19 Yanvar 09:48
3 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, Azərbaycan Prezidentinin İrəvan və Zəngəzurla bağlı dediyi fikirlər Ermənistan tərəfindən fərqli şəkildə qəbul edilib. Nikol Paşinyan bunu az qala Ermənistana ərazi iddiası kimi şərh edib. Sizcə, real tarixi faktlardan bəhs edərkən bunu ərazi iddiası ilə eyniləşdirmək nə dərəcədə məntiqlidir?

- Ölkə Prezidentinin yerli telekanallara vermiş olduğu müsahibədə haqqa, ədalətə, tarixi arqumentlərə söykənərək söyləmiş olduğu fikirlər mühüm önəm kəsb edir. Azərbaycan-Ermənistan münasibətləri, vaxtilə ölkəmizə qarşı aparılan işğal siyasəti ilə bağlı ətraflı məlumat verildi. Azərbaycan Xalq Cumhuriyyəti dövründən bəri torpaqlarımızın ermənilərə güzəştə gedilməsi tarixi faktlar kimi qeyd edildi. Ona görə Nikol Paşinyanın nə deməsindən asılı olmayaraq həmin torpaqlar Azərbaycanın tarixi əraziləridir. Həmin o torpaqlarda doğulan və 18 yaşa qədər orada yaşayan bir şəxs kimi deyə bilərəm ki, Zəngəzurda və onun ətrafındakı çəmənlik, bulaqlar, dağlar-dərələrin hamısı Azərbaycan türkcəsində adlanırdı. O torpaqlarda ermənilərin zərrə qədər izi yox idi. Sonradan o kəndlərdə dəyişiklik edilsə də, ermənilər tarixi izləri silə bilmədilər. Çünki o torpaqlarda bizim ulu babalarımız uyuyur. Biz o torpaqlara sözsüz ki, qayıdacayıq. Ora hansı formada qayıdacağımızı isə tarix göstərəcək.

- Ermənilərin əsassız iddialarına qarşı tarixi faktlar hansı məqamlara işıq salır?

- Erməniəsilli tarixçilər, politoloqlar da etiraf etməyə başlayıblar ki, o torpaqlar Azərbaycana məxsusdur. Ermənilərin bu ərazilərə XIX əsrin əvvələrindən başlayaraq ruslar tərəfindən köçürüldüyü deyilir. Ruslar erməniləri köçürdükləri ərazilərdə erməni vilayəti daha sonra quberniya yaratdılar. Bunun ardınca isə Ermənistan dövlət yaratmağa nail olublar. Amma tarixi inkaredilməz faktlar odur ki, İrəvan da daxil olmaqla Ermənistanın bütün ərazisi Azərbaycanın tarixi torpaqlarıdır.

- Qədim İrəvan şəhərini ermənilərə güzəştə getməyə vadar edən səbəb nə idi?

- 1918-ci ildə Cənubi Qafqazda yeni dövlətlər yarandıqda Azərbaycan Xalq Cumhuriyyətinin baniləri Ermənistan dövlətinin yaranmasında ermənilərə kifayət qədər kömək ediblər. İrəvan şəhəri ermənilərə dövlət yaratmaları üçün paytaxt kimi güzəştə gedilib. Eyni zamanda bu şəxslər digər Azərbaycan torpaqlarının da ermənilərə güzəştə gedilməsində rol oynayıb. Bu, tarixi faktlardır. Kimin nə deməsindən asılı olmayaraq bu belədir.

- 1969-cu ilə qədər hansı ərazilər ermənilərə güzəştə gedilib?

- 1918-ci ilin mayın 29-da “Ararat Respublikası” yaradıldıqda onun ərazisi 9 min kv km olub. Keçmiş sovet hökuməti isə 20 min kv km ərazini Azərbaycan xalqının rəyini nəzərə almadan ermənilərə “hədiyyə” edib. Beləliklə, 29 min kv km-lik əraziyə malik bir Ermənistan yarada bildilər. Ovaxtki Azərbaycan rəhbərlərinin məsuliyyətsizliyi və yol verdikləri tarixi cinayətlər ucbatından 9 min kv km-lik bir əraziyə malik olan Ermənistan 1969-cu ilin iyuluna, yəni ulu öndər Heydər Əliyev hakimiyyətinə gəlişinə qədər Azərbaycan torpaqları hesabına 29 min kv km-lik bir əraziyə sahib oldu. Məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra bunun qarşısı alındı.

- Tarixi ərazilərimizlə bağlı faktların gündəmə gətirilməsi həm də açıq mesaj kimi qəbul edilir...

- Artıq Prezident İlham Əliyev tərəfindən tarixi həqiqətlər gündəmə gətirilir. Azərbaycan cəmiyyətənə bu istiqamətdə mesajlar verilir. Bir daha gənc nəslə aşılanır ki, bizim tarixi ərazilərimiz necə formalaşıb. Digər tərəfdən də Ermənistana açıq mesaj verilir ki, o torpaqlar Azərbaycana məxsusdur. Ermənistan müharibədə məğlub olub. Rəsmi Bakı qalib olmasına baxmayaraq Ermənistana sülh təklif edir. Ona görə də, erməni tərəfi bu şansdan mümkün qədər yararlanmalıdır.

- Sülh, Zəngəzur dəhlizi və 8 kəndin qaytarılması ilə bağlı hazırkı müstəvidə olan danışıqların nəticəsiz qalması fonunda necə bir mənzərə yarana bilər?

- Ermənistana sülh lazım deyilsə, bu, Azərbaycana heç lazım deyil. Prezident İlham Əliyevin məqsədi Cənubi Qafqazda qalıcı sülhün təmin olunmasıdır. Regionda canlanma, əməkdaşlıq, inkişaf üçün sülh konsepsiyası irəli sürülüb. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Hələ də işğalda qalan 8 kəndin geri qaytarılması isə an məsələsidir. Ermənistan ona edilən xəbərdarlıqdan nəticə çıxartmasa, Azərbaycan Ordusu sözünü deyəcək. Bununla da həmin kəndlər geri qaytarılacaq. Zəngəzur dəhlizinin açılması istiqamətində də real addımlar atılmalıdır. Ermənistan bu dəhlizlə bağlı ənənəvi mövqedən çıxış edəcəyi təqdirdə ölkə başçısının da vurğuladığı kimi onlar üçün heç bir çıxış yolu qalmayacaq. Beləliklə, Ermənistan növbəti dəfə blokada şəraitində qalmalı olacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər