmatik liderdir. Zənnimcə, dövlət idarəetmə sistemində baş verənlər onun nəzarətindədir. O cümlədən Afrika və Ukraynada yaşayanlar. Buna görə də düşünürəm ki, Priqojinin ölümü hadisələri sadəcə gərginləşdirə bilər. Amma bunun Qərbin gözlədiyi fazaya keçmə ehtimalı onun gözlədiyi qədər yüksək deyil.

- Baş verənlərə Priqojinin Rusiyanın hərbi komandanlığı ilə münasibətlərindəki soyuqluğun səbəb ola biləcəyini, olayın əlavə gərginlik yaradacağını dediniz. Bəs Putin bu gərginliyi aradan qaldırmaq üçün Priqojinin də zamanında sərt tənqid etdiyi Şoyqu və Gerasimovu postlarından uzaqlaşdıra bilərmi?

- Ukraynada davam edən müharibədə Rusiya prezidentinin istədiyi dönüşün baş verməməsi Putini bu tədbirləri həyata keçirməyə sövq edə bilər. Amma Putin təcrübəli dövlət başçısı və keçmiş kəşfiyyatçıdır. O gözəl başa düşür ki, Rusiya indi təkcə Ukrayna ilə yox, bütün Şimal Alyansı (NATO) ilə vuruşur. Əlbəttə, bu dövlətlərin maliyyə və hərbi resursları kifayət qədərdir.

Bununla belə, bəzi NATO mütəxəssisləri də bildirirlər ki, belə davam edəcəyi təqdirdə, Ukrayna ordusunun əks-hücumun uğursuzluğa düçar olacağı birmənalıdır. Çünki Rusiya hərbi sənayesi günə 50 tank istehsal etmək və bunu 100-ə qədər artırmaq imkanına malikdir. Bu fonda NATO ölkələrindən Ukraynaya tankların göndərilməsində azalma tendensiyasını görürük.

Zelenskinin bütün çağırışlarına baxmayaraq, Şimal Alyansı Ukraynanın hava məkanının təhlükəsizliyini təmin etmədi və ya edə bilmədi. Bütün bu faktlar göstərir ki, Gerasimov və Şoyqu Rusiya ordusunun mövqelərinin qorunmasında ciddi işlər görüb. Amma Rusiyanın ali baş komandanı Putindir, bu baxımdan, həmin şəxslərin istənilən vaxt əvəzlənmə ehtimalı həmişə var. Bunun üçün Rusiyanın kifayət qədər təcrübəli kadrları mövcuddur.

Putin hələlik Stalin kimi hərbi-siyasi elita daxilindəki qarşıdurmadan məharətlə istifadə edir. Rusiya lideri bu qarşıdurmadan yararlanaraq öz mövqelərini daha da gücləndirir. Amma Putinin Şoyqu ilə münasibətləri yüksəkdir, Gerasimova etimadı böyükdür. Hətta Putin Priqojinin təhdid və hədələrinə baxmayaraq, ən həlledici məqamda belə adıçəkilən şəxsləri əvəzləmədi.

Amma Priqojinin ölümü yeni situasiya yarada bilər, bu baxımdan onların əvəzlənməsi ehtimalı istisna deyil. Hər şey Ukrayna ordusunun əks-hücumu və Rusiya qoşunlarının buna necə cavab verəcəyindən asılı olacaq.

- Bəs Priqojinin ölümü artıq bir dəfə qiyama cəhd etmiş “Vaqner”i Rusiya üçün təhlükəyə çevirə bilərmi?

- Priqojinin ölümündən əvvəl “vaqnerçilər”in Afrika ölkələrində yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Məncə, Putin düşünür ki, “Vaqner” üzərində düşən missiyanı yerinə yetirib. Hər halda “Vaqner”in Ukraynada baş verənlərdə rolu o qədər də böyük deyildi. “Vaqner” müharibənin əvvəlində öz missiyasını həyata keçirmişdi.

Zənnimcə, “Vaqner”ə bundan sonra Afrikanın müəyyən ölkələrində lazım olacağı təqdirdə hərbi əməliyyatların keçrilməsi və bölgədə Rusiya ilə əlaqələrə önəm verən hökumətlərin mühafizə edilməsi missiyası tapşırılacaq.

“Vaqner”in Rusiya üçün təhlükəli olub-olmayacağı məsələsinə gəlincə, buna inanmıram. Belə bir məşhur deyim var: kral öldü, yaşasın yeni kral. Yəni “Vaqner” yenidən əvvəlki formada saxlanılsa və maliyyələşdirilsə, Priqojin yalnız xatirələrdə qalacaq. Heç kim Priqojinin qisasını Kremldən almaq haqda fikirləşməyəcək. Tarixdə həmişə belə olub, bu dəfə də istisna olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər