16 Dekabr 2023 14:32
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin imzalamış olduğu Sərəncamla gələn il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı Zəfər platformasında baş tutacaq növbədənkənar prezident seçkilərinin böyük çoşqu və ruh yüksəkliyi şəraitində keçiriləcəyi şübhəsizdir. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir. Məhz 2024-cü ildə baş tutacaq növbədənkənar prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutacaq.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yeni reallıq formalaşdırıb: “Bu mənada gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir. Cənab Prezident İlham Əliyevin verdiyi bütün qərarlar Azərbaycan xalqının maraqlarına və mənafeyinə xidmət edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda tarixinin ən qüdrətli və parlaq dövrünü yaşayır. Bu baxımdan da növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında verilmiş Sərəncam Prezident İlham Əliyev tərəfindən atılmış növbəti uğurlu və mütərəqqi bir addım kimi ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olacağı şübhəsizdir. Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövründə ölkəmiz olduqca böyük uğurlara imza atıb. Bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib”.

Millət vəkilinə görə, Prezident İlham Əliyevin liderliyi, qətiyyəti sayəsində Azərbaycan artıq regional və beynəlxalq səviyyədə təşəbbüskar ölkəyə çevrilib: “Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, Qoşulmama Hərəkatının sədri seçilməklə dünya miqyasında özünün təşəbbüskar və idarəetmə prinsiplərini ortaya qoymuş ölkə kimi böyük şöhrət qazanıb. Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan Azərbaycan bu gün qalib ölkə kimi bir çox platformalarda vacib təşəbbüslərin müəllifidir. Bu təşəbbüslər sülhə sabitliyə, əməkdaşlığa xidmət vetməklə yeni dövrün çağırışlarını şərtləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin mahiyyətinin nəticəsi olaraq Azərbaycan dünyada günü-gündən inkişaf edən, çiçəklənən və vacib etibarlı tərəfdaş mövqeyinə sahib olub. Bu kontekstdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşməklə yanaşı Azərbaycanın qarşıya qoymuş olduğu hədəflərin reallaşmasına, ölkəmiz üçün yeni üfüqlərdə inkişafına başlıca zəmin hesab olunur. Sözsüz ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa olunmaqla müasir tariximizin ən parlaq səhifəsi açılıb. Şanlı üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin seçkilərlə bağlı qərarı özünə, xalqın dəstəyinə inamın, əminliyin başlıca təzahürüdür”.

Təftiş Komissiyasının sədri, bu mənada dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasının 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakla bağlı olduğunu söyləyib: “2023-cü il ölkəmizdə Ulu Öndər Heydər Əliyev ili kimi qeyd olunur. Bu il sözsüz ki, müasir Azərbaycan tarixində çox mühüm əlamətdar hadisələrlə yadda qalıb. Ərazi bütövlüyümüzün tam təmin olunması fonunda bütün ölkə hüdudları daxilində konstitusiya quruluşunun bərqərar edilməsi suverenliyimizin bərpası olduqca mühüm və tarixi hadisə oldu. Ulu Öndərin anadan olmasının 100-cü ildönümündə Onun qurub-yaratdığı dövlətin bu qədər güclənməsi qürurvericidir. Eyni zamanda cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin kecirilməsinin təyin olunması da xüsusi önəmə malikdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıb. Dövlətimizin və xalqımızın qarşısında ən ümdə vəzifə olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub. Prezident İlham Əliyev həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq müasir, suveren, bütöv Azərbaycan qurulub. 30 il torpaqlarımızın erməni işğalı altında qalması fonunda Azərbaycan xalqının yeganə arzusu bu işğala son qoyulması, tarixi ədalətin bərpası, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörənliyi ilə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqlarının erməni işğalından azad olundu. Bu ilin sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri ilə ölkəmizin konstitusiya quruluşu və suverenliyi təmin edildi. Artıq ölkəmizin qarşısında duran başlıca hədəf sülh və əməkdaşlığı, qarşılıqlı əlaqələri, təhlükəsizliyin fundamental əsaslarla təminatını əhatə edir. Artıq Azərbaycan üçün yeni bir dönəm başlayıb, Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq-bərpa işləri həyata keçirilir. Keçmiş qaçqın və məcburi köçkünlərin qısa zamanda öz dogma torpaqlarına, ata-baba yurdlarına qayıtması və orada əbədi sülh, təhlükəsiz və rifah şəraitində yaşaması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımlar atılır”.

Sevinc Hüseynova hesab edir ki, hər zaman qatıldığı seçkilərdə xalqın geniş dəstəyini qazanmış Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qarşıdakı prezident seçkilərində də böyük əzmlə iştirak qərarı verib: “2024-cü ilin 7-i fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində YAP cənab İlham Əliyevin namizədliyi ilə qatılmaqla növbəti tarixi uğura imza atmağa əmindir. Cənab Prezident İlham Əliyevin misilsiz xidmətləri, Müzəffər Ali Baş Komandan olaraq Azərbaycan xalqının bütün ümidlərini doğrultması fonunda Onun qatılmış olduğu seçkilər ölkə tarixində mühüm bir hadisə olacaq. Hər zaman olduğu kimi YAP özünün sosial bazasına güvənərək seçkiyə qatılmaqla bu siyasi mübarizədən də qələbə ilə çıxacağına inanır. Xalqımızın Zəfər Seçkilərində də vətən müharibəsində olduğu kimi birlik, həmrəylik nümayiş etdirəcəyi şübhəsizdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər