Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycanın ekologiya və təbii sərvətləri naziri Muxtar Babayevi ölkənin bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Sessiyasına (COP29) sədrlik edəcəyi münasibətilə təbrik edib.
Teleqraf.com bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
"Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Alim Bayel 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək COP-29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransına Azərbaycanın cari ildə sədrlik etməsi münasibətilə Muxtar Babayevi təbrik edib", - səfirliyin məlumatında deyilir.
Qeyd olunub ki, M. Babayev öz növbəsində,COP-29-un miqyasa və iştirakçıların sayına görə Azərbaycanda bu günə qədər keçirilən ən iri tədbirlərdən birinin olacağını qeyd edərək, tədbirə hazırlıq prosesi haqqında danışıb.
Tərəflər “yaşıl” diplomatiyanın inkişaf perspektivlərini müzakirə ediblər, qlobal və regional ekoloji gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, ikitərəfli görüş zamanı tərəflər regionda iqlim dialoquna dəstək verilməsinə istiqamətlənən Qazaxıstanın bir sıra təşəbbüsləri müzakirə ediblər. Tərəflər həmçinin müxtəlif heyvan növlərinin introduksiyası və reintroduksiyası sahəsində əməkdaşlığın qurulması barədə razılığa gəliblər.
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək