17 Aprel 14:18
6 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələr davam edir. Sülh sazişinə tezliklə nail olmaq olar. Ermənistan səmimi olaraq addımlar atsa, sülh istəsə, bu mümkündür. Fakt isə odur ki, erməni tərəfi beynəlxalq ictimai rəyi aldatmaq üçün yalançı danışıqlar aparmaq niyyətindədir. Qarşı tərəf sadəcə olaraq zaman qazanmağa çalışır. Beynəlxlaq ictimaiyyətin də fikri yanlış istiqamətə yönəldilir.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili Ermənistana havadarlıq edən Fransanın son davranışlarının da mahiyyətinin buna xidmət etdiyini söyləyib:

“Parisin bütün hərəkətləri erməni diasporasının istəkləri ilə bağlıdır. Erməni diasporası sülh istəmir. Onlar bölgədə faciənin olması fonunda çirkli məqsədlər üçün maliyyə toplamaq niyyətindədir. Uydurma soyqırımı mahnılarını oxuyaraq böyük pullar əldə etmək istəyirlər. Fransada seçki ili olduğuna görə, erməni diasporasının bütün istəklərini həyata keçirmək üçün əl-ayağa düşüb”.

Deputat İsrail-İran qarşıdurması fonunda regionda gərgin ab-havanın hökm sürdüyünü bildirib:

“Azərbaycan bu gün bölgədə sabit ölkədir. Ölkəmizin öz Silahlı Qüvvələri, çox güclü hərbi müttəfiqi olan qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi faktoru mövcuddur. Ona görə də, Azərbaycanın təhlükəsizliyi üçün hansısa ciddi təhdidlər ola bilməz”.

Asim Mollazadəyə görə, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər pis ssenari üzrə inkişaf edir:

“Bunun da əsas səbəbi beynəlxalq hüquq normalarının olmaması, beynəlxalq təşkilatların acizliyi ilə bağlıdır. Fakt odur ki, kim güclüdürsə, oyunları o idarə edir. Ermənistan üzərində qurulan oyunlar da bu qəbildəndir. Amma Ermənistan Azərbaycan üçün hansısa ciddi problem yarada bilməz. Azərbaycan dəfələrlə nümayiş etdirib ki, Ermənistan ordusu ilə lazım olarsa, 24 saata bütün problemləri həll edə bilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər