30 Sentyabr 2023 09:27
8 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Qarabağ erməniləri ilə bağlı “Amerikanın humanitar səyləri”ni əlaqələndirəcək “Fəlakətlərə Yardım Cavab Qrupu”nun (DART) Cənubi Qafqazda yerləşdiriləcəyini açıqladı. Dövlət Departamentinin sözçüsü Metyu Miller isə deyir ki, Qarabağa “beynəlıxalq missiya” göndəriləcək, Azərbaycan da razıdır. Sizcə, nə etmək istəyirlər: regionda özlərinə yer etməyə, ya düzənə düşən bölgəni qarışdırmağa çalışırlar?

- Hazırda istər Qarabağda, istərsə də Ermənistanın Azərbaycanla sərhədində “humanitar məqsəd”lə kənar qüvvələrin yerləşmə cəhdləri izlənilir. Ancaq bunun Azərbaycan üçün əsas, vacib tərəfi odur ki, müzakirələrin heç biri beynəlxalq hüquqa zidd deyil, ərazilərin suverenliyi və sair kimi hüquqi aspektlərdən kənara çıxmır. Ümumi olaraq, məsələlər danışıqlar mərhələsindədir və Ermənistan müzakirələrdə yalan və dezinformasiya kampaniyalarından çıxış etsə də, Azərbaycan reallıq və beynəlxalq hüquq çərçivəsində öz suveren ərazilərində legitim addımlar prinsipini rəhbər tutur.

Humanitar məsələlərə gəlincə, Ermənistanın dezinformasiya və təhriklərlə əhalinin (ermənilərin) Qarabağdan çıxmasına çağırışlar edir ki, bunda da əsas məqsədi daha sonra bu “faktlar”ı öz maraqları üçün istifadə etsin. Çıxan insanların üzərindən siyasi dividentlər qazanmaq üçün necə istifadə etməyə çalışdığı göz önündədir. Amma proseslərin bu mərhələsində neytral və müstəqil arbitr qismində çıxış edəcək qısamüddətli müşahidəçi missiyası faydalı ola bilərdi.

Ermənistan ərazisi bizə maraqlı deyil, eyni zamanda, USAID və ya ABŞ-dan Cənubi Qafqaza gələcək mümkün missiyanın müzakirəsi getmir. Ancaq USAID-in öz Cənubi Qafqaz ofisi çərçivəsində hər hansı bir layihəsi nəzərdə tutula bilər ki, bu da QHT tipli bir qurumun gördüyü iş ola bilər. Bu, sadəcə təklifdir və müzakirə mərhələsindədir. Bölgəyə mülki missiyanın göndərilməsi məsələsi hələ 44 günlük müharibədən sonra müzakirə olunmağa başlayıb. O dönəmdə Avropa Birliyi bu prosesdə öncül idi. Yəni bu, yeni xəbər deyil. Ermənistanın qondarma soyqırımı və blokada təbliğatının əsasında da bu məsələlərin təşviqi dururdu.

Məsələ humanitar çərçivədədirsə, Beynəlxalq Qızıl Xaç Komitəsi onsuz da Qarabağdadır. İndi hansısa missiya ora gəlsə belə, onun da fəaliyyətinin bundan fərqli olması mümkün deyil.

Qarabağdan çıxanların sayına gəlincə, BMT-nin qaçqınlar məsələsi ilə bağlı Cənubi Qafqaz nümayəndəliyi təqdim etdiyi rəqəmlərlə Ermənistan hökumətinin elan etdiyi rəqəmlər arasında ciddi fərqlər var.

İndi kənar qüvvələrin nə etmək istədikləri və ya nə planlaşdırdıqlarının konkret cavabı ancaq vəziyyətdən istifadə edib regionda yerləşmə cəhdləri çərçivəsindədir. Qarabağda nə olacaqsa, Azərbaycan Konstitusiyası əsasında olacaq. Humanitar məsələləri biz özümüz də həll edə bilərik, necə ki, edirik.

Kənar qüvvələrin məqsədlərinə gəlincə, bu kampaniyanı başladanlar Cənubi Qafqazda yerləşməyə cəhd göstərirlər. Bunu da ona görə edirlər ki, Rusiyanın Ukraynadakı müharibəyə görə mövqeləri kifayət qədər zəifləyib. Bu durumdan da istifadə etməyə çalışırlar.

- Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də İspaniyada (Qranada şəhəri) keçiriləcək görüşündən gözləntiniz necədir: sülh müqaviləsi ilə bağlı irəliləyiş olacaqmı?

