10 İyul 19:58
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşünün sülh müstəvisində aparılan danışıqlara təsiri olacaqmı? Bəlli zaman tərəflər ancaq qarşılıqlı olaraq yazışmalarla mövqelərini ifadə edib. Sizcə, bu görüş prosesi qaldığı nöqtədən tərpədə biləcəkmi?

- Sözsüz ki, belə bu görüş çoxdan gözlənilirdi. ABŞ davamlı olaraq Azərbaycanla Ermənistan arasında baş verənlər, sülh prosesi ilə bağlı bəyanatlar verir. Amerika son yüz ildə bölgə ilə bağlı siyasətində 1918-20-ci illərdən sonra ilk dəfə Cənubi Qafqaza bu qədər diqqət ayrılır. Faktiki olaraq hər ay ABŞ Dövlət Departamentinin nümayəndələri bölgəyə səfərlər edir. Azərbaycan və Ermənistan tərəfi ilə müzakirələr apararaq proseslərdə əsas rol oynamaq istəyir. ABŞ Dövlət Departamentinin Azərbaycana müəyyən mənada təzyiqləri də son həftələrdə hiss edilirdi.

- Ağ ev rəsmi Bakıdan bu təzyiqlər fonunda nəyi qoparmağa çalışır?

- Burada Azərbaycanın Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına razılıq verməsi, eyni zamanda Zəngəzur dəhlizinin açılması qarşılığında tez bir zamanda sülh müqaviləsinin imzalanması kimi bəyanatlar yer almışdı. Sözsüz ki, Zəngəzur dəhlizinin açılması təkcə ABŞ-nin istəyindən asılı olan bir məsələ deyil. Burada Ermənistan özü də prinsipiallığını ortaya qoymalı idi. Amma digər sərhəd məsələsində razılıq da var idi.

- ABŞ Dövlət Deapartamentinin sülh prosesində hər iki tərəfə eyni müstəvidən yanaşmaması halı da var ...

- Ceyms Obrayna (ABŞ dövlət katibinin köməkçisi) yaxın olan qüvvələr tərəfindən müxtəlif qaynaqlardan əldə edilən məlumatlara görə Qarabağdakı ermənilər, Qarabağ erməniləri, onların hazırda Ermənistandakı yaşayışı ilə bağlı “hesabatlar” hazırlanır. Ötən həftə beynəlxalq təşkilatlardan biri həmin “hesabatı” yaydı. Bu sözsüz ki, yenə də hər zamankı kimi qərəzli idi. Bunun fonunda Obraynın Bakıya səfərindən sonra belə bir “hesabatın” yayılması diqəti cəlb edirdi. Burada “Human Rights” və digər təşkilatlar da həmişə olduğu kimi ABŞ Dövlət Departamentinin əmrlərini yerinə yetirməklə məşğuldur.

- Azərbaycanın NATO sammitində iştirakı ilə bağlı tərəddüdləri bununla izah oluna bilərmi?

- Hər halda Azərbaycan nümayəndəsinin NATO sammitində iştirak üçün Vaşinqtona gedib-getməmək məsələsi var idi. Sadəcə olaraq son bir gündə verilən bəyanatla mətbuata açıqlama verildi ki, bu səfər baş tutacaq. Hərçənd Ermənistan xarici işlər naziri bir neçə gün öncə bəyan etmişdi ki, o NATO sammitində çıxış edəcək.

- ABŞ-nin sülhlə bağlı israrlı davranışına qarşı Bakının əsas tələbi nədən ibarətdir?

- Ağ ev bilməlidir ki, sülh üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi əsas şərtdir. Hansı təzyiqlər olur-olsun Azərbaycan özünün prinsipial xəttindən imtina etməyəcək.

- Bir çox hallarda sülh üçün Bakının şərtlərinin ağırlığı gündəmə gətirilir. Bu nə dərəcədə məntiqlidir?

- Sülhün imzalanması vaxtı uzanacaqsa şərtlər çox olacaq. Vaxtın uzanması şərtlərin də genişlənməsinə gətirib çıxaracaq. Burada daha bir şərt Qərbi Azərbaycanlıların qayıdışı məsələsi ola bilər. Qərbi Azərbaycanlıların tarixi torpaqlarına indiki Ermənistana qayıdışı məsələsi yeni konstitusiyada hansısa formada öz həllini tapması da mümkündür. Eyni zamanda bununla bağlı ilkin mərhələdə Ermənistan siyasətçiləri bəyanatlar verə bilər. Bu da əsas şərtlərdən biri kimi masaya qoyulacaq. Eyni zamanda Ermənistanın indiki konstitusiyası ilə danışıqları davam etdirmək mümkün deyil. Çünki bu nəticəsiz olacaq. Ona görə də, vaxt Ermənistanın əleyhinə işləyir.

- Erməni tələbi bu arqumentlərə qarşı nə dərəcədə adekvat reaksiya verir?

- Nikol Paşinyan hazırda vaxtın uzadılması ilə məşğuldur. O, 2027-ci il üçün konstitusiyaya dəyişikliklərlə bağlı hökumətə vaxt verməyib. Çünki o gözəl bilir ki, bu ilin noyabrında dünyada vəziyyət dəyişə bilər. Belə olan halda Ermənistanın geosiyasi mövqeyində dəyişiklik baş tutacaq.

- Azərbaycan əsilli Məsud Pezeşkiyanın İranda hakimiyyətə gəlməsi qonşu dövlətlər və regiona üçün nə vəd edir?

- Pezeşkiyanın hansı siyasət aparacağını zaman göstərəcək. Amma o tam olaraq siyasi elitanın üst kürsüsündə yer almadığı vaxtlarda Qarabağla, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatlar səsləndirən bir şəxs olub. Əgər İran və türk maraqlarından gedirsə o erməni məsələsini kənara atmalıdır. Yeni İran prezidenti bilməlidir ki, Azərbaycan-İran münasibətlərində erməni mövzusu iki tərəf arasında əsas problemdir. 30 il ərzində İranın hansı siyasət yürütdüyü heç kəsə sirr deyil. Ümid edək ki, Pezeşkiyan daha sağlam məntiqlə məsələlərə baxa biləcək. Bunun üçün ona böyük ümidlər və inam var.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər