İstənilən halda Fransanın Ermənistanı silahlandırması yeni gərginlik ocağının yaranmasına xidmət edir. Bölgədə silah-sursatın həcminin artması, Ermənistan kimi ölkəyə əlavə döyüş vasitələrinin verilməsi yaxşı hal deyil. Fransa bu məsələdə diqqətli olmalı idi. Amma görünən odur ki, Ermənistan və Fransa bölgə ilə bağlı öz maraqlarını təmin etmək üçün silah tədarükünə başlayıb.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, artıq rəsmi sənəd imzalanıb:
“Fransa silahları Ermənistana gətirilir. Daha çox müdafiə tipli silahların veriləcəyi açıqlanır. Ermənistanın hava məkanını qorumaq üçün bu silahların verildiyi deyilir. Digər silahların verilməsi də nəzərdə tutulub. Raket-artilleriya, rabitə adavadanlıqlarının da verilməsi planlaşdırılır”.
Hərbi ekspert hesab edir ki, Parislə İrəvan arasında olan anlaşma Cənubi Qafqazda yeni münaqişələri qızışdıra bilər:
“Bu, Ermənistanda revanşizmin fəallaşmasına təkan verən amil kimi də dəyərləndirilir. Eyni zamanda burada Rusiya faktoru da diqqətdən yayınmamalıdır. Sözsüz ki, Qərb silahlarının Ermənistana gəlməsinə Rusiya seyirçi kimi yanaşmayacaq”.
Üzeyir Cəfərova görə, Ermənistan yaxın perspektivdə təhlükəsizliyini Rusiyasız görür:
“Rusiya Ermənistandakı mövqelərini itirir. Nikol Paşinyan Rusiyanın əli ilə təhlükə olmadığına görə riskə gedir. Qərbdən ona təminat verilib. Bu spontan qərar deyil. Ərazisində Rusiyanın hərbi bazasının olmasına baxmayaraq Ermənistan Fransadan silah alırsa, bu tamam başqa məsələdir. Bu Rusiya silahına və yardımına ehtiyac olmadığı mesajıdır. Beləliklə Rusiyanın Ermənistandan çıxması qaçılmaz hala gəlir. Əslində bu, böyük planın tərkib hissəsidir”.