Almaniyanın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı sərgilədiyi davranış siyasi-diplomatik etiket qaydalarına zidd idi. Bu, Avropanın nüfuzlu dövlətinin imicinə ciddi zərbə oldu. Alman nazirin Bakıda yalan bəyanatlar verməsi təəsSüflə qarşılandı. Sözsüz ki, bu, Azərbaycan-Almaniya münasibətlərinə də xələl gətirəcək.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Almaniyanın bundan sonrakı davranışları iki ölkə arasındakı münasibətlərin gələcəyinə aydınlıq gətirəcək:
“Almaniya kanslerinin prosesə yanaşması diqqətlə izlənilir. Fransanın təsiri altına düşən Almaniya öz keçmişini unudaraq hərəkət edir. II Dünya müharibəsində iki həftəyə Almaniya tərəfindən çökdürülən Fransa özünü tamam başqa müstəvidə aparır”.
Partiya sədrinə görə, Almaniya və Fransanın “davranışlarına”, sərgilədikləri mövqeyə rəğmən sülhlə bağlı ümidlər var:
“Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu istiqamətdə nikbin əhval-ruhiyyənin olduğunu bildirdi. Burada əsas məqam Nikol Paşinyanın davranışları və mövqeyi ilə bağlıdır. Çünki o, vermiş olduğu bəyanatları bir gün sonra təkzib edir. Görünür, ona edilən təzyiqlər fonunda belə bir reallıq yaranıb”.
Fəzail Ağamalı hesab edir ki, sülh sazişinin imzalanması eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması deməkdir:
“Azərbaycanla sülh əldə edilməsə, Ermənistan qapalı ölkə kimi qalacaq. Türkiyə ilə sərhədlərin açılması mümkün olmayacaq. Ona görə də bölgədə kommunikasiya xətlərinin açılması erməni tərəfi üçün əlverişli imkan deməkdir. Yeganə çıxış yolu, nəfəsliyi Rusiya olan Ermənistan indi bu ölkə ilə gərginlik yaşayır. Rusiyanın istənilən vaxt Gürcüstandan keçən yolu bağlamaq ehtimalı realdır. Beləliklə Ermənistana Rusiyanın qoşun yeritməsinə ehtiyac qalmayacaq. Nəfəsliyi bağlanan və iqtisadi blokada Ermənistanı çökdürəcək. Eyni zamanda Rusiyadan Ermənistana qaz nəqlinin dayanması və qiymətinin əhəmiyyətli dərəcədə artması da erməni tərəfi üçün açıq təhlükə deməkdir”.
Millət vəkili bildirib ki, belə ağır durumda Paşinyan üçün yeganə çıxış yolu Azərbaycanla sülh sazişi imzalamaqdır:
“Hər halda bununla bağlı Azərbaycan tərəfində ciddi informasiyalar var”.