Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Rusiyanın Qarabağ ermənilərinə yardımı fonunda bir qədər sakitlik müşahidə edilir. Sizcə, nə baş verir, oyun başa çatdımı?
- Hazırda da Qarabağda ermənilər yaşayan ərazidə Ermənistan tərəfindən yalançı bir təbliğat aparılır. Rusiya tərəfindən həmin əraziyə yardımın göndərilməsi əslində Ermənistanın apardığı təbliğata aydınlıq gətirdi. Hamıya bəlli oldu ki, orada blokadanı təşkil edən Ermənistanın dəstəklədiyi qondarma qurumun qalıqlarıdır. Onlar məhz Ermənistan büdcəsindən maliyyələşən qruplardır. Rusiya tərəfindən ora yardımın aparılması ilə onların “aclıq və humanitar” böhranla bağlı təbliğatları ifşa olundu.
- Rusiya-Ermənistan arasında gərginlik müşahidə edilir. Tərəflər bir-birini açıq şəkildə ittiham edir...
- Rusiya və Ermənistan arasında ittihamlardan danışmaq bir qədər məntiqsiz olar. Çünki son 30 ildə Rusiya Azərbaycana bir dəfə də olsun heç bir humanitar yardım göndərməyib. Faktiki olaraq Azərbaycanda bir milyon sakin qaçqın və məcburi köçkünə çevrilmişdi. İndi də Rusiya Azərbaycan ərazisindən istifadə etməklə humanitar yardımı ermənilərə apardı. Bu baxımdan nə baş verirsə-versin ruslarla ermənilər arasında münasibətlər tamamilə fərqlidir. Reallıq odur ki, Rusiya bir daha kimin tərəfində olduğunu göstərdi.
- Amma Paşinyanın Rusiyaya qarşı olan ritorikası hər gün bir qədər də kəskinləşir...
- Əslində burada sözlər çarəsizlikdən deyilir. Siyasi baxımdan isə Ermənistan və Rusiyanın mövqeyi dəyişməyib. Sadəcə olaraq indi imkanları yoxdur deyə belə bir teatral səhnə yaradıblar. Reallığa qalsa, Rusiyanın ermənilərə yardım göndərməsi bir daha göstərdi ki, onların münasibətləri tamam fərqlidir. Rusiya özü böhran yaşadığı halda ermənilərə yardım edir. Azərbaycan əraziləri işğalda olan müddətdə ermənilər tərəfindən insanların evləri dağılanda Rusiya bir dəfə də olsun yardım təklifi belə etməyib.
- Qondarma seçkidən sonra separatçılar bir qədər ümidsizliyə qərq olub. Sizcə, qısa zamanda orada belə bir gedişin olması nədən xəbər verirdi?
- Bu oyundur. Çünki orada heç bir seçki ola bilməz. Bu təyinat idi. Oradakı seçicilər və seçilənlər Ermənistan büdcəsindən maliyyələşən şəxslərdir. Sadəcə olaraq Ermənistanın işğal siyasətini malalamaq üçün burada guya “müstəqil hansısa seçki” olub görüntüsü yaradırdılar. Əslində oradakılara heç separatçılar da demək olmaz. Bu şəxslər Ermənistanın cib siyasətçiləridir. Həmin adamlar Ermənistan dövlət büdcəsindən məvacib alır.
- Putinin keçmiş Qarabağ münaqişəsi dövrünə aid bir çox təklifləri yenidən gündəmə gətirməsi nəyə görə idi?
- Burada Putin tərəfindən bir az qəribə fikirlər də səslənib. Çünki nədənsə Putin etiraf etməyib ki, bu təkliflər necə verilib? Bu təklifləri o vaxt üç tərəf verirdi. ATƏT-in Minsk Qrupunun adından belə təkliflər gəlirdi. Gərək Putin bunu səsləndirərdi. O göstərərdi ki, bu, təkcə bizim təklifimiz, mövqeyimiz deyil. Amma o, bunu demədi. Eyni zamanda Putinin bu bəyanatı Azərbaycan-Ermənistan münaisbətlərinə aid deyil. Bu, daha çox Rusiya-Qərb arasında gedən rəqabəti əks etdirir.
- Siz o vaxt da aktiv siyasətdə olmusunuz, Azərbaycanın bu təkliflərə münasibəti necə olub?
- Putin əslində elə bir təəsürat yaratdı ki, guya Azərbaycan buna hazır idi, ermənilər "yox" deyib. Amma bu, əslində belə deyil. Azərbaycan bu təkliflərin mahiyyətini hər zaman doğru dəyərləndirib. Burada təkliflər yox, daha çox tezislər ortaya atılırdı. Tərəflər bunu qəbul etdikdən sonra saziş tərtib olunurdu. Bu sazişi də həmsədr tərtib edirdi. Məhz bunun üzərində söhbət aparılırdı. Ona görə də, burada razılıq vermək ya da verməmək şərti məsələ idi.
- Azərbaycan-Ermənistan arasında gərginliyin hərbi müstəviyə keçməsi ehtimalını necə dəyərləndirirsiniz?
- Belə bir təhlükə var. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, suverenliyini qəbul etmək istəmir. Azərbaycan da açıq şəkildə bəyan edir ki, Ermənistan qondarma rejimə müdaxiləsinə son qoymasa reinteqrasiya prosesi mümkün deyil. Belə olan halda top indi Ermənistan tərəfindədir. Onlar bu siyasətə son qoymasalar, Azərbaycan Qarabağda Ermənistan ordusunun qalıqlarını güc tətbiq edib çıxaracaq.