Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəvi xarakter alıb. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə ardıcıl toplantıların keçirilməsi də bu xüsusda qeyd edilməlidir. ADA Universitetində təşkil olunan bu dəfəki beynəlxalq forum “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda həsr olunub. Bu bir reallıqdır ki, COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində bu cür beynəlxalq forumların keçirilməsi olduqca önəmlidir.
Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev toxunduğu məsələlər vacib istiqamətləri əhatə edib: “Cənab Prezident Azərbaycanın COP29-a sədrliyinin təxirəsalınmaz məsələlərin həllinə qlobal miqyasda töhfə vermək baxımından vacib amil olduğunu söyləyib. Müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandıran Prezident İlham Əliyev Cənubi Qafqaz, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı xarakteri, qlobal miqyasda qarşıya çıxan mövzulardan bəhs edib. Qardaş Türkiyə ilə müttəfiqlik Bəyannaməsi fonunda Türkiyə-Azərbaycan birliyinin regional təhlükəsizliyin və sabitliyin başlıca təminatçısı olduğu faktoru önə çəkilib”.
Millət vəkili bildirib ki, ölkəmizin başçısı Azərbaycanla Türkiyə arasında olan mövcud sarsılmaz bağlar fonunda Ermənistanın hər iki ölkə ilə münasibətləri paralel şəkildə təmin etməsinin başlıca şərt olması faktını qəbul etməlidir:
“Prezident qeyd edib ki, “Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”. Eyni zamanda COP29-un Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçn yaxşı fürsət yaradacağı amili də vurğulanıb. Cənab Prezident bildirib ki, “İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”.
Deputat Azərbaycan-Ermənistan sərhədlərin delimitasiyası, Qazaxın dörd kəndinin dinc yolla qaytarılması, sülh müstəvisində aparılan müzakirələrin də bu forumda diqqət mərkəzində olduğunu söyləyib: “Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ölkəmizin artan nüfuzundan, regional və qlobal miqyasda formalaşmış reallıqdan xəbər verir. Məhz COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə qlobal miqyasda olan inam və etimaddan qaynaqlanan başlıca amildir. Özünün beynəlxalq miqyasda tanınan qəbul edilən ərazi bütövlüyü təmin etmiş Azərbaycan bu gün sülh tərəfdaşı olduğunu bəyan edir. Cənab Prezident də bildirib ki, “Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”.