Politoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Prezident İlham Əliyev Türkiyəyə səfərində bildirdi ki, türk dünyasının birləşməsi hər bir türk dövlətini gücləndirəcək. Azərbaycan lideri bundan əvvəl də demişdi ki, bizim başqa ailəmiz yoxdur - bizim ailəmiz türk dünyasıdır. Əliyevin bu mesajlarını necə izah etmək olar?
- Güc birlikdədir. Bir olarsınızsa, yaradılışın qayəsinə uyğun olaraq, həm adil, həm də güclü olarsınız. Bu da sizin öz ayaqlarınızın üstündə durmağınıza və bütün şər qüvvələrinə qarşı birlikdə mübarizə aparmağınıza imkan yaradar.
“Türklər bir ailədir” ifadəsi “əvvəlcə evin içi, sonra çölü” siyasətinə uyğundur, doğrusu da budur. Buna görə də, əvvəlcə evin içi tənzimlənməlidir. Yəni evin içində bir olmalı, anlaşmalı, bir yumruq-bir ürək kimi vurmalıyıq. Bundan sonra bir güc, həm də ədalətli güc mərkəzi kimi dünyaya nizam verməyə başlaya bilərik. Dediyim kimi, bu da evin içindən başlayır. Ona görə də, prezidentin bu yanaşması ən doğrusudur, bu, doğru siyasətdir.
Düşünürəm ki, Orta Asiya ölkələri də bunu doğru anlasalar, bu, burunlarını həm Orta Asiya, həm Türkiyə, həm də Cənubi Qafqaza soxmaq istəyənlərə bir dərs olar. Bu durumda qardaş ölkələrdən birinin daxili işlərinə qarışmaq cəhdləri olarsa, bütün türk dünyasını qarşılarında görəcəkləri də nəzərə alınacaq. Bu, hər kəsin ibrət alacağı siyasət və fəlsəfədir.
- Orta Asiyanın türk cümhuriyyətləri inteqrasiyanın dərinləşdirilməsinə necə baxacaqlar? Məsələn, bu məsələ neytral olduğunu bildirən Türkmənistan, Çin və Rusiya ilə yaxın əlaqələrdə olan Qazaxıstan, eləcə də xarici siyasəti birmənalı olmayan Qırğızıstanla necə həll olunacaq? Özbəkistana gəlincə, bu ölkənin adı çəkilənlərlə müqayisədə türk birliyinin gücləndirilməsində daha maraqlı olduğu görünür.
- Bu, tədrici prosesdir. Azərbaycanın Qarabağ zəfəri və ərazi bütövlüyünü təmin etməsi, bütün türk cümhuriyyətləri üçün örnək götürüləsi dərs oldu. Anladılar ki, özlərinin təhlükəsizlik sistemlərini təkcə hərbi yox, həm də iqtisadi, mənəvi, mədəni – hər cəhətdən bir ailə içində qurmaq doğrudur. Çünki istər Çin, istər Rusiya, istərsə də Qərbin təhlükəsizlik sistemləri bu türk cümhuriyyətlərinin təhlükəsizliklərini təmin edəcək qədər ədalətli deyil. Hər təhlükəsizlik sisteminin özünün geosiyasi və geoiqtisadi maraqları var. Bu sistemlər istismar etdikləri ölkələrin güclənməsini istəmirlər.
Ortada təcrübə də var. SSRİ dağıldıqdan sonra müstəqil olan cümhuriyyətlərin ərzilərində süni şəkildə etnik münaqişələr yaradıldı. Rusiya bu illər ərzində Cənubi Qafqaz və Orta Asiyadakı bu münaqişələrin həllinə imkan vermədi. Çünki Rusiya üçün özünün yaratdığı bu münaqişələri həll etmək yox, bunları saxlamaq və idarə etmək daha uyğun idi.
Baxın, türk birliyi – Türk Dövlətləri Təşkilatı güclənməyə başladıqdan sonra Qırğızıstan və Tacikistan arasında münaqişə dayandı. Sərhədlərin delimitasiya-demarkasiyası yekunlaşmaq üzrədir. Özbəkistan-Qırğızıstan ərazi münaqişəsi birdəfəlik həll olunub. Özbəkistan güzəştə getmək hesabına bu məsələni bitirdi. Bu məsələ Azərbaycan və Türkiyənin birgə səyləri ilə həll edildi. Azərbaycan və Türkiyə bu ölkələrə daha böyük mənzərəyə baxmağı tövsiyyə etdilər, onlar da anladılar ki, belə münaqişələr ancaq Rusiya imi imperialist dövlətlərin işlərinə yarayır.
Türk birliyinin alternativinin olmadığı bütün türk cümhuriyyətlərinə bəllidir. Məsələn, Özbəkistan inteqrasiya prosesinə daha sürətlə qoşulacaq və bu yöndə qərarlar verəcək. Əlbəttə, Türkmənistan və Qazaxıstan müəyyən tərəddüdlər edəcək, amma bunun alternativinin olmadığı onlara aydındır, eləcə də Qırğızıstana... Türkiyə-Azərbaycan birliyi və bu fonda Türk Dövlətləri Təşkilatı gücləndikcə, digər türk cümhuriyyətləri daha da yaxına gələcəklər.
- Qarşıya qoyulan hədəflərə çatılsa, Türk Dövlətləri Təşkilatı və ya birliyi qlobal geosiyasi rəqabətdə çəkindirici güc mərkəzinə çevrilə bilərmi? Türk dünyasının bunun üçün potensialı nə qədərdir?
- Prezident İlham Əliyev türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə belə bir cümlə işlətdi: Türkiyə-Azərbaycan birliyi bu gün Avrasiyada çox önəmli geosiyasi amildir. Yəni bu faktor Avrasiyada proseslərə hərəkət və ya təkan verəcək güc mərkəzlərindən birinə çevrilib. Bir də bu birliyə qoşulan Orta Asiyanın türk cümhuriyyətləri var, söhbət 350 milyonluq bir gücdən gedir. Bu birlik Avrasiyanın mərkəzi olacaq. Avrasiya kim hökmran olacaqsa, dünyaya yön verən də o olacaq. Bu gəlişmə tarazlığı türk dünyanın xeyrinə dəyişəcək.