- Qranada görüşünün gündəliyi qismən hazırdır. Bu da Azərbaycan prezidentinin köməkçisinin bu yaxınlarda keçirdiyi görüşdə (Brüssel) müzakirə olunmuşdu. Hələlik ortada “sülh sazişi imzalanacaq” kimi bir yanaşma yoxdur, amma cidi razılaşmalar var. Bu razılaşmalar da Ermənistanı öz maraqları yox, beynəlxalq hüquq çərçivəsində məsuliyyətli olmağa sövq edir. Bu da bizim maraqlarımıza uyğundur. Hazırkı mərhələdə gedən proseslərdə bizim əleyhimizə olan heç nə yoxdur.

- Rusiya və Ermənistan arasındakı gərginlik pik həddinə yaxınlaşır. İrəvan Moskvada etirazlara səbəb olan Roma Statutunu ratifikasiya etməyə hazırlaşır. Sizcə, Rusiyanın Ermənistanın bu və digər addımlarına cavabı necə ola bilər?

- Rusiyanın Ukraynada üzləşdiyi vəziyyət göstərdi ki, Ermənistan da daxil onun hər hansı strateji tərəfdaşı onunla hesablaşmır. Rusiyanın bu yerə gəlib çıxmasının səbəbi onun uzaqgörməyən siyasəti ilə bağlıdır.

Ermənistana gəlincə, o, Avropa Birliyi və ABŞ-ın Ukraynadakı müharibəyə görə tətbiq etdiyi sanksiyalardan yayınmasında Rusiya üçün faydalı olan bir nömrəli ölkədir. İkincisi, Nikol Paşinyanın ətrafındakı biznes dairələri bu müharibədən Ermənistan üçün milyardlar qazanır. Bu biznes dairələri Paşinyana və onun həyat yoldaşına bağlıdır.

Mənim müşahidəmə görə, ortada oynanılan gərginlikdən fərqli bir şey görünmür. Əlbəttə, Ermənistan daxilində Rusiyanı özlərindən asılı etmək istəyən qüvvələr var. Ermənistan əvvəllər də Rusiyaya qarşı istifadə etmək üçün təsir nöqtələri axtarışında olduğuna görə, bu məqamda göydəndüşmə imkanlardan biri elə Roma Statutu oldu. İndi Ermənistan bunu qəbul etməklə Rusiyaya qarşı bir təsir nöqtəsi yaratmağa çalışır. Bu statutun qəbulu ilk növbədə Ermənistanın öz əleyhinə işləyəcək. Baxmayaraq ki, biz qəbul etməmişik, amma Ermənistan bunu təsdiqləyirsə, onda Birinci Qarabağ Müharibəsində ciddi hərbi cinayətlər törətmiş şəxslər var ki, onları ya həbs etməlidir, ya da beynəlxalq məhkəmələrə verilməsi öhdəliyi formalaşacaq.

- Bəs Ermənistandakı gərginlik necə olacaq?

- Bu gərginliyi Rusiya və Ermənistan aparmır. Regiona girmək istəyən qüvvələrlə bağlı Rusiya və Ermənistan tərəfindən oynanılan oyunlar var. Ukraynada davam edən müharibə fonunda isə “artıq güclü Rusiya dövləti yoxdur” təsəvvürü var və Rusiya daxilində kənar maraqlara işləyən şəbəkələr aktiv fəaliyyətdədir.

Rusiya biznesinin 70 faizdən çoxunun başında ABŞ-ın biznes elitası dayanır. Hazırda orada qrup maraqları vuruşur.

Bölgəmizə gəlincə, prosesləri Azərbaycana qarşı yönəltməyə çalışırlar, amma burada vacib məqam odur ki, kimin nə oynamasından asılı olmayaraq, beynəlxalq hüquq və nizam var. Azərbaycan da öz addımlarını bu nizama görə atır. Qısamüddətli perspektivdə səs-küylər var, amma uzunmüddətli perspektivdə cəhdlər və proses yoxdur. Əgər hansısa “humanitar yardım”dan söhbət gedirsə, bu da digər məsələlər kimi bizim şərtlərimiz daxilində olacaq. İndi bunlar Samanta Pauerin öz fikri deyil, ABŞ-dakı erməni lobbisinin təsiri ilə dilə gətirilir. Onların nə deməsindən asılı olmayaraq, gedişat onların istədikləri istiqamətdə getməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər