11 Yanvar 14:38
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki fransız diplomatın persona-non-grata elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü “casus qalmaqalı”na dair yeni təfərrüatlar məlum olub.

Teleqraf.com “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” nəşri bildirib.

Əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycan xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər Nazirliyi də bununla bağlı gözləmə mövqeyi tutmuşdu.

Lakin daha sonra məlum olub ki, artıq ötən il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan bu “diplomatlar”la əlaqəsi olub.

Nəşrdə o da qeyd olunub ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan M. Rayan 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub. M.Rayan heç bir siyasi fəaliyyətlə məşğul olmayıb:
“Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. M.Rayan səfirliyin iki əməkdaşı - “Frederik” və “Loran”la isti, hətta mehriban münasibətlər saxlayırdı. Amma onlar 2023-cü ildə Bakını tərk ediblər. “Loran”ı əvəz edən “Andre” onunla görüş istəyib. Görüş zamanı “Andre” M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verib”.

Məqalədə vurğulanıb ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib: “Başqa sözlə, söhbət yalnız passiv deyil, həm də aktiv əməkdaşlıqdan gedir”.

“Bu qarşılıqlı inamsızlıq mühitində Martin əmin olub ki, səfirliyin nümayəndələri onu təhlükəli oyunlarında sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar”, - məqalə müəllifi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları iki diplomatı, o cümlədən “Andre”ni şahid qismində dindirmək istəyib: “Lakin bundan imtina edildiyinə görə, onların hər ikisi ölkədən çıxarılıb”.

“Görünən odur ki, fransız “diplomatlar” Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) hesabat veriblər... Onların kimliyi açıqlanmayıb. Ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib, amma o, DGSE agenti olmayıb”, - “L’Opinion” nəşrində qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər