25 Oktyabr 2023 19:43
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev-100: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin moderatoru, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu konfrans Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarının, əldə edilən nəticələrin təhlili, həmçinin Ümummilli Liderin siyasi irsinin təşviqi və öyrənilməsi baxımından önəmlidir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən videokonfransın işinə uğurlar arzulayıb və tədbirin Heydər Əliyev irsinin hərtərəfli öyrənilməsinə mühüm töhfə olacağına inamını ifadə edib. Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu münasibətlə istər respublikamızda, istərsə də bir çox xarici ölkələrdə silsilə tədbirlər keçirilir, Heydər Əliyevin müasir dövlətçilik tariximizdə müstəsna yerinə və roluna nəzər salınır, Onun zəngin siyasi irsinin müxtəlif aspektləri geniş ictimaiyyətin diqqətinə çatdırılır.

Sonra dünya şöhrətli yazıçı, Qazaxıstanın ictimai-siyasi xadimi Oljas Süleymenovun konfransa ünvanlanmış videomüraciəti nümayiş olunub. Azərbaycan xalqına və dövlətinə ürəkdən bağlı olduğunu diqqətə çatdıran Oljas Süleymenov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qazax yazıçısı Ümummilli Liderlə ilk dəfə 1975-ci ildə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərində görüşdüyünü deyib: “Keçmiş sovetlər ittifaqının hər yerindən Azərbaycana qonaqlar gəlmişdi. Biz qruplara bölünərək bu qonaqpərvər respublikanın müxtəlif bölgələrinə səyahət etdik. Qonaqlar Bakını tərk etməmişdən əvvəl Heydər Əliyev bizimlə görüşdü. Sənətə, ədəbiyyata böyük önəm və dəyər verən Ümummilli Lider tədbirdə iştirak edən yazıçı və şairlərin çoxunu ilk dəfə görürdü. Onun nitqindən aydın olurdu ki, çıxışa çox gözəl hazırlaşıb. Dünya ədəbiyyatına Oljas Süleymenov kimi yazıçı bəxş etdiyinə görə qazax xalqına təşəkkür edən Heydər Əliyev mənə üzünü tutaraq dedi: “Sən təkcə Qazaxıstan xalqına deyil, bütün Türk dünyasına lazımsan”.

Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini, Əməkdar jurnalist Mixail Qusman çıxışında doğulduğu gündən dünyasını dəyişdiyi günə qədər inanılmaz dərəcədə zəngin, möhtəşəm həyat yolu keçmiş dahi lider Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafına verdiyi töhfələrdən söhbət açıb. Ulu Öndəri müasir Azərbaycan dövlətinin memarı adlandıran M.Qusman qeyd edib ki, Heydər Əliyevin xidmətləri misilsizdir. Hələ Sovet dönəmində, məhz Onun rəhbərliyi dövründə Azərbaycan elə bir inkişaf etmiş ölkəyə çevrilmişdi ki, bütün digər respublikalar ona oxşamağa çalışırdılar. Çünki Azərbaycan praktiki olaraq digər respublikalardan irəlidə idi: “Təsadüfi deyil ki, mən ovaxtkı sovet lideri Leonid İliç Brejnevin doğma respublikamız haqqında dediyi sözləri tez-tez xatırlayıram. Brejnev Heydər Əliyevin başçılıq etdiyi respublika barədə “Azərbaycan iri addımlarla irəliləyir” demişdi. Təbii ki, o vaxt bu ifadə bütün Sovet İttifaqına yayılmışdı, Azərbaycanın bütün şüarlarında bu sözlər yazılırdı. Lakin fikir verin, Leonid İliç bu frazanı düşünərək demişdi. Bu, sadəcə, gözəl fraza deyildi, bütün digər respublikalarla müqayisədə Azərbaycanın möhtəşəmliyinə hörmət əlaməti idi. Ona görə ki, Brejnev baş katib olmazdan əvvəl Ukraynada, Qazaxıstanda, Moldovada işləmişdi və bütün bu respublikalar çalışırdılar ki, Sovet İttifaqının lideri Azərbaycan haqqında dediklərini onlar haqqında da deyə bilsin”.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi zaman müstəsna fəaliyyət göstərib, misilsiz işlər görüb: “Heydər Əliyevdə fitri istedad, bacarıq və cəsarət, Vətəninə, xalqına, torpağına bağlılıq var idi. Yəni idarəçilik üçün nə tələb olunurdusa, hamısı var idi. Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri seçildikdən sonra qısa müddət ərzində respublikamızı ittifaq miqyasında ön sıralara çıxardı. Həmin dövrdə Azərbaycan hər bir sahədə böyük nailiyyətlərə imza atdı. Heydər Əliyevin 1969-1982-ci illərdəki idarəçilik sistemi o vaxtkı SSRİ-nin bütün rəhbərlərinə nümunə idi. Daha sonra Ulu Öndər Heydər Əliyev SSRİ-də yüksək vəzifəyə irəli çəkildi və Onun nəzarətində olan hər bir sahədə tərəqqi baş verdi. Moskvada işlədiyi zaman Heydər Əliyev ittifaq respublikalarının inkişafında da böyük xidmətlər göstərdi”.

Siyasi və dovlət xadimi, VII çağırış Belarus Milli Assambleyasıının Nümayəndələr Palatasının deputatı Tengiz Dumbadze çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Heydər Əliyevi şəxsən tanıdığı üçün fəxr etdiyini diqqətə çatdıran Tengiz Dumbadze Ulu Öndərin dahi şəxsiyyət kimi tarixdə iz qoyduğunu bildirib, Cənubi Qafqaz xalqlarının inkişafı istiqamətində xidmətlərini qeyd edib. Sovet ittifaqının dağılmasından sonra respublikaların ağır vəziyyətə düşməsindən danışan T.Dumbadze Azərbaycanın öz ayaqları üstündə durması və dövlət müstəqilliyini qoruması istiqamətində Heydər Əliyevin fəaliyyətinin yüksək qiymətə layiq olduğunu söyləyib.

Çıxış edən Tacikistan Respublikasının keçmiş xarici işlər naziri və BMT-dəki daimi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, Tayxe İnstitutunun professoru Rəşid Alimov Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfransa dəvət olunduğu üçün təşəkkürünü bildirib.

Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, müasir Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının, eləcə də ölkəmizin dünya birliyində mövqelərinin möhkəmləndirilməsinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dünyada tanıtmağı, ölkənin milli-mənəvi dəyərlərini, mədəniyyətini təbliğ etməyi, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağı əsas vəzifə kimi qarşıya qoymuşdu. Azərbaycan bütün beynəlxalq platformalarda Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini ifşa edib.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarına təşəkkürünü bildirib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər