Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Azərbaycan və Ermənistan sərhəd məsələsinin həlli prosesinin davam etdirilməsini razılaşdırdı. Burda da diqqətçəkən bir məqam odur ki, görüş sərhəddə vasitəçisiz olmadan baş tutdu. Sizcə, proses davamlı olsa, hansı zaman kəsiyində ortaq məxrəcə gələ bilərik?
- Sərhəd məsələsi – delimitasiya və demarkasiya vaxt tələb edən prosesdir. “Qısa müddət” anlayışını burada tətbiq etmək çətindir. Bəli, proses başlayıb, zənnimcə, uğurlu start götürüb. Bir sıra təşkilati məsələlər, işçi qrupunun tərkibinin və əsasnaməsinin hazırlanması, görüşlərin keçirilməsi qrafiki və sair haqda pozitiv razılaşma əldə olunub. Amma bu prosesin hansı zaman kəsiyində həllini tapacağını söyləmək çətindir. Bununla belə, tərəflərdə məsələni həll etmək üçün siyasi iradə hiss olunur, hər iki ölkə məsələnin tezliklə bitməsini istəyir. Bu da sülh müqaviləsinin ən mühüm dayaqlarından biridir. Prosesin irəli getməsi sülh müqaviləsinin təməlini daha da möhkəmləndirə bilər.
- Anklavlar məsələsi sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində həllini tapa bilərmi? Amma bir məsələ də var ki, Ermənistan təhvil verməli olduğu 8 kəndi qaytarmaqdan imtina edirmiş kimi bir mövqe sərgiləyir. Belə olan halda məsələ necə çözüləcək?
- Ermənistanın bu məsələ ilə bağlı müəyyən fikirləri ola bilər, amma imtina mövqeyi tutacağını düşünmürəm, verilən açıqlamalarda bu sezilmir. Ən azı Qazaxın 4 kəndinin anklav olmadığı, yəni sərhədə bitişik olduğu fikri ilə razılaşırlar. Eyni zamanda, Kərki ilə Başkəndi dəyişməsi təklif edirlər. Bu da mümkün deyil. Kərki Başkənddən 2.5 dəfə böyükdür. Digər ərazilərə gəlincə, əgər Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanıdıqlarını bəyan edirlərsə, Qazaxın 7 kəndi, üstəgəl, 1983-cü ildə otlaq adı altında alınmış 3 min hektarlıq ərazi də bura daxildir. Buna görə də, hansısa imtina, geri çəkilmə və ya dəbbələmə məsələsi olmamalıdır, olmayacaq da. Əks halda, bu, prosesin gedişatını ciddi şəkildə poza bilər.
- Sülh müqaviləsindən gözləntiniz nəcədir? Ermənistan iddia edir ki, imzalamağa çox yaxınıq. Vasitəçinin adı isə çəkilmir. Yəni bu məsələ vasitəçisiz həllini tapa bilərmi?
- Açığını deyim ki, sülh prosesinin vasitəçilərsiz həyata keçirilməsi bir qədər çətin ola bilər. Amma Qərb və Rusiyanın bu məsələdə öz iddiaları ilə çıxış etmələri ona gətirib çıxarsın ki, tərəflər prosesi öz aralarında, yaxud birbaşa davam etdirməyə səy göstərsinlər. Sülh müqaviləsi böyük siyasi sənəddir, ona görə də, bunun razılaşdırılmasında vasitəçi səyi tələb oluna bilər. Amma biz görürük ki, meyda atılan vasitəçilərin bir çox öz strateji maraqları uğrunda mübarizə aparırlar, nəinki Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alırlar. Buna görə də, düşünürəm ki, az ehtimalla sülh prosesi də vasitəçisiz həyata keçirilsin.
- Deyək ki, vasitəçi oldu, sizcə, kim ola bilər? Məsələn, ABŞ, Rusiya və Avropa Birliyindən hansının şansı daha yüksəkdir?
- Məncə, Rusiyanın vasitəçi olmaq şansı çoxdan itirilib. Rusiyanın bölgədəki maraqlarına müsbət yanaşan ölkə və ya ölkələr birliyi də yoxdur. Əksinə, Rusiyanın əndazəyə sığmayan ambisiyaların cilovlanmasına səylər göstərilir. Bu cəhdlər həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiyada edilir. Buna görə də, sülh müqaviləsinin Moskvada imzalanacağı variantına nikbin baxa bilmirəm. Yəqin ki, belə olmayacaq.
- Bəs vasitəçilikdə israr edən və fəallığını artıran ABŞ necə olacaq?
- ABŞ bir müddət erməni lobbisinin təsiri altında rəngləri qarışdırdı, Azərbaycana qarşı yanlış mövqe sərgilədi. Üstəgəl, Amerikadan Azərbaycanı təhdid edən bəyanatlar verildi. Amma dövlət katibi Blinkenin Prezident İlham Əliyevə zəngindən sonra görünür ki, gərginlik aradan qaldırılır.
Amerikanın artan iştahı göstərir ki, Vaşinqton fürsəti heç Brüsselə də vermək istəmir, nəinki Rusiyaya. Amerikalılar sülh müqaviləsinin Vaşinqtonda imzalanmasına çalışa bilərlər. Konstruktiv və ədalətli olacaqlarsa, bunda ziyanlı bir şey görmürəm. Amerika artıq anlayır ki, Ermənistanın birtərəfli qaydada müdafiə edilməsi təkcə sülh prosesinə yox, həm də onun post-sovet məkanındakı nüfuzuna ciddi zərbə vura bilər. Buna görə də, son zamanlarda sülh prosesinə yanaşmada daha ehtiyatlı davranmağa başlayıb.