Azərbaycanla Ermənistan arasında sülh prosesinin uzanmasına səbəb olan amillərlə bağlı fərqli fikirlər səslənir. Əslində sülhün uzanması Azərbaycan üçün o qədər də narahatçılıq yaratmır. Çünki Bakı özü üçün minimum proqramı həyata keçirib. Bundan sonra olan məsələlər Ermənistanın taleyi ilə bağlıdır.
Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, sülh nə qədər uzanacaqsa, Ermənistanda bu iş daha da çətinləşəcək:
“Revanşistlər hər zaman bunu bəhanə edib hakimiyyəti təzyiqdə saxlayacaq. Bu xüsusda Nikol Paşinyanın konstitusiya ilə bağlı dəyişikliyi daxili iş adlandırması da təbiidir. Azərbaycanın tələbi və diktəsi ilə bunu etmək Ermənistanda birmənalı qarşılanmaz. Bu əks reaksiya doğura bilər. Yəqin ki, zaman etibarı ilə Paşinyan bu addımı atacaq”.
Partiya sədri hesab edir ki, Paşinyanın bu niyyəti əslində Ermənistanı xilas etmək üçün atılmış addım olar bilər:
“Çünki bu ölkənin xilası işğalçı zehniyyətdən azad olmaqla bağlıdır. Bütün hallarda bu məsələlər Azərbaycan üçün daha az narahatlıq doğurur. Təbii ki, bölgədə sabitliyin olması vacibdir. Müharibə riski olmadan, yolların, kommunikasiyaların açılması arzuolunandır”
Fazil Mustafa bildirib ki, 30 il pis vəziyyətdə olan tərəf Azərbaycan idi:
“Amma indi bizim vəziyyətimiz 5 il öncəki durumdan tamamilə fərqlidir. Ona görə də, bu məsələlərdə tələsən tərəf Ermənistan olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətləri nizama salmadan bunu etmək çətin olacaq. İlk növbədə ərazi iddiaları məsələsinə baxılmalıdır. Əks halda Ermənistanın taleyi heç də xoşagələn vəziyyətdə olmayacaq. Bu baxımdan məsələyə daha ağıllı və düşünərək yanaşmağa ehtiyac var”.